Fırıldaqçılar pul oğurlamaq üçün Roma Papasının ölümündən istifadə edirlər

Papa Fransiskin ölümündən sonra fırıldaqçılar sosial mediada zərərli fişinq keçidlərindən saxta xəbər məzmunlarını fəal şəkildə yayaraq, vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri "Check Point" informasiya texnologiyaları təhlükəsizliyi şirkətinin hesabatına istinadən məlumat yayıb.

Hesabata görə, saxta xəbər linklərində Papa Fransiskin ölmədiyi və onun ölümü ilə bağlı yayılan məlumatların internet trafikini artırmaq üçün uydurma olduğu vurğulanır. Fırıldaqçılar, bu saxta xəbərləri daha inandırıcı etmək məqsədilə Fransiskin müxtəlif şəkil və videolarından istifadə edirlər.

Zərərli linklərdə, həmçinin saxta xeyriyyə ianələri və digər ehtiyaclar üçün pul köçürmələri ilə bağlı elanlar yerləşdirilir. Bu linklər, əsasən, “TikTok” və “Instagram” kimi sosial şəbəkələrdə yayılır. İstifadəçilərin diqqətli olması və şübhəli keçidlərə daxil olmamaları tövsiyə edilir.