NATO Parlament Assambleyası (PA) Türkiyə nümayəndə heyətinin rəhbəri və hakim Ədalət və İnkişaf Partiyasının millət vəkili Mövlud Çavuşoğlu Transatlantik Foruma qatılmaq üçün Vaşinqtonda olduqlarını, NATO gündəmindəki vacib məsələləri müzakirə etmək imkanı əldə etdiklərini bildirib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən məlumat verir ki, Çavuşoğlu ABŞ-nin paytaxtı Vaşinqtonda iştirak etdikləri görüşlərlə bağlı AA müxbirinə açıqlamalar verib.
Türkiyə nümayəndə heyəti olaraq NATO Parlament Assambleyasının hər il ənənəvi şəkildə təşkil etdiyi Transatlantik Foruma qatılmaq üçün Vaşinqtonda olduqlarını qeyd edən Çavuşoğlu müdafiə sənayesi xərclərinin 5 faizədək artırılması hədəfi ilə yanaşı NATO gündəmində yer alan mühüm mövzuları dəyərləndirmə imkanı əldə etdiklərini vurğulayıb.
Çavuşoğlu müdafiə sənayesində innovasiya, ortaq istehsal və müdafiə sənayesi məhsullarının ticarətindəki maneələrin aradan qaldırılması, NATO-nun gücünün və caydırıcılığının artırılması, Rusiya-Ukrayna müharibəsi kimi mövzuları müzakirə etdiklərini bildirərək bunları əlavə edib: "Biz Türkiyə nümayəndə heyəti olaraq bir tərəfdən ticarətin və müdafiə sənayesi məhsullarının qarşısındakı maneələrin aradan qaldırılmasının, müttəfiqlər arasında tətbiq edilən məhdudiyyətlərin xüsusilə həmrəylik ruhuna zidd olduğunu vurğuladıq. Bilirsiniz ki, Türkiyəyə qarşı müəyyən məhdudiyyətlər də mövcuddur. Digər tərəfdən isə həm bölgəmizdə, həm də ondan kənarda yaşanan böhranların həllinə Türkiyənin ciddi töhfələr verdiyi üçün bu məsələlərdə Türkiyənin söz haqqı var”.
Vasitəçilik mövzusu və ABŞ Prezidenti Trampın Ukrayna-Rusiya sülh planının gündəmdə olduğunu bildirən Çavuşoğlu, ABŞ administrasiyasının təhlükəsizlik strategiyası sənədinin də müzakirəyə çıxarıldığını, xüsusilə avropalı nümayəndələrin bu mövzunu qabartdığını və onların ABŞ-nin bu sənədindən müəyyən narahatlıq duyduqlarını qeyd edib. Çavuşoğlu müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirdiklərini, ABŞ heyəti ilə də bir araya gəldiklərini bildirərək sözlərinə belə davam edib: "Buradakı atmosferin günbəgün Türkiyənin xeyrinə dəyişdiyini, xüsusilə Konqresdə Türkiyəyə qarşı müsbət atmosferin artdığını gördük. Bu görüşlərdə həmçinin Prezidentimizin səfərini və Tramp ilə apardığı görüşdə verilən qərarları, iki liderin ortaya qoyduğu iradənin Konqresdə də davam etməsinin və Konqresin buna dəstək verməsinin vacibliyini deputat yoldaşlarımızla birlikdə Konqres üzvlərinə xatırlatdıq. Onların hiss və arzuları da bu yöndə idi".
Çavuşoğlu gələn il Türkiyənin NATO zirvəsinə ev sahibliyi edəcəyini xatırladaraq, zirvənin Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyində 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini və ABŞ səfəri zamanı bu mövzunu da müzakirə etdiklərini bildirib.
Parlament Zirvəsinin də Türkiyədə təşkil olunacağını bildirən Çavuşoğlu, gələn il iki mühüm toplantının Türkiyədə keçiriləcəyini deyib.
Çavuşoğlu, 5 fərqli siyasi partiyadan olan millət vəkilləri ilə ABŞ-də Konqres üzvləri ilə ikitərəfli görüşlər keçirəcəklərini qeyd edib.