Bu gedişlə Qurban bayramının yalnız adı qalacaq
Dana və qoyun ətinin qiymətində yaxın günlərdə azalma olacağına ümid etmək absurddur. Hətta Qurban bayramı ərəfəsində diri heyvanın qiymətinin daha da qalxacağı, bunun da dana və quzu ətinin qiymətində bahalaşmaya səbəb olacağı proqnozlaşdırılır. Zatən, bu, bəllidir. Bütün bayramlarda bazarda qiymət qalxır, istər ətin qiyməti, istərsə də digər ərzaqların. Mütəxəssislər hesab edir ki, Qurban bayramı yaxınlaşdıqca (may ayının 26-28) tələbat da artacaq və bu da qiymət artımına təsir edəcək. Üstəlik bu il heyvan yemi, dərman, nəqliyyat, daşınma xərcləri, bazarda yer tutmaq da bahalaşıb. Fermerlər də heyvan kəsimini azaldır ki bayramqabağı daha baha qiymətə satışa çıxarsınlar. Bazarda yaranan ət qıtlığı da qiymət artımına səbəb olur. Qurban bayramında diri heyvanın qiymətinin çəkisindən asılı olaraq – qoyun 400-500 manat, dananın isə təxminən 4000 manat olacağı proqnozlaşdırılır.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gedişlə Qurban bayramının yalnız adı qalacaq:
- Bu hər il belədir. Qiymətlərdə azalma baş vermir, qalxma olur. Bunun da səbəbləri zəncirvaridir. Otlaq sahələrinin demək olar, yox səviyyəsində olması, yemin xaricdən alınması, xəstəliklər və kənddə çətin yaşam tərzi, bazarda monopoliya, kənd təsərrüfatının idarəetməsində olan problemlər, insanların, əsas da qəssabların və heyvan saxlanayanların bu əziz gündə daha çox varlanması təfəkkürü, insanların məcburiyyət şəklində ət alması, infilyasiya və s. səbəblər qiymət artmağına səbəb olur. Çıxış yolunu da daim qeyd edirik. Amma həll olunurmu? Düzdü xaricdən ət idxal olunur, amma bu o deməkdir ki, bizim artıq digər ölkələrdən asılılığımız çoxalır. Bunun qarşısını almaq olarmı? Faiz nisbəti ilə almaq olar. Ətin qiyməti düşəcəkmi? Alıcılıq qabiliyyəti aşağı olsa, düşə bilər, əks halda xeyr.