Demokrat Şumer Trampın "İranla müharibə başa çatıb" açıqlamasını cəfəngiyat adlandırıb

ABŞ Konqresinin Senatında demokrat azlığın lideri, Nyu-York ştatını təmsil edən Çak Şumer prezident Donald Trampın İranla müharibənin başa çatdığı barədə bildirişini “cəfəngiyat” adlandırıb. Sherg.az xəbər verir ki, Şumer müvafiq paylaşımı X platformasında edib.

“Bu, cəfəngiyatdır. Bu, qanunsuz müharibədir və respublikaçılar hər gün buna ortaq olaraq onun davam etməsinə imkan verdikcə, bu, insanların həyatının təhlükə altına düşdüyü, xaosun artdığı və amerikalıların ödəməli olduğu qiymətlərin yüksəldiyi daha bir gün deməkdir”, – deyə Şumer ABŞ prezidentinin İran əleyhinə hərbi əməliyyatın başa çatdığını bildirməsinə münasibət bildirərkən yazıb.

ABŞ prezidenti mayın 1-də Konqres rəhbərliyinə rəsmi şəkildə məlumat verərək bildirib ki, Ağ Ev İranla müharibəni başa çatmış hesab edir. Bu, aprelin 7-də qüvvəyə minmiş və sonradan uzadılmış atəşkəslə əsaslandırılıb. Lakin görünür, bu addım əsasən ABŞ qanunvericiliyinin – xaricdə silahlı qüvvələrin tətbiqini tənzimləyən müddəalara əməl etmək zərurətindən irəli gəlib.

ABŞ-da icraedici hakimiyyət qanunverici hakimiyyətin icazəsi olmadan silahlı qüvvələri xaricdə yalnız 60 gündən artıq olmayan müddətdə istifadə edə bilər. Bu norma ABŞ-ın 1973-cü il Hərbi Səlahiyyətlər Aktı ilə müəyyən edilib. Mayın 1-i İranla müharibənin 60-cı gününə təsadüf edirdi və Ağ Ev münaqişədə iştirakın davam etdirilməsi üçün Konqresdən icazə almamışdı. ABŞ Konstitusiyasına əsasən isə müharibə elan etmək səlahiyyəti prezidentə deyil, Konqresə məxsusdur.