Çin İrəvana buna görə səfir göndərmir… – Manasaryan

Çin Ermənistanla əlaqələrin inkişafı məsələsində gözləmə mövqeyi tutub.

Sherg.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Çindəki keçmiş səfiri Sergey Manasaryan bildirib.

Çinin İrəvandakı səfirinin artıq 6 aydan çox müddətdir təyin edilməməsinə münasibət bildirən Manasaryan bunun normal hal olmadığını deyib:

"Təbii ki, bu, normal hal deyil. Normal praktika ondan ibarətdir ki, vəzifəsini tərk edən səfir hakimiyyətə yeni namizədin adını təqdim edir və sonra postdan gedir. Amma bu baş verməyib və artıq 6 aydır ki, səfir yoxdur. Bu, problemin olduğuna işarədir. Problemin nə qədər ciddi olduğunu zaman göstərəcək".

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Çinlə bağlı mövqeyi dəyişməyib:

"İrəvan Tibet, Tayvan və uyğur məsələlərində Çini dəstəkləyib, eyni zamanda digər ölkələrlə münasibətləri inkişaf etdirib. Şəxsi fikrimə görə, hamı ilə dil tapmağa çalışdığımız dövrlər geridə qalıb. İndi dəqiq qərar vermək lazımdır - kimlə birgə addımlayırsan və necə yaşamağa davam edirsən".

Keçmiş səfir qeyd edib ki, Çin postsovet ölkələri ilə münasibətləri belə qurur:

"Pekin üçün həmin ölkələrin Moskva ilə münasibətləri bir növ "lakmus kağızı" rolunu oynayır. Əgər münasibətlər normaldırsa, bu, Çin üçün "yaşıl işıqdır" və Pekin fəal şəkildə əlaqə qurur. Əks halda, bu, həmin ölkənin Qərbə meyilləndiyi anlamına gəlir ki, bu da Çin üçün "qırmızı olmasa da, sarı işıq"dır. Fikrimcə, hazırda çinlilər üçün 'sarı işıq' yanır və onlar bizim hansı istiqamətə gedəcəyimizi gözləyəcəklər".

Onun sözlərinə görə, Çin "Şimal-Cənub" layihəsinə maraq göstərib.

"Bir neçə il əvvəl Çin şirkətləri cənub hissəsində iri tenderdə iştirak etmək istəyirdi. Məlum idi ki, tenderdə məhz onlar qalib gələcək. Buna görə də, Avropa Yenidənqurma və İnkişaf Bankı layihəni bir neçə kiçik hissəyə böldü. Ümumilikdə, əgər Ermənistan Çinlə münasibətləri qoruyub saxlamasa, İrəvan ciddi bir tərəfdaşını itirə bilər. Bu tərəfdaş artıq beynəlxalq qütblərdən biri olmasa da, yaxın zamanda onlardan birinə çevriləcək", -diplomat qeyd edib.

Xatırladaq ki, Çinin Ermənistandakı əvvəlki səfiri Fan Yun iyul ayında öz missiyasını başa çatdırıb və o vaxtdan bəri bu vəzifə boş qalır.