ABŞ ilə İran arasındakı üzdə "düşmənçilik", əslində, real deyil -ANALİTİK

İran ABŞ-nin maraqlarına xidmət etməkdə davam edəcəksə, hər iki dövlətin ciddi qarşıdurması olmayacaq

ABŞ-nin yeni Prezidenti Donald Trampın İranla münasibətləri ən aktual mövzulardan birinə çevrilib. İlk prezidentlik dövründə İslam Respublikasına qarşı sərt münasibəti ilə seçilən Trampın yeni dövrdə hansı addımları atacağı maraq doğurur. Çünki bu, İrandan əlavə, birbaşa bütün regiona da təsir edəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Foks Nyus”a son müsahibəsində Rusiya və Çin haqqında nisbətən yumşaq danışarkən, İran haqqında “bu başqa mövzudur” fikrini işlədib. Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinlə yaxşı münasibətləri olduğunu bildirən Tramp İran rəhbərliyi ilə bağlı konkret fikir bildirməyib. 
Lakin Tramp İranın qədim tarixə malik olduğunu deyib və bu ölkədə yaşayanları tərifləyib. O, eyni zamanda  Tehranla saziş imkanlarını mümkün hesab edib.
İran xarici işlər nazirinin müavini Məcid Təxtrəvançi isə ISNA-ya müsahibəsində Trampın İrana qarşı siyasəti ilə bağlı qarşılıqlı məsləhətləşmələr apardığını vurğulayıb: “Dostlarımızla məsləhətləşərək Trampla necə davranacağımızı düşünürük. Biz Tramp komandası ilə mesaj mübadiləsi etməmişik”.
Ekspertlər Trampın mövqeyini İranla müharibə istəmədiyinə işarə kimi dəyərləndirib. 

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan isə “Sherg.az"a açıqlamasında bildirib ki, İran ABŞ-nin və İsrailin siyasi-ideoloji maraqlarına xidmət edir. Onun fikrincə, əgər bu olmasaydı, ABŞ indiyəcən Əfqanıstan, Suriya və İraq kimi İran rejiminin də real şəkildə dəyişməsinə ən azı cəhd edərdi:
 “Heç də heç nə göründüyü kimi deyil. İranın vaxtilə İraqla 8 illik müharibəsi zamanı da İsrail İrana 3 miyard dollarlıq silah satıb, yaxud verib. Həmçinin ABŞ ilə İran arasındakı üzdə "düşmənçilik", əslində, real deyil. Sadəcə, İran arada ABŞ-nin maraqlarına zidd, müstəqil qərar qəbul etmək istəyəndə ABŞ başlayır onu təhdid etməyə. Yaxud İran gizli müttəfiqliyi ifşa etməmək üçün başlayır ABŞ-yə qarşı lənət etməyə.
Tramp elə bir siyasətçidir ki, onun dediyi ilə etdiyi fərqlidir. Seçki ərəfəsində verdiyi vəd və sözləri ABŞ-nin dərin dövləti olan Pentaqon, Dövlət Departamenti və digər məxfi qurumlar ələkdən keçirir və nəyin məqbul, nəyin qeyri-məqbul olduğunu dəyərləndirir. ABŞ Prezidenti İrana qarşı kəskin mövqedə ola bilər, amma onu bu mövqeyindən döndərə bilən güclər, ideoloqlar, dərin dövlət təsiri var. Türk və islam aləminə qarşı, ərəb dünyasına qarşı İran ABŞ-nin əlində ciddi rıçaqdır. İran rejimini dünyada əvəz edə biləcək ikinci rejim hazırlamadan İran rejiminə qarşı həlledici qərar qəbul etməzlər.
İstədiyi vaxt İranı Pakistanın, Əfqanıstanın, Türkiyənin, Azərbaycanın əleyhinə təhrik edə bilən ABŞ üçün İran hələ lazımdır. İsrailə qarşı İranın sözdə və üzdə təhdidləri olmasa, ABŞ İsrailə bu qədər imtiyaz tanıya bilməz, dəhşətli silahlar verə bilməz”.

Trampın əsasən ölkəsinin maddi biznes maraqlarını güddüyünü xatırladan T.İrfan qeyd edib ki, İran da Fələstində 50 min adamın ölümünə nail olaraq, Qəzzanın yer üzündən silinməsinə səbəb olub: 
“Nəticədə Tramp indi bəyan edir ki, Qəzza əhalisi Misir və İordaniyaya köçürülməlidir. Beləcə, İran ABŞ-nin maraqlarını tam təmin etmiş olur. Nüvə məsələsində də ABŞ-nin o qədər narahatlığı yoxdur. Çünki bilir ki, İran o silahla yalnız müsəlman aləminə problem yaradacaq. Bu baxımdan Türkiyə və digər müsəlman ölkələrini təhdid altına almaq üçün İranın nüvə silahı hazırlamasında maraqlı dövlətlər var. İran hazırda ABŞ-nin bütün istəklərini yerinə yetirəcək ki, rejimi qorusun. Artıq indidən mesajlar verirlər tədricən. Tramp Meksika körfəzi və başqa yöndə iddialar irəli sürür. Əgər bu məsələlər hadisəyə çevrilsə, İran məsələsi ikinci plana keçə bilər. Əsas maraqlardır. İran ABŞ-nin maraqlarına xidmət etməkdə davam edəcəksə, Tramp hakimiyyətinin İranla ciddi qarşıdurması ehtimalı zəifdir. ABŞ-nin silahlı qüvvələrinin yerləşməsi ilə bağlı Ermənistanla bağladığı müqaviləyə İran heç bir ciddi etiraz bildirmədi. Halbuki Zəngəzur dəhlizi məsələsində kəskin etiraz edir. Bu kimi faktlar göstərir ki, bu iki dövlət üzdə düşmən, altda müttəfiq sayılacaq qədər bir-birinin gizli maraqlarına oynayırlar”.