Son xəbərlər

7 ölkənin meşə yanğınlarına qarşı birgə layihəsi - Türkiyə də təşəbbüsə qoşulub

İqlim dəyişiklikləri səbəbindən artan meşə yanğınları riskini azaltmaq məqsədilə Türkiyə, İspaniya, İtaliya, Yunanıstan, Əlcəzair, Tunis və Livan birgə layihə həyata keçirir.

Sherg.az xəbər verir ki, “MedFireWise” (Aralıq dənizində ağıllı yanğın idarəçiliyi) layihəsi çərçivəsində yanğın mövsümü başlamazdan əvvəl qabaqlayıcı tədbirlər görülür.

İstanbul Universiteti-Cerrahpaşa Universitetinin professoru Yusuf Serengilin sözlərinə görə, layihənin əsas məqsədi nəzarətli yandırma və otlaq sahələrində heyvanların otarılması üsulları ilə yanıcı materialların miqdarını azaltmaqdır. Bununla da meşə yanğınlarının başvermə və genişlənmə ehtimalının aşağı salınması hədəflənir.

Professor bildirib ki, yanğınlar başladıqdan sonra, xüsusilə güclü külək zamanı alovları nəzarətə götürmək çətinləşir. Buna görə də mübarizə yalnız yanğının söndürülməsinə deyil, risklərin əvvəlcədən azaldılmasına yönəldilməlidir.

Layihə çərçivəsində Aralıq dənizi ölkələrinin mütəxəssislərinin bilik və təcrübə mübadiləsi aparacağı ortaq platformanın yaradılması da nəzərdə tutulur. Həmçinin pilot ərazilərdə sınaq işləri görüləcək, məktəblərdə maarifləndirmə tədbirləri keçiriləcək və yanğınlarla mübarizə üzrə tədris materialları hazırlanacaq.

2025-ci ilin iyununda başlayan 36 aylıq layihənin 2028-ci ilin iyununda başa çatdırılması planlaşdırılır.