Parlamentari: Tramp Ukraynaya özü qarant olmaq istəyir

Avropa dövlətləri ilə ABŞ arasında Ukraynanın təhlükəsizliyi ilə bağlı ciddi fikir ayrılıqları və uçurum mövcuddur 
Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə həmkarı Donald Trampın mübahisəsi dünya ictimaiyyətində böyük rezonansa səbəb oldu. ABŞ rəsmiləri buna görə Zelenskinin üzr istəməsini tələb edirlər. Hətta Prezident Donald Tramp Ukraynaya təzyiq olaraq bütün hərbi yardımları dayandırdı. Ukrayna Prezidenti Ağ Evdə baş verənlərin utancverici olduğunu deyib. Onun sözlərinə görə, hər şeyi düzgün etməyin vaxtıdır: "Biz gələcəkdə konstruktiv əməkdaşlıq və ünsiyyət istərdik". Zelenski vurğulayıb ki, Ukrayna istənilən vaxt faydalı qazıntılar və təhlükəsizliklə bağlı saziş imzalamağa hazırdır: "Bu sazişi təhlükəsizliyin və etibarlı təhlükəsizlik təminatlarının gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndiririk. Bir daha vurğulamaq istərdim ki, Ukrayna sülhə can atır. Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülhü yaxınlaşdırmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”. O həmçinin bəyan edib ki, müharibənin başa çatması prosesinin ilk mərhələləri əsirlərin azad edilməsi, dənizdə və səmada atəşkəs ola bilər ki, bu da raketlərin, uzaqmənzilli pilotsuz təyyarələrin, enerji və mülki infrastruktura zərbələrin istifadəsinə qadağa qoyulmasını nəzərdə tutur. Sonda Zelenski Trampın Ukraynanı FGM-148 “Javelin” tank əleyhinə raket kompleksləri ilə təmin etdiyi “dönüş nöqtəsini” xatırladıb. Böyük Britaniya Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülh planını təqdim etmək üçün gələn həftə Volodimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırdır. Məlumata görə, Zelenski gələn həftə ABŞ Prezidenti Donald Trampa planla bağlı vahid mövqe təqdim edəcək. Fransa Baş naziri Fransua Bayru ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasını şərh edərkən deyib ki, Fransa və Avropa ABŞ-nin Ukraynaya yardımını mümkün qədər əvəz etmək üçün bütün mümkün vasitələri birləşdirməlidir. O vurğulayıb ki, Ukrayna hərbçilərinə döyüş sursatı, rabitə və kommunikasiyalara çıxış, həmçinin müəyyən sayda kəşfiyyat sistemləri lazımdır: “Bu, bizi modelimizi, prioritetlərimizi yenidən nəzərdən keçirməyə və düşündüyümüz dünyaya fərqli gözlə baxmağa vadar edəcək. Biz aşkar etdik ki, bu dünya düşündüyümüzdən daha təhlükəlidir və bu təhlükə bizim müttəfiq hesab etdiyimiz şəxslərdən qaynaqlanır”. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasını şərh edib. Lavrov hesab edir ki, Volodimir Zelenskinin ABŞ-dən silah tədarükünün dayandırılmasından sonra danışıqlar masasına oturub-oturmayacağını proqnozlaşdırmaq mümkün deyil: "Onun beyninin içinə girə bilmərəm, o heç insan da deyil". ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, indi danışıqlar masası arxasında əyləşmək vacibdir: "Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə konflikti davam etdirə bilər". 
“Axios” nəşri yazıb ki, Tramp Vladimir Putinə tərəfdaş, Volodimir Zelenskiyə isə düşmən kimi yanaşır. Bu da NATO müttəfiqlərini və hətta bəzi respublikaçıları təşvişə salır: "Tramp Rusiyanın maraqlarına xidmət edən bir sıra addımlar atıb, onlardan sonuncusu ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırmaq qərarı olub. Bundan əlavə, Tramp Moskvaya qarşı sanksiyaların yumşaldılması imkanlarını nəzərdən keçirir və Kiyevdə rejimin dəyişdirilməsinə eyham vurur”. 
Millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a açıqlamasında deyib ki, Avropa ölkələri Ukraynaya hiss olunacaq dərəcədə təhlükəsizlik qarantiyası istəyirlər. Deputat vurğulayıb ki, Ukraynanın təhlükəsizliyinin qarantiyası sülhyaratma missiyasından ibarət olmalıdır:
 "Bunun üçün Avropanın müəyyən ehtiyatları var və bunu reallaşdırmaq gücündədirlər. ABŞ-nin, Tramp administrasiyasının yanaşması isə tamam fərqlidir. Tramp iki məsələni önə çəkir. Vurğulayır ki, o, prezident kimi özü qarantdır. Həmçinin, düşünür ki, Rusiya rəhbəri V.Putin digər liderlərə hörmətsizlik edirdi, amma ona hörmət bəsləyir. Digər yandan ABŞ-nin iqtisadi maraqlarının təmin olunması Ukrayna üçün qarantiyadır. Ötən həftənin cümə günü Ağ Evdə Tramp-Zelenski görüşünün pozulmasının əsas səbəblərindən biri mineral resurslarla bağlı saziş ətrafında yaranmış fikir ayrılıqlarının digər məsələlərə də sirayət etməsi idi. 1994-cü ildəki Budapeşt sazişi, 2019-cü ildə "Normand dördlüyü"nün qarantiyası Ukraynanın təhlükəsizliyini təmin edə bilmədi. Zelenskinin təkidlə tələb etdiyi odur ki, hiss olunan formada Ukraynanın təhlükəsizliyinə qarantiya verilsin. Ukraynanın təhlükəsizliyi necə təmin olunmalıdır? Onlara NATO-da yer yoxdur. Amma NATO-nun Ukraynada təmsil olunmaq məsələsi gündəmdədir. Londonun başladığı telefon diplomatiyası, ondan sonra Avropa liderlərinin London sammiti və orada elan olunan məsələlər də bu istiqamətdədir. London görüşündə Zelenskiyə isti münasibət var idisə, eyni dərəcədə də ABŞ administrasiyasının ünvanına isti mesajlar göndərilirdi. Məqsəd odur ki, Ukrayna ilə ABŞ arasında ziddiyyət Avropa Birliyi ilə ABŞ arasındakı qarşıdurmaya çevrilməsin. Düzdür, Ukraynaya çoxsaylı hərbi texnikalar göndərilib və bir milyard dollar civarında texnika da Polşa sərhədinə cəmlənib. Tramp administrasiyasının moratorium elan etməsi yaxın həftələr, aylar üçün təsirli olmasa da, uzunmüddətli ABŞ-nin dəstəyini əvəzləmək çox çətin ola bilər".
Parlament üzvü qeyd edib ki, Tramp ABŞ-nin iqtisadi maraqlarını mineral ehtiyatlarla bağlı razılaşmaya bağlayır və bununla Ukraynanın təhlükəsizliyinə qarantiya verməyi düşünür: "Ekspertlərin hesablamalarına görə, Trampın istədiyi resurslar azı 11 trilyon ABŞ dolları həcmindədir. Real və qısa müddətdə çıxarılacaq dəyərlər isə 500 milyardın üzərindədir. Nəzərə alaq ki, ABŞ-nin indiyədək Ukraynaya verdiyi hərbi və maliyyə dəstəyi 100 milyarddan bir az artıqdır. Avropa İttifaqının yardımı isə 130 milyard dollar civarındadır. Bu gün ABŞ və Kanada münasibətlərində mineral ehtiyatlara görə gərginlik yaşanır. Çünki Kanadanın Baş naziri Trüdo hədələdi ki, əgər onlara qarşı rüsumlar tətbiq olunarsa, qiymətli metalları Rusiyadan da ala bilərlər. Deməli, Trampa mineral resurslarla bağlı ortamüddətli də olsa ikinci variant lazımdır. Məsələnin təhlükəsizlik tərəfi çox ciddidir. Ekspertlərin rəyinə görə, hərbi əməliyyatlar gedən ərazi, yəni Şərqi Ukrayna cəbhəsi təxminən Budapeştdən Parisə, yaxud Budapeştdən Londona qədər böyük bir ərazini əhatə edir". 
R.Nəbiyev bəyan edib ki, Makron təklif etmişdi ki, dənizdə, havada və energetika infrastrukturunda məhdud atəşkəs elan olunsun. Ancaq bu məsələ masada olsa da, təsdiqini tapmayıb:
 "Bunu böyük atəşkəsə gedən yolda bir növ sınaq kimi həyata keçirmək istəyirdilər. Böyük atəşkəsdən sonra isə ən azı 20 minlik qoşun və 40 milyard dollara qədər vəsait tələb olunur. Ukrayna isə 100 milyard dollar istəyir. 40 milyard dollar da hardasa Cənubi Koreyanın, yaxud İsrailin hərbi xərcləri qədərdir. Üstəlik, bu hərbi kontingent də ABŞ-nin zəmanətlərini istəyir. Fransa və Böyük Britaniya 15 minlik ordu verir, digər dövlətlərlə birlikdə 20 min qoşunu toplamaq mümkündür. Amma hərbi kəşfiyyat və infrastrukturla bağlı ABŞ-nin zəmanətini istəyirlər. ABŞ özü hərbi cəhətdən orada olmasa belə, siyasi çəkisi, qarantiyası önəmlidir. Ona görə də bu gün Avropa dövlətləri ilə ABŞ arasında Ukraynanın təhlükəsizliyi ilə bağlı ciddi fikir ayrılıqları və uçurum mövcuddur".