Rusiyada vaxtı bitmək üzrə olan məhsulların pulsuz paylanması təklif edilir

Rusiyada istifadə müddətinin başa çatmasına 2-3 gün qalmış keyfiyyətli ərzaq məhsullarının vətəndaşlara pulsuz paylanmasını nəzərdə tutan fudaşerinq (foodsharing) proqramının tətbiqi təklif edilib.

Sherg.az xəbər verir ki, bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov çıxış edib.

"İstifadə müddətinin başa çatmasına 2-3 gün qalmış məhsulların insanlara pulsuz verilməsini təklif edirik. Xüsusilə vurğulamaq istəyirəm ki, söhbət vaxtı keçmiş məhsullardan deyil, keyfiyyətini tam qoruyan ərzaqlardan gedir", - deyə Mironov bildirib.

Deputat həmçinin təklif edib ki, hər bir mağazada xüsusi rəflər yaradılsın. Onun sözlərinə görə, həmin rəflərdən təqaüdçülər, əlilliyi olan şəxslər, çoxuşaqlı ailələr və aztəminatlı vətəndaşlar əsas ərzaq məhsullarını pulsuz götürə bilsinlər.

Bundan əvvəl Rusiyada sosial əhəmiyyətli ərzaq məhsullarının minimum qiymətlərinin son bir ildə 9,1 faiz azaldığı açıqlanmışdı. Məlumata görə, düyünün minimum qiyməti 30 faizdən çox ucuzlaşıb. Kələm, kartof və çuğundurun qiymətində təxminən 29 faiz, kərə yağı və duzun qiymətində isə 20 faizdən çox enmə qeydə alınıb.