Azərbaycanın AZAL-ın təyyarəsinin vurulması ilə bağlı irəli sürdüyü haqlı tələblərə cavab olaraq Rusiya Prezident Administrasiyasından Rusiya mediasına sanki “fas” komandası verilib. Rusiya propaqandasının ucuz və primitiv metodları ilə Azərbaycana qarşı qarayaxma kampaniyası başlayıb. Rusiya tərəfi özünün nəzarətində olan kanallar vasitəsilə 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında paralel gətirir.
Bu hadisələri müqayisə etmək istəyən Rusiya unudur ki, o zaman Azərbaycan tərəfi də Rusiyaya da bir sıra suallar ünvanlaya bilərdi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli Bəyanatı 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanıb. Rusiyaya məxsus helikopter isə 9 noyabr tarixində saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində vurulub. Helikopter həmin ərazidə nə gəzirdi? Rusiya sülhməramlıları hələ Qarabağda yerləşdirilməmiş, aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Rusiyaya məxsus hərbi helikopterin Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirməsi, uçuşun günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilməsi, onun Ermənistana məxsus hərbi kolonu müşaiyyət etməsini Rusiya tərəfi necə izah edə bilər?
Amma hərbi əməliyyatlar bitməmiş sərhədə yaxınlaşan naməlum helikopterin legitim hədəf olmasına baxmayaraq, Azərbaycan tərəfi konfrontasiyaya getməmək üçün söz oyunu oynamadı. Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edib üzrxahlıq etdi, helikopterin tam qiyməti ödənildi, həlak olan hərbçilərin ailələrinə kompensasiya ödənildi.
Azərbaycana qarşı başlanan kampaniyanın növbəti hissəsi 2023-cü il antiterror əməliyyatı zamanı Qarabağda rusiyalı sülhmərmlıların ölümü ilə bağlıdır. Son günlər Rusiya tərəfi yenidən bu mövzunu aktuallaşdırıb. Rusiya və Ermənistanın müxtəlif kanallarında həmin hadisə yerindən çəkilmiş fotolar yayılır. Azərbaycan tərəfinin ünvanına ittihamlar səslənir. Amma Rusiya tərəfi nədənsə unudur ki, antiterror əməliyyatı başlanan zaman Azərbaycan tərəfi sülhməramlıları əvvəlcədən xəbərdar edib. Əməliyyat zamanı onlara gözə görünməməyi, gizləndikləri yerdən çıxmamağı, səssiz-səmirsiz kazarmada oturmağı tapşırmışdı. Lakin naməlum səbəbdən bir neçə hərbçi öz avtomobili ilə döyüş ərazisinə hərəkət edib və Azərbaycan hərbçiləri bunu erməni hərbçilər zənn edərək məhv edib.
Buna baxmayaraq, bu dəfə də Azərbaycan konfrontasiyaya yol vermədi. Prezident səviyyəsində üzrxahlıq olundu, cinayət işi qaldırıldı və s.
İndi Azərbaycan da Rusiyada eyni yanaşmanı, eyni mərdliklə davranmağı gözləyir. Amma bunun əvəzinə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanılıb. Azərbaycan öz şərtlərinin yerinə yetirilməsini gözləyir. Etiraf, üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılmasını istəyir. Rusiya qeyri-dost addımları davam etdirəcəksə, onda Azərbaycanla münasibətlərdə əvvəlki ab-hava olmayacaq. Rusiya onsuz da dostsuz qalıb və belə bir şəraitdə Azərbaycan kim dostu da itirmək ərəfəsindədir. Rusiya mediasına və onlara Kremldən təlimat verənlərə tövsiyə edərdik ki, onsuz da Azərbaycanında ictimaiyyət arasında pis olan imiclərini daha da aşağı salmasınlar. Bir məqamı da bildirək ki, Qarabağda yaşanan faciələrin əsası 1805-ci ildə Rusiya tərəfindən Qarabağ xanlığının işğalı ilə başlayıb.
AMİP Siyasi Şurasının üzvü, siyasi Əli Oruclu "Sherg.az"a deyib ki, AZAL-a məxsus Bakı-Qroznu marşurutu üzrə hərəkət edən sərnişin təyyarəsinin Rusiya səmasında bu dövlətin Silahlı Qüvvələri tərəfindən vurulmasına artıq heç bir şübhə qalmayıb. Ekspertə görə, ilkin istintaq-təhqiqat prosesi zamanı bu fakt öz təsdiqini tapıb:
"Rusiya prezidenti V.Putin də gec də olsa Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək rəsmi üzr də istəyib. Lakin indiyədək vurulmuş zərərə görə kompensasiya ödənilməyib və günahkarlar cəzalandırılmayıb. Qəzanı araşdıran Rusiya Federasiyasının İstintaq Komitəsi hər vəhclə çalışır ki, bunu kənar fiziki təsirlə deyil, hansısa texniki nasazlıqla, yaxud Ukraynanın dron hücumlarının dəf edilməsinə bağlasın. Görünür, qarşı tərəf Rusiyaya qarşı ədalətli, haqlı və prinsipial tələblərindən qaçmaq üçün yeni mücərrəd versiyalar üzərində işləyir. Təlimat alan bəzi rus mediası və ekspertləri də əsassız iddialar ortaya atır, günahı başqalarının üzərinə atırlar".
Analitikə görə, Aktauda baş verən təyyarə qəzasının məsuliyyəti birmənalı olaraq Rusiyanın üzərindədir:
"Həm də ona görə ki, Qroznı səmasında HHM sistemləri tərəfindən vurulduqdan sonra onu xilas etmək əvəzinə bilərəkdən ölümə göndərmək qeyri-insanı və dost olmayan münasibətdir. Diqqətlər təyyarədəki "qara qutu"ların hərtərəfli tədqiq edilməsinə və üç qəzanın müfəssəl öyrənilməsinə fokuslanmalıdır. Məncə, Qazaxıstan da bunun obyektiv araşdırılmasında və hüquqi qiymət verilməsində maraqlıdır. Lakin vaxtın bu qədər uzanması şübhələrə yol açır. Ola bilsin, Rusiya tərəfi Qazaxıstana da təzyiq göstərir ki, törədilən cinayəti ört basdır etsin. Ancaq mən inanmıram ki, Rusiya istəyinə müvəffəq ola biləcək. Çünki Azərbaycanın prinsipiallığı, həmçinin Qazaxıstanın da buna xüsusi diqqət ayırması Moskvanın ümidlərini puça çıxarır. Ola bilsin, texniki baxımdan qara qutunun tam öyrənilməsi və yekun hesabatın hazırlanması xeyli zaman alacaq. Ancaq inanıram ki, Azərbaycanın tələbləri mütləq yerinə yetiriləcək".