Hindistan Hind çayının sularının Pakistana axınına məhdudiyyət qoyub, İslamabad cavab veriləcəyini bildirib

Hindistan 1960-cı ildə imzalanmış Hind çayı bölüşdürülməsi haqqında müqavilədən bəri ilk dəfə çayın sularının Pakistana axınını dayandırıb.

APA xəbər verir ki, bu barədə Hindistan mediası rəsmi mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, bəndlər və kanallar üzərindəki dörd əsas şlüz tamamilə bağlanıb.

Bu qərar Cammu və Kəşmirin Pahalgam bölgəsində törədilmiş terror aktı ilə əlaqədar verilib.

Yeni Dehli hadisənin arxasında İslamabadın terror fəaliyyətlərinə dəstəyinin dayandığını iddia edir.

Pakistan isə bu ittihamları qəti şəkildə rədd edir.

Pakistan hakimiyyəti Hindistanın bu addımını "müharibə aktı" kimi qiymətləndirib və bütün mövcud vasitələrlə cavab veriləcəyini bəyan edib.