Avstraliyada 42 il əvvəl doğuş zamanı əlindən alınan və öldüyü deyilən oğlunun sağ olduğunu öyrənən qadın illər sonra onunla qovuşub.
Sherg.az xəbər verir ki, BBC-nin məlumatına görə, 1976-cı ildə, 21 yaşında olarkən evlilikdənkənar hamilə qalan Diane Sheehan doğuş üçün xəstəxanaya aparılıb. O, həmin dövrdə ailə qurmadan ana olduğu üçün xəstəxanada təzyiq və laqeyd münasibətlə üzləşdiyini, doğuşdan dərhal sonra körpəsinin əlindən alındığını bildirib.
Dianeyə yalnız körpəsinin öldüyü deyilib. Hətta ona uşağın cinsiyyəti belə açıqlanmayıb.
Bir e-poçt 42 illik sirri açdı

Oğlunun öldüyünə inanan Diane yaşadığı ağrını illərlə heç kimlə bölüşməyib. Hamiləliyini ailəsindən gizlədən qadın bu barədə sonradan həyat yoldaşına və övladlarına da danışmayıb.
Lakin 2018-ci ildə aldığı bir e-poçt onun həyatını tamamilə dəyişib. Simon adlı şəxs doğum məlumatlarının üst-üstə düşdüyünü və DNT testlərinin Diane-in onun bioloji anası ola biləcəyini göstərdiyini yazıb.
Göndərdiyi fotoları görən Diane Simonun illər əvvəl münasibətdə olduğu Jasona bənzədiyini də fərq edib. Beləliklə, 42 il əvvəl öldüyü deyilən körpəsinin əslində sağ olduğunu öyrənib.
Hava limanında illər sonra qovuşdular
Diane və Simon uzun illərdən sonra ilk dəfə hava limanında görüşüblər. Simonun onu güllərlə qarşıladığını söyləyən qadın həmin anı belə xatırlayıb:
“Çiçəklərlə məni gözləyirdi. Ona sarılanda sanki illərdir tanıdığım bir insana sarılmış kimi oldum. Amma həqiqəti ilk öyrənəndə həyatımın şokunu yaşadım”.
Diane bir müddət sonra digər övladları Sarah və Danielə də illərlə gizlətdiyi həqiqəti danışıb.

Məcburi övladlığa verilmə halları yenidən gündəmdə
Diane-in hekayəsi Avstraliyada keçmişdə subay anaların uşaqlarının onların razılığı olmadan övladlığa verilməsi ilə bağlı mübahisələri yenidən gündəmə gətirib. Məlumata görə, həmin dövrdə minlərlə qadına körpələrinin öldüyü deyilib və ya uşaqlarının taleyi barədə yanlış məlumat verilib.
Simonun övladlığa götürüldüyü ailəyə isə onun bioloji anasının uşağı könüllü şəkildə verdiyi bildirilib. Ailə illər ərzində Diane-ə məktublar və fotolar göndərsə də, həmin məktubların qadına niyə çatmadığı aydınlaşdırılmayıb.
Diane baş verənlərə görə xəstəxanaya qarşı hüquqi mübarizə aparmağı da düşünüb. Lakin ona hadisə ilə bağlı sənədlərin məhv edildiyi bildirilib.
Beləliklə, 42 il oğlunun ölümünə inanaraq yaşayan ana illər sonra onunla qovuşmaq imkanı əldə edib.