Tramp Avropayla hesablaşmağa məcbur oldu
İlqar Altay: “Ukraynanı qarşıda nüfuzlu inkişaf və güclü hərbi-sənaye perspektivi gözləyir”
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün sülh danışıqları Berlində "istəkli ölkələr koalisiyası"na daxil olan 14 ölkənin dövlət və hökumət başçıları, həmçinin ABŞ Prezidentinin xüsusi nümayəndələrinin iştirakı ilə davam etdirilib. Almaniya kanslerinin ofisində keçirilən görüşdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte də iştirak ediblər. Dövlət və hökumət başçıları yaydıqları birgə bəyanatda Ukrayna üçün çoxmillətli qüvvələrin yaradılmasını dəstəklədiklərini bildiriblər. Məlumata görə, AB liderləri Ukrayna üzrə bir neçə öhdəlik götürüb. Bu öhdəliklər sırasında sülh dövründə sayı 800 min nəfərə çatacaq Ukrayna ordusunu gücləndirmək üçün Kiyevə davamlı dəstək vermək də var. Həmçinin, ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq atəşkəs monitorinqi və nəzarət mexanizminin yaradılması nəzərdə tutulur. Bəyanatda Ukraynanın bərpasına investisiyalar, iqtisadi əməkdaşlıq və Rusiyanın vurduğu zərərlərin, o cümlədən dondurulmuş aktivlər vasitəsilə kompensasiya da əks olunub. Digər məsələ isə Ukraynanın AB-yə daxil olmasını dəstəkləməkdir. "Politiko" qəzeti məlumat yayıb ki, Ukraynanın ABŞ-nin təhlükəsizlik zəmanətləri təklifini qəbul etmək üçün cəmi bir neçə günü var: "Ağ Ev Miladdan əvvəl tərəfləri sülh razılaşmasına doğru irəlilətməyə çalışır. Bu, baş verməsə, ABŞ-nin təhlükəsizlik zəmanətləri təklifi geri götürülə bilər". "Röyters"in məlumatına görə, Rusiya ilə Ukrayna arasında mümkün sülhlə bağlı mübahisəli məsələlərin təxminən 90 faizi razılaşdırılıb. Qeyd edək ki, ABŞ və Ukrayna arasında aparılan danışıqlarda mühüm irəliləyişlərin olduğu, bəzi məsələlərdə konsensus əldə edildiyi xəbərləri yayılır. Rusiya Aİ liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatını şərh etməyib. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Avropa İttifaqı liderlərinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı birgə bəyanatının mətnini görməyib. Onun sözlərinə görə, Rusiya bu mövzuda yayılan məlumatlara şərh verməyəcək.
Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlqar Altay Sherg.az-a açıqlamasında deyib ki, sülh planı üzrə Ukrayna-ABŞ-Avropa görüşü Berlində keçirildi və xeyli irəliləyişlə yekunlaşdı. Ekspert hesab edir ki, proses Ukraynanın xeyrinə sülhə doğru gedir:

"Saziş bəndlərinin 90 faizi razılaşdırılıb. Avropa dövlətlərinin Ukrayna mövqeyində möhkəm dayanması Donald Trampı Rusiyayönlü mövqeyindən xeyli geri çəkilməyə məcbur buraxdı. "Ukrayna işi" üzrə Avropanı saya almayan, onu prosesə qatmayan Tramp artıq Berlindəki danışıqlara nümayəndə heyəti göndərir və artıq Avropa ilə hesablaşır. Görünür, bu halda Putin də, iddialarından əl çəkir və sülhə gəlir. Kreml rəhbəri üzə vurmasa da, xeyli yorulub, ölkəsi çöküb. Düzdür, Rusiya bu müharibədə məğlub olmayacaq. Amma nəticə üzrə Putin uduş əldə etməyəcək. Üstəlik, Avropa Rusiyanın dondurulmuş 200 milyard pulunu Ukraynaya verir, ona vurduğu ziyanların ödənilməsi üçün. Rusiya dərk edir ki, böyük, tarixi səhv etdi və bu savaşı başladı. Moskvanın bəraəti və uduşu o ola bilər ki, ABŞ ilə, Trampla iqtisadi iş birliyinə getsin. Yəni Sibiri ona versin, ölkəsini Çin kimi inkişaf etdirsin".
İ.Altayın qənaətincə, Ukraynanı qarşıda böyük nüfuz və inkişaf gözləyir:
"Ukrayna ilə Almaniya böyük bir hərbi ittifaq yaradır. Prezident Zelenski və Kansler Merz iki ordu arasında sistemli əməkdaşlıq qurmaq qərarına gəliblər. Təkcə silah təchizatı deyil, həm də Ukraynada yeni silah sistemlərinin birgə istehsalı qurulur. Bundan başqa, nəhəng Almaniya şirkətləri Ukraynaya böyük yatırımlara artıq hazırdır. Merz hakimiyyətə gələndən bəri Almaniya Ukraynanın tutarlı və dəyərli tərəfdaşına çevrilib. Avropanın məqsədi Ukraynanı qüdrətli hərbi-sənaye potensialına çevirməkdir".