Çağırışçıların cəlbi Moskvanın Ukraynada verdiyi çoxsaylı itkilərlə bağlıdır -ŞƏRH

Az qala hər gün minlərlə Rusiya vətəndaşı döyüş cəbhəsində həlak olur

Bütün bunlar əslində Rusiyanın öz təcavüzkarlığından imtina etməyəcəyindən xəbər verir


Rusiyada hərbi xidmətə yaz çağırışı aprelin 1-dən iyulun 15-dək keçirilir. Bu il 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırılır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.
2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artmış, 2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırılması ilə pik həddinə çatmışdı.
Amma sonrakı illərdə kəskin azalma başladı. Rusiyanın müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında olub - 120 min nəfər. Builki yaz çağırışı son 14 ildə ən böyük çağırışdır.
Çağırışçıların sayındakı bu artım Prezident Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Putinin fərmanına əsasən, növbəti üç il ərzində hərbi qulluqçuların sayının 1,5 milyona çatdırılması planlaşdırılır.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a bildirib ki, Rusiya ümumiyyətlə təcavüzkar ölkədir:

"Bu gün Ukrayna ilə müharibə davam etməsəydi belə, yenə də Rusiyada hərbi gücü artırmaq üçün  yeni qüvvələrin orduya cəlb edilməsi, canlı qüvvə sayının artırılması prosesi reallaşacaqdı. Çünki Rusiya daim özünün hərbi gücünü artırıb özəlliklə də qonşu dövlətlərə qarşı hərbi ritorikadan istifadə edən dövlətdir. Ona görə də hazırda yeni çağırışçıların hərbi xidmətə cəlbi məsələsi Moskvanın Ukraynada verdiyi çoxsaylı itkilərlə bağlıdır. Yəni az qala hər gün minlərlə Rusiya vətəndaşı döyüş cəbhəsində həlak olur. Bunun səbəbları isə təbii ki, Ukrayna deyil, Rusiyanın özüdür. Eyni zamanda nəticədə canlı qüvvə mövzusunda kasadlıq yaranır. Ona görə də bu və ya digər adlar altında daha çox canlı qüvvənin orduya cəlbinə çalışırlar. Bütün bunlar əslində Rusiyanın öz təcavüzkarlığından imtina etməyəcəyindən xəbər verir".