
Geosiyasi şahmat: İsrail-Türkiyə qarşıdurmasında PKK faktoru -Analiz
PKK terror təşkilatının ləğvi prosesindən yayınan təşkilatın Suriya qanadı SDQ/YPG genişmiqyaslı qarşıdurmaya hazırlaşır.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Təşkilata yaxın mənbələrə görə, Deyr əz-Zor, Raqqa, Tabqa, Ayn İsa, Mənbiç, Halsa, Deyr Hafir, Ayn əl-Ərəb, Ras əl-Ayn və Təl Abyada çoxlu sayda terrorçu və silah-sursat göndərilir. YPG yerlər üzrə bütün komanda heyətini dəyişsə də, son vaxtlar İrandan dəstəyin xeyli artdığı bildirilir.
Nəşr bölgədəki hazırlığın Türkiyə, İraq və Suriyadan gələn tələblərdən yayınma məqsədi daşıdığını qeyd edib.
“Son üç ayda ABŞ-nin hərbi yardımı ən aşağı səviyyəyə düşsə də, İranın dəstəyi əhəmiyyətli dərəcədə artıb. İran rəhbərliyi və kəşfiyyatı əvvəllər Suriyada olan, amma Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkəni tərk edən Tehranın dəstəklədiyi 9 min silahlını PKK-nın nəzarətində olan bölgələrə geri göndərib. Bundan əlavə, druz və nüseyrilərdən ibarət 10 minlik qüvvə Hasəkədə PKK/YPG-yə qoşulub. İran, İraq, Livan, Latakiya-Tartus və digər bölgələrdən gələn əlavə qüvvələrlə təşkilatın ümumi qüvvəsi 50 mini keçib”, - nəşr vurğulayıb.
Dəməşqin Suriya ordusuna inteqrasiya tələbindən imtina edən SDQ/YPG əllərindəki silahların da təhvil verilməyəcəyini bəyan edib.
SDQ-də yüksək vəzifə tutan İbrahim Abdullah təşkilatın bütün hazırlıqlarının müdafiə üçün deyil, birbaşa hücum üçün olduğunu bildirib.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, HƏMAS-ın İsrailə hücumundan sonra Orta Şərqdəki qüvvə balansı hər keçən gün daha da mürəkkəbləşir:

"Lakin bu xaos eyni zamanda yeni bir nizamın yaranma ehtimalını da gündəmə gətirib. Xüsusilə İranın adından bölgədə vəkalət savaşı aparan HƏMAS və Hizbullahın İsrailin qeyri-mütənasib güc tətbiq etdiyi müharibədə gözlənilənin əksinə uğur qazanması yeni mərhələnin əsasını qoydu. İsrail, Türkiyənin HƏMAS-a verdiyi dəstəyi cavab olaraq PKK-ya indiyə qədər görünməmiş səviyyədə yardım göstərməyə başlayıb və beləliklə, Türkiyəyə qarşı yeni bir cəbhə açmağa cəhd edib. Bu dağıdıcı gedişin qarşısını almaq üçün Türkiyə PKK ilə danışıqlar prosesinə start verib. PKK-nın silah buraxma çağırışının bütöv təşkilata aid olub-olmayacağı isə ciddi sual doğurur.
Türkiyə bir tərəfdən sərhədləri daxilindəki terror ünsürlərini zərərsizləşdirməyə çalışdığı halda, digər tərəfdən İraq və Suriyada PKK-nın kantonlaşma planlarını da boşa çıxarmaq istəyir. İsrail və Türkiyənin PKK və onun törəmə təşkilatları üzərindən bir-birinə qarşı mövqe tutması bölgədə yeni bir geosiyasi düzənin formalaşmasına zəmin yaradır. Türkiyə bu hadisələri yaxından izləyərək, Əsəd hakimiyyətdən getməsi halında Suriyanın parçalanmasının və ya bir terror dövlətinin qurulmasının qarşısını almaq üçün ciddi mübarizə aparır. Türkiyə və ABŞ, Suriya ərazisinin unitar dövlət prinsipi və konstitusion bərabərlik əsasında yenidən qurulması barədə danışıqları davam etdirirlər. Əslində, ABŞ-ın Orta Şərqdə xaos yox, bir nizam qurmaq istədiyi fikri getdikcə daha da ön plana çıxır.
Ötən ay Suriya ərazisində Türkiyə və İsrailin müharibə həddinə gəldiyi bir məqamda, İsrail Baş naziri Netanyahunun ABŞ-a səfəri zamanı keçirdiyi ortaq mətbuat konfransında Prezident Tramp Netanyahunun “Türkiyə ilə problemimiz var” açıqlamasına qarşı “O məsələni mən həll edə bilərəm” deməsi və əlavə olaraq “gələn həftə İranla görüşlər olacaq” sözləri ABŞ-ın Orta Şərqdə İsrail mərkəzli deyil, sülh əsaslı siyasət yürütmək niyyətində olduğunu göstərdi. Həmin görüşdən bu günə qədər İran və ABŞ arasında beş dəfə görüş keçirilib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini Türkiyəyə səfir olaraq təyin etməsi, bu ölkənin Suriya siyasətini Türkiyə ilə birgə yürütmək istədiyini açıq şəkildə göstərir".
Politoloq əlavə edib ki, Suriyada Əsəd rejiminə qarşı mübarizə aparan və PKK-nın törəmə təşkilatları mübarizənin sonunda muxtariyyət əldə edə biləcəklərinə inandıqları üçün silah buraxmağa qarşı çıxırlar:
"Bundan əlavə, ABŞ əvvəlki illərdə İrana qarşı mümkün bir əməliyyat zamanı bölgədə silahlı qüvvə kimi istifadə etmək məqsədilə bu qruplara xeyli sayda silah vermişdi. İndi həmin silahlar vasitəsilə Türkiyəyə qarşı müqavimət qurmağa can atırlar. Lakin son günlərdə SDQ-nin rəhbəri Mazlum Əbdi bir qəzetə verdiyi müsahibədə iki aydır Türkiyə ilə gizli danışıqlar apardığını və lazım gələrsə, Prezident Ərdoğanla da görüşə biləcəyini bildirib. Bu isə bölgədə ABŞ və Türkiyənin birgə həyata keçirdiyi siyasətin nəticə verməyə başladığını göstərməsi baxımından əhəmiyyətlidir. Mazlum Əbdi, eyni zamanda Əhməd Əl-Şara hökuməti ilə imzaladıqları razılaşma çərçivəsində mərkəzi hökumətlə uyğunlaşma prosesinə başlamaq məcburiyyətindədir.
Digər tərəfdən, İran ABŞ ilə danışıqlar aparsa da, bölgədə baş verən hadisələri nəzarətdə saxlamaq üçün bəzi təşkilatlarla əlaqədə olduğu barədə xəbərlər mediada paylaşılır. Lakin bu xəbərlərin nəticələrə təsir etməsi mümkün deyil. Çünki ABŞ Orta Şərqdə sülh və İranla normallaşma istəyir. ABŞ-ın əsas məqsədi isə Çinə qarşı başladığı iqtisadi kampaniyanı uğurla yekunlaşdırmaqdır".
Hasan Oktayın sözlərinə görə, Türkiyə daxilində silahlı təşkilatın silah buraxdığı bir məqamda, onun İraq və Suriyadakı törəmə qruplarının silahlı mübarizəni davam etdirməsi qəbuledilməzdir:
"Türkiyə bu məsələdə üzərinə düşəni etdikdən sonra hələ də kimlərsə ona qarşı silah qaldırmaq istəyirsə, İsrailin Hizbullaha qarşı həyata keçirdiyi əməliyyatların bənzərini İraq və Suriyada həmin təşkilatlara qarşı tətbiq etmək haqqını özündə tapacaq".