Britaniya ordusu “Ajax”dan imtina etdi

Böyük Britaniya Müdafiə Nazirliyi ekipajın sağlamlıq problemləri səbəbindən hazırlanması və istehsal xərcləri 5 milyard funt sterlinqi (6,65 milyard dollar) aşan yeni “Ajax” zirehli maşınlarının istifadəsindən imtina edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Silahlı Qüvvələrə səkkiz il gec təhvil verilən və gələcəkdə ordunun döyüş qüvvələrinin əsas dayağına çevrilməsi nəzərdə tutulan bu piyada döyüş maşınları hazırda müvəqqəti olaraq xidmətdən çıxarılıb. Qərar müdafiə nazirinin müavini Lyuk Pollard tərəfindən ehtiyat tədbiri olaraq, İngiltərənin cənubundakı Solsberi düzənliyində keçirilən təlimlərdən sonra, “Ajax”ın təhlükəsizliyi nəzərdən keçirilərkən qəbul edilib. Çünki təxminən 30 hərbçi zirehli texnikanın iştirak etdiyi təlim məşqlərindən sonra eşitmə problemlərindən şikayətlənib. Onlardan bəzilərinə tibbi yardım lazım olub. Lakin məlum olduğu kimi, bu, ən böyük problem deyil. Güclü titrəmə və silkələnmə səbəbindən “Ajax”ın heyəti üzvlərinin bədəninin müxtəlif hissələri keyləşib”, - məlumatda deyilib.