
Qüds yeni Berlinə çevrilir: İsrail Qəzzanı ilhaq üçün əlindən gələni edir
Turan Rzayev: “Qəzzadakı əməliyyatlar artıq “antiterror” deyil, işğal və etnik təmizləmədir”
Bəzi liderlərin Fələstinə təslim olması İsraili heç bir şeyə məcbur etməyəcək və Fələstin dövləti qurulmayacaq. Bunu İsrail Baş naziri Benyamin Netanyahu bir neçə ölkənin Fələstin dövlətçiliyini tanımaq qərarını şərh edərkən bildirib. Məlumat üçün bildirək ki, BMT-nin Nyu- Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San-Marino və Fransa Fələstin dövlətini tanıdıqlarını bəyan ediblər. Bundan əlavə, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıb. Fələstin məsələsinin həllində "iki dövlət prinsipi" beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində ən real və legitim model kimi qiymətləndirilir. Azərbaycan da bu mövqeyi ardıcıl şəkildə dəstəkləyir. 90-cı illərdə Fələstini tanıyaraq onunla diplomatik münasibətlər qurub. Bu addım Azərbaycanın münaqişənin həllinə yanaşmasında prinsipial mövqeyini və beynəlxalq hüquqa əsaslanan həll yollarına sadiqliyini əks etdirir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, eyni mövqeyi sonradan qəbul edən digər ölkələrə nisbətən daha erkən və ardıcıl xarakter daşıyıb. Son günlərdə isə müxtəlif ölkələrin ardıcıl şəkildə Fələstin dövlət müstəqilliyini tanıması diqqət çəkir. Bu proses beynəlxalq aləmdə münaqişənin həlli ilə bağlı yeni dinamikanın formalaşmasına səbəb ola bilər. Fələstinin tanınması bir tərəfdən siyasi dəstək kimi qiymətləndirilir və münaqişənin beynəlxalq hüquq əsasında həllinə çağırış xarakteri daşıyır. Digər tərəfdən isə İsrailin mövqeyini çətinləşdirərək danışıqlarda balanslı həll tapmağı daha mürəkkəbləşdirə bilər. Beləliklə, bu prosesin həm müzakirə imkanlarını genişləndirməsi, həm də tərəflər arasında əlavə gərginlik yaratması mümkündür. Eyni zamanda, müzakirələrdə İsrailin təhlükəsizlik narahatlıqları da nəzərə alınmalıdır. Çünki Fələstin tərəfinin hazırkı siyasi strukturu parçalanmış vəziyyətdədir. Mahmud Abbas Administrasiyasının institusional imkanlarının zəifliyi, digər tərəfdən HƏMAS ilə müxtəlif silahlı qrupların siyasi proseslərdə legitimlikdən kənarda qalması danışıqları çətinləşdirir. Bu vəziyyət İsrailin təhlükəsizlik arqumentlərinin diqqətdən kənarda qalmamasını zəruri edir.
Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında deyib ki, son hadisələr göstərir ki, bir çox ölkələrin Yaxın Şərq böhranına yanaşması dəyişməkdədir. Ekspert vurğulayıb ki, İsrailin Qəzzada apardığı əməliyyatlar ilkin mərhələdə “antiterror əməliyyatı” idi:

"Çünki HƏMAS 7 oktyabr 2023-cü ildə İsrailə qarşı “Əqsa tufanı” əməliyyatı keçirdi. Bu kontekstdə İsrailin cavabı müəyyən mənada legitim sayılırdı. Lakin zaman keçdikcə İsrailin apardığı əməliyyatların xarakteri dəyişdi. Beynəlxalq hüquq və insan haqlarının pozulması, mülki obyektlərin və dinc əhalinin hədəf alınması, insanların doğma torpaqlarını tərk etməyə məcbur edilməsi artıq bu prosesin “antiterror əməliyyatı” çərçivəsinə sığmadığını göstərdi. Hazırda İsrailin Qəzzada keçirdiyi əməliyyatlar faktiki olaraq işğal və etnik təmizləmə siyasətidir. İsrailin əlindəki yüksək dəqiqlikli silahlar mülki əhalinin həlak olmasının qarşısını almağa imkan versə də, Təl-Əviv bu imkandan istifadə etmir. Əksinə, əhalini ətraf ölkələrə köçməyə məcbur edir və dirənənləri hədəfə alaraq qətlə yetirir. Bu isə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Əlbəttə, məsələnin bir də media tərəfi var. Qəzzada baş verənlər bu gün dünya mediasının gündəmindədir. Sosial şəbəkələrdə insanlar baş verənlərə biganə qalmır, etiraz edirlər və hətta bu etirazlar hökumətlərinə qarşı təzyiq formasını alır. Avropa ölkələrində İsrailə qarşı keçirilən ardıcıl etiraz aksiyaları və nəticə olaraq Fələstinin müstəqilliyinin tanınması məhz bu ictimai basqı ilə əlaqədardır".
T.Rzayevin qənaətincə, bununla belə, Fələstin dövlətinin tanınması müsbət və tarixi cəhətdən ədalətli addımdır:
"Münaqişənin gələcəkdə sülh yolu ilə həlli üçün Fələstinin müstəqil dövlət olaraq tanınması vacib şərtdir. Ancaq bu tanınmanın Qəzzadakı qətliamın və ərazinin ilhaqının qarşısını alacağına inanmaq çətindir.
Əsas problem ondan ibarətdir ki, hazırda Fələstin Prezidenti Mahmud Abbas və onun rəhbərlik etdiyi Fələstin Milli Administrasiyası Qəzzaya nəzarət etmir. Diqqət yetirsək, bu günə qədər İsrailin hərbi əməliyyatları əsasən Qəzza zolağında cərəyan edir. Ramallah mərkəzli Fələstin ərazilərində isə ciddi bir gərginlik müşahidə olunmur. Mahmud Abbasın əsas narahatlığı da Qəzzanın gələcəyindən çox, HƏMAS-ın statusu ilə bağlıdır. Fələstin daxilində hərbi-siyasi bölünmə var və bu, müstəqil dövlətin tam formalaşmasına maneə yaradır. İsrailə rəğmən, Fələstin dövlətinin tanınması qarşısıalınmaz mərhələyə daxil olub. Lakin Təl-Əviv Qəzzanın ilhaqı üçün əlindən gələni edəcək. Hətta bu məsələ gələcəkdə Fələstin-İsrail danışıqlarında rəsmi şəkildə müzakirə mövzusu ola bilər. Yəni Fələstin dövlətinin tanınması müqabilində İsrail Qəzza zolağının ilhaqını tələb edə bilər.
İstisna deyil ki, ABŞ Prezidenti Donald Trampın da məqsədi məhz budur. Hesab edirəm, Qüds "yeni Berlin", Ağlama Divarı isə Berlin divarı ola bilər. Necə ki, Berlin uzun illər Şərq və Qərb blokları arasında bölünmüşdü, Qüds də bu gün İsrail və Fələstin arasında kəskin ideoloji, siyasi və dini ayrılığın mərkəzində dayanır. Hər iki tərəf üçün müqəddəs olan bu şəhər faktiki olaraq bölünüb və bu bölünmə yaxın gələcəkdə daha da dərinləşə bilər".
Analitikə görə, Fələstin dövlətinin tanınması beynəlxalq səviyyədə önəmli dönüş nöqtəsidir:
"Bu tanınma təkcə siyasi deyil, həm də simvolik və mənəvi əhəmiyyət daşıyır. Lakin bu, təkbaşına nə Qəzzada baş verən insan faciələrini dayandıra, nə də İsrailin ilhaq planlarının qarşısını ala bilər. Davamlı və ədalətli sülh üçün beynəlxalq ictimaiyyətin real və effektiv təzyiqlərinə ehtiyac var. Əks təqdirdə İsrail istəyinə nail olacaq. Hətta istisna deyil ki, Təl-Əviv yaxın zaman ərzində diqqəti yayındırmaq üçün İranla gərginliyi yenə artıracaq".