Bolqarıstanda kütləvi aksiya - Hökumətin istefası tələb edilir

Bolqarıstanın paytaxtı Sofiyada müxalifət partiyalarının təşkil etdiyi genişmiqyaslı etiraz aksiyası hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Axar.az xəbər verir ki, aksiya hökumət binası, prezident administrasiyası və parlament arasında yerləşən “hakimiyyət üçbucağı” adlanan ərazidə on minlərlə etirazçı toplaşıb.

Meydanda böyük monitorlar quraşdırılıb ki, iştirakçılar çıxışları və prosesləri aydın şəkildə izləyə bilsinlər.

Etirazçılar yalnız hökumətin istefasını deyil, həmçinin ölkənin idarəetmə sisteminin dəyişdirilməsini tələb edirlər.

Meydanlardan belə şüarlar səslənib: “Biz aldadılmağa imkan verməyəcəyik!”, “Sirk bitdi! İstefa və məhkəmə vaxtıdır!”, “Bolqarıstanda mafiya idarəçiliyinə son!”.

Polis 25 nəfəri saxlayıb, onlardan bıçaq, qaz balonları, pirotexnika və kütləvi tədbirlərdə qadağan olunan digər əşyalar götürülüb.

Bolqarıstan Milli Televiziyasının məlumatına görə, kütləvi etiraz aksiyaları Plovdiv, Varna, Burqas, Veliko Tırnovo və digər böyük şəhərlərdə də davam edir.