Merts: Fransa ilə nüvə əməkdaşlığı yeni doktrinaya yol aça bilər

Almaniya kansleri Fridrix Merts Almaniya ilə Fransa arasında nüvə çəkindirməsi sahəsində əməkdaşlığın genişlənməsinin gələcəkdə yeni nüvə doktrinasının formalaşmasına səbəb ola biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Fransa Prezidenti Emmanuel Makronla Fransa-Almaniya Nazirlər Şurasının iclasından sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Merts bildirib ki, ilk dəfə olaraq Fransa Prezidentinin nüvə çəkindirməsi məsələsini birgə müzakirə etmək təklifini qəbul edib. O xatırladıb ki, vaxtilə Fransa Prezidenti Şarl de Qoll Fransanın nüvə çətirinin Almaniya ərazisinə də şamil edilməsini təklif etmişdi. Kanslerin sözlərinə görə, həmin dövrdə Almaniya bu təklifə ehtiyac duymurdu, çünki beynəlxalq təhlükəsizlik mühiti fərqli idi.

Almaniya kansleri qeyd edib ki, hazırkı geosiyasi şərait dəyişib və bu səbəbdən Almaniya ilk dəfə adi silahlardan istifadəni nəzərdə tutan birgə təlimlərdə iştirak edəcək. Onun sözlərinə görə, məqsəd Avropada çəkindirmə sisteminin gücləndirilməsi istiqamətində ortaq imkanları müəyyənləşdirməkdir.

Merts vurğulayıb ki, bu əməkdaşlıq NATO çərçivəsində Almaniya və Fransanın nüvə iştirakını tamamlayacaq və Avropanın müdafiə qabiliyyətinin artırılmasına xidmət edəcək. O əlavə edib ki, Fransa hökumətinin nüvə çəkindirməsi ilə bağlı təklifləri ciddi şəkildə araşdırılır.

Kansler sonda bildirib ki, görüləcək işlər gələcəkdə yeni nüvə doktrinasının formalaşmasına gətirib çıxara bilər. Bununla belə, onun sözlərinə görə, hazırda bu barədə danışmaq hələ tezdir və yaradılan işçi qrupunun əsas vəzifəsi bütün strateji variantları qiymətləndirərək müdafiə qabiliyyətinin mərhələli şəkildə gücləndirilməsi ilə bağlı təkliflər hazırlamaqdır.