Son xəbərlər

Mourinyo Arda Gülərin mövqeyini dəyişir - İspaniyada yeni müzakirə başladı

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Arda Güləri hücumameyilli yarımmüdafiəçi mövqeyindən daha mərkəzə çəkərək onun oyununda yeni taktiki dəyişikliyə imza atıb.

Sherg.az xəbər verir ki, İspaniyanın “Libertad Digital” nəşrinin məlumatına görə, Çempionlar Liqasında PSV ilə qarşılaşmada “Real Madrid” ilk hissəni 0:1 hesabı ilə geridə başa vursa da, ikinci hissədə 5:1 hesablı qələbə qazanıb. Komandanın dönüşündə Mourinyonun Arda Gülərin mövqeyini dəyişməsi mühüm rol oynayıb.

İlk hissədə rəqib müdafiə xəttləri arasında boşluq tapmaqda çətinlik çəkən Arda ikinci hissədə yarımmüdafiənin mərkəzinə, Bernardo Silvanın yanına çəkilib. Bu dəyişiklikdən sonra komandanın ötürmə əlaqələri güclənib. Ardanın Fede Valverdaya dabanla ötürməsi isə hesabın bərabərləşməsinə səbəb olan qol epizodunu yaradıb.

Mourinyo hələ avqust ayında Ardanın gələcəkdə daha mərkəzi mövqedə oynaya biləcəyinə işarə etmişdi. Portuqaliyalı mütəxəssis futbolçunun Luka Modriç və Bernardo Silva kimi inkişaf edə biləcəyini bildirərək belə demişdi: “10 nömrə kimi başlayırsan, karyeranı isə 8 və ya 6 nömrə kimi başa vurursan”.

Arda sağ cinahda da çıxış edə bilir. Bu variantda Cud Bellingem mərkəzdə, Yan Diomande isə digər cinahda oynaya bilər. Türkiyə millisinin üzvü sol ayağı ilə mərkəzə doğru irəliləyərək Kilian Mbappeyə ötürmələr verə bilər.

Lakin onun yarımmüdafiənin mərkəzinə çəkilməsi heyətdə başqa taktiki suallar da yaradır. Bu halda Ardanın yanında Orelyen Çuameni, yoxsa Eduardo Kamavinqanın oynayacağı hələlik bəlli deyil.

“Real Madrid”in La Liqada “Alaves”lə keçirəcəyi növbəti ev oyunu Mourinyonun PSV matçında tətbiq etdiyi taktiki dəyişikliyin müvəqqəti variant, yoxsa Arda üçün yeni mövqenin başlanğıcı olduğunu göstərəcək.

Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 16 oyunda 4 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.