Pistoriusun fikirləri qeyri-məqbuldur: Rusiya yaxın on illikdə NATO ölkələrinə hücum etməyəcək

Almaniya müdafiə nazirinin bu fikirləri daha çox Polşa, həmçinin Rusiyaya yaxın NATO ölkələrini müdafiə qabiliyyətlərinin gücünü artırmağa yönəlik siyasətə təhrik etməkdir

Rusiya silahlı qüvvələrinin artımını nəzərə alsaq, 2029-2030-cu illərdə NATO ölkələrinə hücum etməyə çalışacağına dair nəzəri ehtimal qalır.
Bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius “Delfi” nəşrinə açıqlamasında deyib.
Onun fikrincə, məhz buna görə NATO-nun müdafiə qabiliyyətinin təmin edilməsi xüsusilə vacibdir.
Nazir bildirib ki, hərbi ekspertlər Rusiyada baş verən hadisələri diqqətlə izləyir və bu ölkənin silahlı qüvvələrinin nəzərəçarpacaq dərəcədə böyüməsinə işarə edir:
"Orada hərbi sənaye ciddi şəkildə inkişaf edir, çoxlu tanklar və təyyarələr istehsal olunur və bu o deməkdir ki, Rusiya silahlı qüvvələri əhəmiyyətli dərəcədə artır. 2026-cı ilə qədər onların sayı yəqin ki, 1,5 milyon hərbçiyə çatacaq".

Politoloq Tural İsmayılov "Sherg.az"a bildirib ki, Almaniyanın müdafiə nazirinin fikirləri absurddur:

"Rusiyanın indiki məqamda NATO-ya açıq müharibə elan etmək ehtimalı kifayət qədər zəifdir. Hətta bu hücumun 2029-2030-cu illərdə təsəvvür edilməsi də reallığı ehtiva etmir. Çünki Rusiya və Ukrayna arasında aktiv döyüş əməliyyatları dayansa belə, nəzərə almaq lazımdır ki, ərazi konfliktləri qalacaq. Eyni zamanda Ukrayna torpaqlarının bütövlüyünü Rusiya tərəfindən pozulmasını heç vaxt qəbul etməyəcək. Nəticədə rəsmi Kiyevin öz ərazilərini qaytarmaqla bağlı beynəlxalq hüquqi və diplomatik müstəvidə Rusiyaya qarşı növbəti savaş aça bilər. Bunun nəticəsində də rəsmi Moskvanın başı bu məsələlərə qarışmış olacaq. Bu da istisna edəcək ki, Rusiya NATO ölkələrinin hansısa birinə hücum etsin. Almaniya müdafiə nazirinin bu fikirləri daha çox Polşa, həmçinin Rusiyaya yaxın NATO ölkələrini müdafiə qabiliyyətlərinin gücünü artırmağa yönəlik siyasətə təhrik etməkdir".

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın sülhdən danışmağı Rusiya və Ukrayna arasında bu il sülhün əldə olunmasını real edir:
"Çünki Ukrayna Prezidenti Vladimir Zelenski də artıq müharibə aparmaq istəmədiyini müxtəlif formalarda izah edir. Amma iki ölkə arasında sülh olsa da, aktiv döyüş əməliyyatlarının və müharibə fazasının yenidən nə vaxt başlayacağını deyə bilmərik. ÜmumiyyətləRusiyanın yaxın on illik hədəfində hər hansı NATO ölkəsinə hərbi hücumu olmayacaq. Boris Pistoriusun fikirləri isə siyasi baxımdan qeyri-məqbul proqnozdur".