Lider də var, xalq da hazırdır: Özbəkistanın supergücə çevrilmə potensialı yüksəkdir

Mirziyoyev Özbəkistanı qapalı ölkədən qlobal oyunçuya çevirir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib ki, Özbəkistandakı islahatlar həlledici mərhələyə daxil olur. Onun sözlərinə görə, Konstitusiyanın hər bir norması dövlət və cəmiyyət həyatında praktiki fəaliyyət meyarına çevrilməlidir. Dövlət başçısı bildirib ki, Konstitusiya ölkədə bütün hüquq və azadlıqların, sülh və sabitliyin, birlik və həmrəyliyin, geri dönüşü olmayan demokratik islahatların təminatıdır. Şavkat Mirziyoyev vurğulayıb ki, bu istiqamətdəki islahatları daha qətiyyətlə davam etdirəcək.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, Özbəkistan da daxil olmaqla, Türküstan bölgəsində qardaş türk dövlətlərinin son illərdə daha irəli çıxmasını müşahidə edirik. Ekspert vurğulayıb ki, istər daxili, istərsə də xarici məsələlərdə atılan addımlar, ümumiyyətlə, dünyanın yeni düzəni ilə ayaqlaşma cəhdləri təqdir ediləcək qədər yüksəkdir:

"Özbəkistanda görülən işlər, aparılan islahatlar da diqqətçəkəndir. Şavkat Mirziyoyevin prezidentliyi dönəmində qardaş Özbəkistan ciddi şəkildə fərqli dövlət kimi özünü dünyaya göstərir. Məhz bu gedişat və baş verənlər ABŞ başda olmaqla dünyanın əsas, aparıcı, böyük güclərinin diqqətini Türküstan dövlətlərinə yönəldib. Özbəkistan və Orta Asiyanın digər dövlət rəhbərlərinin ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edilməsi də bununla bağlıdır. Əlbəttə, belə vəziyyətdə Orta Asiya ölkələrində Konstitusiya, qanunçuluq sahəsində islahatların aparılmasına, işlərin sürətləndirilməsinə zərurət yaranır. Yəni ABŞ kimi dünyanın bir nömrəli qlobal gücü ilə tərəfdaşsansa, təbiidir ki, ölkənin içində də, xaricində də öz siyasətini buna uyğunlaşdırmalısan".

A.Həsrət əlavə edib ki, bir zamanlar Özbəkistan ABŞ və digər dövlətlər, xarici güclər, beynəlxalq qurumlar üçün qapalı hesab edilirdisə, artıq bu, mümkün deyil:

"Ölkəni qapalı tutmaqla irəliləmək qeyri-mümkündür. Ş.Mirziyoyev bu dəyərləri düzgün və vaxtında qiymətləndirməyi bacarır və ölkədə yeniliklərin anonsunu verir. Qardaş ölkə üçün xeyirli-uğurlu olsun. Özbəkistanın potensialı çox böyükdür və bundan istifadə edərək qardaş ölkəni dünyanın liderləri sırasına çatdırmaq mümkündür. Görünür, ölkə prezidenti də məhz buna köklənib. Potensial varsa, lider varsa, xalq da buna meyillidirsə, niyə bundan istifadə edərək beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirməsinlər".