Luvrda yüzlərlə elmi sənəd su altında qaldı

Luvrda noyabrın sonunda baş verən su sızıntısı nəticəsində yüzlərlə elmi nəşr və sənəd zərər görüb.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Hadisə muzeyin Misir şöbəsinin yerləşdiyi "Molien" hissəsində qeydə alınıb.

Rəsmi məlumatlara görə, XIX əsrin sonu — XX əsrin əvvəlinə aid misirşünaslıq jurnalları və tədqiqat sənədləri də daxil olmaqla, 300–400 arxiv materialı su altında qalıb.

Muzey rəhbərliyi kolleksiyadakı unikal artefaktların zərər görmədiyini vurğulayıb. Bütün materialların qurudulacağı və restavrasiya ediləcəyi bildirilib.

Hadisəyə istilik və havalandırma sistemindəki köhnəlmiş klapanın təsadüfən açılması səbəb olub. Muzey sistemi bir neçə ay əvvəl tamamilə dayandırmışdı və o, 2026-cı ildə yenilənəcək. Faktla bağlı daxili araşdırma aparılacaq.

Qeyd edək ki, oktyabrda Luvrda dəyəri 100 milyon dollardan çox olan zinət əşyaları oğurlanmışdı.