Analitik: Zelenski meydanda tək qalmadı
Yaranan üçüncü “qırılma nöqtəsi”ndə Britaniya yenidən aktiv oyunçu kimi proseslərə daxil olur
Böyük Britaniyada Ukrayna üzrə Avropa sammiti keçirilib. Sammit Londonun mərkəzindəki Lankaster iqamətgahında baş tutub. Böyük Britaniyanın Baş naziri Keyr Starmerin təşkilatçılığı ilə keçirilən toplantıda 18 ölkə və assosiasiyanın nümayəndələri iştirak ediblər. Tədbirə NATO-nun Baş katibi Mark Rutte ilə yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan də qatılıb. Sammit iştirakçıları Ukraynanın mövqelərini möhkəmləndirməyə, o cümlədən Kiyevə hərbi təchizat təmini və Rusiyaya iqtisadi təzyiqlərə davam edəcəklərini vurğulayıblar. Böyük Britaniyanın Baş naziri Keyr Starmer bildirib ki, Avropa öz müdafiə məsuliyyətini üzərinə götürməlidir. Onun sözlərinə görə, Böyük Britaniya Ukraynaya göstərilən sarsılmaz dəstəyi nümayiş etdirmək məqsədilə bu sammiti keçirib. Bundan əvvəl, Keyr Starmer bildirib ki, Böyük Britaniya, Fransa və Ukrayna atəşkəs planı üzərində razılığa gəliblər və bu planı daha sonra Amerika Birləşmiş Ştatlarına təqdim edəcəklər. London sammitində iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb ki, London sammiti Ukraynaya və bizim ümumi Avropanın gələcəyinə həsr olunub: "Biz Ukraynaya, xalqımıza: əsgərlərə və mülki şəxslərə, müstəqilliyimizə güclü dəstəyi hiss edirik. Biz hamımız Avropada birlikdə çalışırıq ki, əsl sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi naminə Amerika ilə əməkdaşlıq üçün etibarlı zəmin olsun". Zelenski uzun müddətdən bəri Avropanın ilk dəfə həmrəylik nümayiş etdirdiyinə də diqqət çəkib: "Avropa son dərəcə yüksək həmrəylik göstərir, belə birlik uzun müddətdir olmamışdı". Ukrayna lideri tərəfdaşlarla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh şərtlərini müzakirə etdiyini bildirib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, London sammitində liderlər Ukraynanın güclü mövqe tutması üçün yaxşı və səmimi müzakirə aparıb. O qeyd edib ki, Ukraynanın iqtisadi və hərbi mövqelərini dəstəkləyən hərtərəfli təhlükəsizlik zəmanətləri lazımdır. AK rəhbəri hesab edir ki, Avropanın yenidən silahlanmasına təcili ehtiyac var və Avropa Komissiyası martın 6-da Avropa Şurasına bu məsələ ilə bağlı plan təklif edəcək: "Çünki biz həqiqətən ciddi addımlar atmalıyıq. İndi uzun müddət ərzində müdafiəyə investisiyaların artırılması çox vacibdir. Bu, AB-nin təhlükəsizliyi üçün lazımdır və biz yaşadığımız geostrateji mühitdə ən pis vəziyyətə hazırlaşmalıyıq, buna görə də müdafiəmizi gücləndirməliyik".
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Londonda Ukrayna üzrə keçirilən Avropa sammiti Böyük Britaniyanın prosesə müdaxilə gedişidir. Ekspert vurğulayıb ki, daha öncə iki “qırılma nöqtəsi”ndə London hadisələrin inkişafına təsir edə bilib:
"Müharibənin başlandığı ilk günlərdə Qərbdə Kiyevin bir neçə günə təslim olacağını düşünür, hətta Zelenskiyə şəhəri tərk etməyi tövsiyə edirdilər. Həmin vaxt Baş nazir olan Boris Consonun Kiyevə ilk səfər edən lider kimi ABŞ də daxil olmaqla Qərbin Ukraynaya dəstəyini təmin edə bildi. İstanbul danışıqları idi. Rusiyanın tələblərinin böyük ölçüdə nəzərə alındığı razılaşmalar layihəsini sıradan çıxaran və Ukraynanın müqavimətini gücləndirən də Britaniya idi. Consonun üzləşdiyi kabinet böhranı və istefasında Ukrayna müharibəsinin gedişatına təsir etməsinin də rol oynadığı ehtimallar arasında olub. Xüsusilə bunun ABŞ-nin maraqlarına uyğun olaraq, NATO-nun Çini rəsmi şəkildə rəqib elan etdiyi 2022-ci il Madrid sammitindən sonra baş verməsi diqqətçəkən idi. Çünki müharibənin başlanmasında ABŞ və Britaniyanın maraqları uzlaşsa da, necə bitməsində toqquşur. Vaşinqton Avropa və Çin hədəfinə nail olduqdan sonra müharibənin Rusiyanın mövqeyinin nəzərə alınması çərçivəsində bitməsini, London Rusiyanın güc kimi sıradan çıxmasına nail olunduqdan sonra başa çatmasını istəyib. Trampın gəlişi ilə ABŞ-nin bu planı sürətli şəkildə işə salındı. Və Ukrayna üçün yaranan üçüncü “qırılma nöqtəsi”ndə Britaniya yenidən aktiv oyunçu kimi proseslərə daxil olur. Britaniya daha öncə Ukrayna müharibəsində ABŞ ilə uzlaşma nöqtələri tapa bilmişdi. Bu dəfə kəskin ziddiyyətlər ortaya çıxıb. ABŞ olmadan Avropanı birləşdirmək və hadisələrə yön vermək asan deyil, xüsusilə Vaşinqtonun əks-cəbhədə yer alması fonunda..".
Analitik düşünür ki, Avropanın vahid mövqedən çıxış etməsi, yaxud nəzəri olaraq verilən qərarların praktiki müstəvidə tətbiqi perspektivləri sual altındadır:
"ABŞ də bu birliyə qarşı rıçaqlarından istifadə edə bilər, o cümlədən, Rusiyanın da Aİ daxilində təsir imkanları qalır. Ukrayna masasında bir araya gələn Britaniya, Fransa və Almaniyanın geosiyasi maraqları arasındakı fərqlər hadisələrin inkişafına təsir edə bilər. Avropanın hərbi xərcləri lazımi səviyyədə artırmaq imkanlarına şübhə ilə yanaşılır. London sammiti “Ukraynaya hərbi yardımın davam etdirilməsi və sülh danışıqlarına sadiq qalınması” qərarı ilə yekunlaşıb. Lakin Britaniya Baş naziri Starmer başda olmaqla avropalı liderlər çıxışlarında “ABŞ ilə vahid mövqedən çıxış etməyin” vacibliyini qeyd ediblər. Avropa Ukraynaya dəstəyi davam etdirməklə yanaşı, nə qədər çətin olsa da, Trampın mövqeyini dəyişdirməyə çalışacaq".
Politoloq Turan Rzayev "Şərq"ə deyib ki, Ukrayna üzrə Avropa sammiti bir çox baxımdan diqqət çəkir. Ekspertə görə, bu, “Ukrayna üzrə Avropa sammiti” adlansa da, qoca qitənin liderlərini düşündürən əsas məsələ başqadır: "Söhbət Avropanın yeni təhlükəsizlik arxitekturasından, yəni NATO-ya dair müzakirələrdən gedir. Aydındır ki, Avropa liderləri ABŞ-nin Ukrayna müharibəsindən sonra Alyansı tərk etməsindən narahatdır. Bu baş verərsə, Avropa təhlükəsizliyində ciddi boşluq yarana bilər. Ən pisi isə bu günə qədər ABŞ-yə arxayın olan ölkələr hərbi xərclərini yenidən artırmalı olacaq. Bu isə onsuz da işsizlik, bahalaşma, miqrant axını kimi problemlərlə üzləşən Qərbin yeni risklərlə qarşılaşması deməkdir. Avropa liderləri bir məsələdə haqlıdırlar ki, “Paks Amerikana” dövrü sona çatıb. ABŞ Prezidenti Donald Tramp hazırkı vəzifəsinə seçilməzdən öncə hərbi xərcləri azaltmaq istədiyini demişdi. Lakin orduda ixtisara getməklə NATO-nu tərk etmək tamam fərqli anlayışlardır. Vaşinqtonun NATO-nu tərk edəcəyini düşünmürəm. ABŞ, sadəcə, Avropa ölkələrinin müdafiə xərclərini artırmasını istəyir. Yəni Vaşinqton Avropanı qorumağı, qitənin sahiblərinin isə hərbi xərcləri azaldaraq rifahını yüksəltməsini ədalətsiz hesab edir. Bu, haqlı yanaşmadır. Hər kəs əlini daşın altına salmalıdır. Əslində, Avropa ölkələrinin hərbi xərclərini artırması gələcəkdə ABŞ-nin Rusiya ilə bağlı planları üçün də vacibdir. Digər yandan ABŞ-Rusiya danışıqları fonunda belə bir yanlış fikir var ki, Vaşinqton Kremllə problemləri həll edərək Çinə qarşı ortaq mübarizəyə hazırlaşır. Halbuki, onun məqsədləri və müharibənin aktiv fazasını bitirmək səyləri tamamilə başqa səbəbdən qaynaqlanır. Ukrayna ilə Rusiya arasında konkret yekun sülhdən danışmaq üçün tezdir. Digər tərəfdən Qərb ölkələrini əlində saxlamaq üçün ABŞ-nin Rusiyaya ehtiyacı var. ABŞ-nin NATO-dan çıxmaq qərarı bir şəxsin iradəsi ilə mümkün deyil. Bunun üçün kifayət qədər bürokratik əngəllər var. Hər şeydən öncə bu, Senatın üçdə iki səs çoxluğu və ya Konqresin aktı ilə təsdiq edilməlidir.
Avropa “Paks Amerikana” dövrünün sona çatması kontekstində yeni təhlükəsizlik formatında Türkiyənin iştirakına xüsusi diqqət ayırır. Lakin Vaşinqtonun bu məsələdə fərqli planlarının olduğunu düşünürəm. ABŞ Türkiyənin Yaxın Şərqin təhlükəsizliyində daha çox rol oynamasını istəyir. Ankaranın da bu məsələdə Vaşinqtonla ortaq görüşdə olduğunu demək olar".