Rus qadın səssiz qalmadı

Marina Ovsyannikova gündəm oldu, qəhrəmana çevrildi

Azərbaycan ictimaiyyəti “Birinci kanal”ın redaktoruna təriflər yağdırdılar, fərqli düşünənlər də var


   Rusiyanın “Birinci kanal”ının efirində gözlənilməz hadisə yaşanıb. “Vremya” xəbərlər proqramı zamanı telekanalın redaktoru Marina Ovsyannikova əlində müharibə əleyhinə şüarlar əks olunmuş plakatla efirə müdaxilə edib. Xanım əməkdaş “Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada sizə yalan danışırlar” yazılan plakatı bir neçə dəfə efirin canlı yayımında nümayiş etdirib. Hadisədən sonra Ovsyannikova saxlanılıb, barəsində araşdırma başladılıb. Marina Ovsyannikova bildirib ki, onun atası ukraynalı, anası isə rusdur: “Ukraynada baş verənlər cinayətdir. 

Rusiya aqressor ölkədir. Bu aqressiyaya görə məsuliyyət yalnız bir nəfərin üzərindədir - Vladimir Putin. Atam ukraynalı, anam rusdur. Onlar heç vaxt düşmən olmayıblar. Boynumdakı boyunbağı da Rusiyanın qardaş qırğınını dayandırmalı olduğunun simvoludur. Qardaş xalqlar barışa bilərlər. Təəssüf ki, son illər "Birinci kanal"da Kremlin təbliğatı ilə məşğul olmuşam. Buna görə çox utanıram. Televiziya ekranında yalan danışdığıma görə utanıram. Bütün bu hadisələr 2014-cü ildə başlayanda susduq. Kreml Navalnını zəhərləyəndə mitinq etmədik. Bu, qeyri-insani rejimi sadəcə müşahidə edirdik. Bizdən bütün dünya üz döndərib. Bundan sonra 10 nəsil də bu qardaş qırğınının xəcalətini çəkməli olacaq”.
Telekanal redaktorunun etirazı Azərbaycan ictimaiyyətində, xüsusən media nümayəndələri arasında təqdirəlayiq hadisə kimi dəyərləndirilib. 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, kanalın redaktoru Marina Ovsyannikovanın hərəkəti əsl mərdlik və cəsurluq nümunəsidir: 

“Etirazın ən kreativ təzahürüdür. Rus xalqını və ziyalılarını qınaqdan qurtaran tarixi addımdır.

 Ekstremal situasiyada cəsarətli qərar qəbul etmək qəhrəmanlara xas keyfiyyətdir. Marina Ovsyannikova bu addımıyla tarixə adını yazdı və qəhrəmana çevrildi”.

Tanınmış televiziya aparıcısı Turan İbrahimov da baş verən hadisəni ciddi etiraz adlandırıb: “Bu cür inqilabi hadisələr hər şeyin tam nəzarət altında olduğuna inanılan, olmaması üçün müxtəlif, çox mərhələli texniki tədbirlər görülən vaxtlarda, bir andaca baş verir. Özünün bir nömrəli propaqanda platformasında, Putinin sifətinin ortasına, bax belə bir şapalaq ilişdirdilər. Qərb kəşfiyyatının gücünü, rus FSB-sininsə növbəti mif olduğunu sübuta yetirdilər”.

ReAL partiyasının sədr müavini Natiq Cəfərli də vurğulayıb ki, doğrudan da, indiki Rusiyada bu hərəkəti etmək böyük qəhrəmanlıqdır: 

“O kadrları görən kimi 1968-ci il 25 avqustunda Moskvada, “Qızıl Meydan”da 7 nəfərin SSRİ qoşunlarının Praqaya soxulmasına etirazı yadıma düşdü, bu haqda ilk olaraq 1989-cu ildə oxumuşdum. Təsəvvür edin, totalitar SSRİ-də, “dəmir pərdənin” ən sərt olduğu dövrdə, məlumatsızlıq dönəmində 7 nəfər Leninin Mavzoleyi qarşısında qoşunların Praqaya soxulmasına, Çex xalqının azadlıq arzularının tanklarla əzilməsinə etiraz etmişdilər. Moskvanın göbəyində, “Sizin və Bizim azadlığımız üçün”, yazılmış plakat qaldırmışdılar. Demək istədiyim odur ki, bu gün Kreml rejimi öz xalqını nə qədər zombiləşdirməyə çalışsa da, nə qədər güclü təbliğat aparmaq istəsə də, sosial şəbəkələri, interneti qapatsa da böyük intellektual potensiala malik Rusiya xalqı sonda mütləq tiraniyaya qarşı çıxaraq öz yolunu seçəcək. Bəli, bu yol bizim anladığımız demokratik yol olmayacaq. Zatən Rusiyanın altyapısı demokratiya üçün yararlı deyil, amma insan sifətli, sivil, mədəni ölkə ola bilərlər. Buna inanmaq istərdim, inanmaq istərdim ki, tarixdə solovyovlar, simonyanlar deyil də, məhz Mariya Ovsyannikova, onun kimi insanlar qalacaq.” 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə məsələyə fərqli prizmadan yanaşıb. Baş redaktor deyib ki, Rusiyanın birinci kanalında baş verən olaya hərə öz baxış bucağından yanaşa bilər. Amma ortalıqda hər kəsin görə biləcəyi gerçəklər var:

 “Bu telekanal və digərləri illərlə bizə böhtan atıb, Qərbin rəzil transmilli mediası ilə birlikdə işğala, separatizmə haqq qazandırıb, Xocalıda və digər ərazilərimizdə ermənilərin amansız qətliamlarını, soyqırım və vandalizm aktlarını görməzdən gəlib. Gəncəyə, Bərdəyə, Tərtərə və digər yaşayış məntəqələrimizə atılan raketlərə, günahsız həmvətənlərimizin qətliamına göz yumub. Marina Ovsyannikova qəhrəman deyil, atası ukraynalı, anası rus olduğu üçün yalnız mənsub olduğu xalqların taleyini, gələcəyini düşünən birisidir. Əgər qəhrəman olsaydı, başımıza raketlər yağanda, günahsız körpələrimiz qətlə yetiriləndə səsini çıxarar, etiraz edərdi. Bu səbəbdən də öncə özümüzü düşünməliyik. Özlərinə, mənsub olduqları xalqların maraqlarına gələndə "qəhrəman" olanları yox!”.