Rusiyadan Türkiyəyə xəbərdarlıq: Belə bir addım ata bilməzlər

“Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı öhdəlikləri var”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının (Aİ) Türkiyədən bu kompleksləri alıb Ukraynaya göndərmək ideyasını şərh edərkən deyib.

Nazir xatırladıb ki, Rusiya bir neçə il əvvəl müasir və ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri olan S-400-ləri Türkiyəyə təhvil verib:

“O zaman Türkiyə bu sistemlərə sahib olanda Qərbin, o cümlədən ABŞ bundan narahat oldu. ABŞ Ankaranın F-35 qırıcıları almaq marağında olduğunu bilə-bilə, həmin təyyarələrin tədarükünü Türkiyənin S-400-dən imtina etməsi ilə şərtləndirdi. Bu məsələ uzun müddətdir mediada dövr edirdi. Dünən isə birdən elan edildi ki, Avropa, yəni Avropa İttifaqı guya Türkiyədən S-400-ləri almaq və onları Ukraynaya göndərmək qərarına gəlib və ya artıq belə bir təklif verib. Heç kim düşünmür ki, Türkiyənin bir alıcı kimi belə addımları Rusiyanın razılığı olmadan atmamağa dair öhdəlikləri var”.