ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Bəşər Əsəd rejiminin devrilməsinin birinci ildönümü münasibətilə yaydığı bəyanatda Suriyanın Əhməd Şaraa administrasiyasını ölkəni Rusiya və İranın təsirindən azad etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bəyanatı komitənin sədri Cim Riş və qurumun yüksək rütbəli üzvü Cin Şahin səsləndirib.
Bəyanatda deyilir ki, Suriya xalqı yarım əsrdən çox davam edən avtoritar və repressiv idarəçiliyə son qoyub:
“Əsədin repressiyalarına qarşı Suriya xalqının gücü və dözümlülüyü ABŞ-nin sanksiyaları, Rusiyanın Əsədi dəstəkləmək imkanlarının zəifləməsi və İsrailin İranın proksi qüvvələrinə qarşı müqaviməti ilə birlikdə rejimin dağılması və Suriya xalqı üçün daha yaxşı gələcək üçün lazımi zəmini yaradıb”.
Xarici Əlaqələr Komitəsi əlavə edib ki, Suriyanın yeni hökuməti terrorizmə qarşı ortaq tələblərə ciddi sadiqlik nümayiş etdirib, onilliklər ərzində ilk dəfə olaraq İsraillə birbaşa dialoqa başlayıb, bütün bunlar bir il əvvəl təsəvvürolunmaz idi.
“Biz Suriya hökumətini ölkəni Rusiya və İran İslam Respublikasının təsirindən azad etməyə, narkotik anbarları və kimyəvi silahları məhv etməyə və itkin düşmüş amerikalıların tapılması üçün əməkdaşlığa təşviq etməyə davam edirik”, - bəyanatda vurğulanıb.