UEFA Çempionlar Liqasında “Aston Villa”nı 1:0 hesabı ilə məğlub edən “Qalatasaray”ın diqqəti “Beşiktaş”la keçiriləcək derbiyə yönəlib. İstanbul təmsilçisində ulduz hücumçu Viktor Osimhenin oyunda iştirakı ilə bağlı qeyri-müəyyənlik davam edir.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin “Fanatik” nəşri məlumat yayıb.
Məlumata görə, “Qalatasaray”ın tibbi heyəti və məşqçilər korpusu Osimhen və Roland Sallainin vəziyyətini müzakirə etmək üçün toplantı keçirib.
Son müayinələrin nəticələrinə əsasən, Osimhenin “Beşiktaş”la derbi matçının iştirak ərizəsinə daxil edilmə ehtimalı yüksəkdir. Lakin onun meydana çıxıb-çıxmayacağı məşqlərdəki fiziki vəziyyətindən asılı olacaq.
Nigeriyalı hücumçu ötən gün məşq zamanı fizioterapevtin müşayiəti ilə zalda fərdi çalışıb. Derbidən əvvəlki son məşqdə onun komanda ilə birlikdə hazırlıq keçməsi planlaşdırılır.
Osimhen son məşqdə özünü yaxşı tərəfdən göstərərsə, hətta ilk “11-lik”də də yer ala bilər.
Roland Sallai də məşqlərini zalda davam etdirir. Onun komanda ilə ümumi məşqlərə qoşulacağı təqdirdə start heyətində yer almaq şansı var.
Baş məşqçi Okan Burukun yekun qərarını son məşqdən sonra verəcəyi bildirilir.