Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” şirkəti 30 mindən çox əməkdaşının ixtisarı çərçivəsində könüllü işdən ayrılmaq istəyən işçilərə 422 min avroyadək təzminat ödəməyi təklif edib.
Sherg.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 52 yaşlı mühəndis şirkətin təklifindən yararlanacağı təqdirdə 422 min avroyadək kompensasiya ala bilər. Əlavə bonus nəzərdə tutulmayan halda isə bu məbləğ 340 min avroyadək olacaq. Digər mütəxəssislər üçün isə təzminatın məbləği 253 min avroyadək müəyyən edilib.
İxtisar proqramı birbaşa istehsalat prosesində çalışmayan 30 mindən çox əməkdaşı əhatə edəcək. Ödəniləcək kompensasiyanın məbləği işçinin yaşından, şirkətdəki iş stajından və əməkhaqqından asılı olacaq. Təklifi qısa müddətdə qəbul edən əməkdaşlara əlavə bonus da veriləcək. Proqramda iştirak üçün əsas şərtlərdən biri dekabrın 1-dək şirkətdə ən azı üç il iş stajının olmasıdır.
“Mercedes-Benz” hesab edir ki, işdənçıxarma təzminatlarına çəkilən xərclər bir neçə il ərzində əməkhaqqı və digər kadr xərclərinin azalması hesabına kompensasiya olunacaq.
Qeyd edək ki, Almaniyada 2034-cü ilin sonunadək qüvvədə olan iş yerlərinin qorunması zəmanəti səbəbindən şirkət əməkdaşları məcburi ixtisar etmək əvəzinə könüllü işdən ayrılma proqramına üstünlük verir. “Mercedes-Benz” 2025-ci ildə də oxşar proqram həyata keçirib və bu məqsədlə rekord həcmdə – 1,6 milyard avro vəsait ödəyib.