Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın Amur və Çelyabinsk vilayətlərində yerləşən hərbi aerodromlara qarşı genişmiqyaslı terror aktları hazırladığını iddia edib.
Sherg.az xəbər verir ki, FTX-nin məlumatına görə, planın məqsədi təkcə Rusiyaya zərər vurmaq deyil, həm də FPV dronlarda istifadə olunan Qərb istehsalı süni intellekt texnologiyalarını sınaqdan keçirmək olub.
Qurum 24 ədəd FPV dronun ələ keçirildiyini bildirib. İddia olunur ki, həmin dronlar radioelektron mübarizə vasitələrinə davamlı neyroşəbəkə idarəetmə modulları ilə təchiz edilib və 1 kiloqramdan artıq partlayıcı maddə daşıyıb.
FTX-nin məlumatına əsasən, dronlarla hərbi aerodromlara zərbələr endirmək və Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarına qarşı sui-qəsdlər həyata keçirmək planlaşdırılıb. Bildirilir ki, dronlar Rusiya ərazisinə pilotsuz uçuş aparatları və aerostatlar vasitəsilə çatdırılıb, daha sonra isə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) agentləri tərəfindən gizli bölmələri olan avtomobillərlə məişət texnikası adı altında daşınıb.
FTX əməliyyatın bütün icraçı və köməkçilərinin saxlanıldığını açıqlayıb.