Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Ermənistan nümayəndə heyətinin növbəti görüşdə iştirak formatı ilə bağlı mübahisə ediblər.
Mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin mayında Minskdə keçiriləcək növbəti iclasında distant formatda iştirak edəcəyini bildirməsindən sonra başlayıb.
"Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Sizi gətirəcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətinizi biz gətirərik", - Lukaşenko bildirib.
Paşinyan buna cavab olaraq deyib ki, bu barədə artıq bəyanatla çıxış edib və o, qüvvədədir.
"Hesab edirəm ki, bu, məsələləri müzakirə etmək üçün düzgün format deyil. Siz bu məsələyə toxundunuz və mən dərhal reaksiya verməli idim ki, heç bir anlaşılmazlıq olmasın", - o əlavə edib.
Qeyd edək ki, Ermənistanın baş naziri bundan əvvəl koronavirusa yoluxduğu üçün indiki Aİİ sammitində videoformatda çıxış edib.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın koronavirus səbəbindən MDB-nin və Aİİ-nin iclasında iştirak etməməsi bəhanədir:
"Əslində Paşinyan bunu ilk dəfə etmir. Daha öncə də bənzər formada bəhanələr irəli sürmüşdü. Faktiki olaraq ölkə başçısının koronavirusa yoluxması üçün gərək həmin ölkədə ciddi mənada epidemiya olsun. Ermənistanda isə virusa yoluxma göstəriciləri çox aşağıdır. Digər tərəfdən Belarus Prezidentinin bu mövqeyi təkcə Nikolun özü ilə bağlı deyil. Əvvəla, Lukaşenko Putinin ağzı ilə danışan sayılı şəxslərdən biridir. O və onun kimi digərləri Putinin deyə bilmədiyi fikirləri səsləndirirlər. Eyni zamanda Belarusla Ermənistan arasında bir gərginlik var. Bu, bir neçə ildir ki, xüsusilə davam edir. Ona görə ki, Ermənistan tərəfi əvvəllər Belarusu ittiham edirdi. Başlıca səbəbi isə KTMT-nin 44 günlük müharibə zamanı Ermənistana yardım etməməsidir. Paşinyan KTMT-ni günahlandıranda ona ilk cavab verənlərdən biri də Lukaşenko oldu. Belarus Prezidenti qeyd etmişdi ki, KTMT Ermənistanı müdafiə etmək məcburiyyətində deyil. Həmçinin Ermənistan Azərbaycan ərazilərini işğal edib".
Politoloqun fikrincə, Lukaşenkonun ölkəmizlə bağlı mövqeyi hər zaman daha ön planda olduğu üçün Ermənistan bundan narazı olub:
"Paşinyanın Qərbpərəst mövqeyi Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib. O, təbii olaraq Ermənistanı və Nikolu Qərbə işləyən agent kimi görür. Buna baxmayaraq Belarus və Ermənistan münasibətlərində köklü münaqişə olmayacaq. Bu məsələ hələlik ölkə başçıları səviyyəsində gedən sözlü ittihamlardan ibarətdir. Ümumilikdə isə Belarusla Ermənistan əlaqələri ən azı Azərbaycan qədər köklü tarixə malikdir".