BMT-nin gələcək müqəddəratı şübhə altındadır: Üzv dövlətlərin təşkilata etimadsız yanaşırlar

Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada sülh və təhlükəsizliyin təmin edilməsində, münaqişələrin həllində və humanitar problemlərin aradan qaldırılmasında mühüm rol oynayan beynəlxalq qurumdur. Lakin son dövrlərdə təşkilatın təsir imkanlarının məhdudlaşması, onun işləmə mexanizminin köhnəlməsi və üzv dövlətlər arasında bərabərhüquqluluq prinsipinin pozulması ilə bağlı ciddi müzakirələr aparılır. Xüsusilə Təhlükəsizlik Şurasının daimi beş üzvünün veto hüququnun təşkilatın effektivliyinə mənfi təsir göstərməsi və üzv dövlətlərin BMT-yə etimadsızlığının artması, onun gələcək fəaliyyətinin yenidən nəzərdən keçirilməsini tələb edir.
2025-ci ildə BMT qlobal humanitar ehtiyaclar üçün tələb olunan 45,3 milyard dollardan yalnız 21 faizinin-təxminən 9,6 milyard dolların toplanıldığını açıqlayıb. BMT baş katibinin müavini Fərhan Haqın verdiyi məlumata görə, maliyyələşmə səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çox azalıb. Bu göstərici BMT-nin üzv dövlətləri arasında təşkilata etimadsızlığın və maliyyə dəstəyinin azalmasının bariz nümunəsi olmaqla, qurumun fəaliyyətinin effektivliyi ilə bağlı ciddi suallar yaradır.
Politoloq Xəyal Bəşirov Sherg.az-a açıqlamasında BMT-nin dünyadakı münaqişələrin həlli ilə bağlı müstəsna səlahiyyətlərinin olduğunu bildirib:
"Bu, təşkilatın nizamnaməsində nəzərdə tutulmuş əsas fəaliyyət istiqamətlərindən biridir. Lakin münaqişələrin həlli və humanitar problemlərlə bağlı BMT-nin təsir imkanları son zamanlar kifayət qədər məhduddur. Bu, ötən əsrin ortalarından bəri mövcud olan BMT-nin işləmə mexanizmi ilə bağlı boşluqlar və ziddiyyətlərlə əlaqədardır. Təhlükəsizlik Şurasının daimi beş üzvünün veto hüququ BMT-nin əsas prinsiplərindən biri olan üzvlərin bərabərhüquqluluq prinsipinə ziddir. Belə ki, bütün üzv dövlətlər bərabər hüquqlu olduqları halda beş dövlətə müstəsna səlahiyyətlər verilib. Bu səbəbdən də, qlobal-humanitar ehtiyacların qarşılanması üçün tələb olunan vəsaitin yalnız beşdə birini oktyabr ayına qədər toplaya bilib. Bu isə BMT-yə üzv dövlətlərin təşkilata etimadsızlığının və etibarsızlığının göstəricisidir".
Ekspert son vaxtlar Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynada, Yaxın Şərqdə və keçmiş Qarabağ münaqişəsinin həllində BMT-nin yalnız qətnamələr qəbul etməsi, sadəcə digər sənədləri imzalamasının təşkilatın real təsirinin olmadığını göstərdiyini bildirib:
"Bu baxımdan ya BMT-nin işləmə mexanizmi və fəaliyyət prinsipləri dəyişdirilməli, real fəaliyyət göstərməlidir. Ya da belə bir təşkilatın mövcudluğu sual altına alınaraq yeni, daha effektiv bir qurum yaradılmalıdır. Çünki üzv dövlətlərin öhdəliklərinə əməl etməməsi və ya BMT-nin üzvlər arasında bu öhdəliklərin icrasına müdaxilə edə bilməməsi təşkilatın varlığının mənasız olduğunu göstərir.
Hər il Baş Assambleyanın və Təhlükəsizlik Şurasının iclaslarını keçirməkdən başqa faktiki heç bir nəticə əldə olunmaması, BMT-nin gələcək müqəddəratını şübhə altına salır. Statistik göstəricilər də BMT-nin fəaliyyətsizliyi və təsirsizliyini aydın şəkildə ortaya qoyur".