Suriya şimalında baş verən hərbi fəallıq diqqət çəkir. Türkiyə və Suriya eyni vaxtda bölgədə hərbi qüvvələr yerləşdirir, sosial mediada regiona doğru hərəkət edən hərbi konvoyun görüntüləri yayılıb. Suriya ordusu Deyr əz-Zorda tank, top sistemləri və PUA-lar yerləşdirib, bölgədəki birliklər də gücləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya mənbələrinə istinadla “Haber7” məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus konvoyların Afrin, Rəsulayn və Hələbin şimalına doğru hərəkət etdiyi, bəzi xəbərlərdə isə Mənbiç istiqamətində fəallıq olduğu bildirilib. Baş verənlər TSQ-nin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dekabrın 6-da Dəməşqə səfərindən dərhal sonra baş verməsi ilə diqqət çəkib. Bayraktaroğlu Dəməşqdə Suriya müdafiə naziri Muraf əbu Kəsra ilə müzakirə aparmışdı.
Təhlükəsizlik mənbələri deyiblər ki, TSQ-nin Mənbiçdəki fəallığı rutin təhlükəsizlik fəaliyyətləri çərçivəsindədir. Amma baş verənlər PKK terror təşkilatının Suriya qanadı SDQ daxilində panikaya səbəb olub. Təşkilatdan bundan sonra ard-arda açıqlamalar gəlib.
Türkiyə xarici işlər naziri Hakan Fidan bundan öncə SDQ-yə sərt xəbərdarlıq edib. Fidan qeyri-suriyalı üzvlərin SDQ sıralarından çıxarılması və Türkiyənin təhlükəsizliyinə yönələn yerləşdirmələrin dayandırılmasının vacib olduğunu söyləyib. Türkiyənin baş diplomatı 50-60 minlik SDQ-nin Suriya ordusuna inteqrasiyasının asan olmayacağını, amma prosesin xoş niyyətlə irəli aparılmasının lazım olduğunu vurğulayıb.