Bərdədə dəm qazından öldüyü deyilən cütlükdən birinin - Pərvanə Hüseynovanın yaxınları hadisədə şübhəli məqamlar aşkar ediblər.
Mərhumun yaxınları Teleqraf-ın Qarabağ bürosuna bildiriblər ki, Pərvanə 2025-ci ildə orta məktəbi bitirdikdən dərhal sonra 2003-cü il təvəllüdlü Kənan İmaməliyevə qoşularaq evdən qaçıb. Onların toyu təxminən 8 ay sonra olub.
Bir müddət sonra ər-arvad arasında mübahisə yaranıb, Pərvanə valideynlərinin evinə qayıdıb. Lakin o, yenidən həyat yoldaşının evinə dönüb.
Hadisə günü yaxınları Pərvanənin mobil telefonuna baxış keçiriblər. Onların iddiasına görə, telefondakı bütün yazışmalar silinmiş vəziyyətdə olub.
Qohumlar hadisənin səbəbinin müəyyənləşməsi üçün prokurorluğun araşdırmasını və ekspertiza rəylərinin nəticələrini gözlədiklərini qeyd ediblər.
***
13:28
Bərdədə dəm qazından zəhərlənən ər-arvad təzə ailə qurubmuş.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı zəhərlənən 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və onun 2008-ci il təvəllüdlü həyat yoldaşı Pərvanə Hüseynova əslən Ağdam rayonundandırlar.
Cütlük yenicə ailə qurubmuş.
Qeyd edək ki, Bərdənin Əliyanlı kəndində yaşadıqları evdə dəm qazından zəhərlənən ər-arvad xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Kənan İmaməliyevin müalicəsi davam etdirilir, vəziyyəti orta-ağırdır.
***
11:30
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən bağlı qapı arxasında qalan şəxslərin qapının döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyi müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrlə giriş qapısını açaraq evə daxil olub, 2003-cü il təvəllüdlü Kənan İmaməliyevi və onun həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynovanı huşsuz vəziyyətdə aşkar ediblər.
İlkin olaraq dəm qazından zəhərləndikləri ehtimal edilən zərərçəkmişlər ilkin yardım göstərildikdən sonra təcili olaraq xəstəxanaya çatdırılıblar.
Lakin zərərçəkmişlərdən biri - Pərvanə Hüseynova həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib, digərinin - Kənan İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.