Tokayev Putinin mayın sonunda Qazaxıstan səfərinə hazırlığını açıqlayıb

Qazaxıstanda Rusiya Prezidenti Vladimir Putinin mayın sonuna planlaşdırılan dövlət səfərinə hazırlıq görülür.

"Report"un məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə Moskvada V.Putinlə görüşündə bildirib.

"Ölkələrimiz arasında əməkdaşlığa gəldikdə, mayın sonunda sizin dövlət səfərinizə intensiv hazırlaşırıq", - Tokayev deyib.

O, həmçinin ölkələr arasında sənaye əməkdaşlığının inkişafını qeyd edib. Tokayevin sözlərinə görə, son 20 ildə 177 birgə layihə hazırlanıb, onlardan 122-si son beş ildə həyata keçirilib.

K.Tokayev Rusiyanın Qazaxıstan iqtisadiyyatına ən böyük investor olaraq qaldığını və ticarət dövriyyəsinin ilin sonuna qədər 30 milyard dolları keçəcəyi proqnozlaşdırıldığını vurğulayıb.