Tramp: İranla razılığın mümkün olub-olmayacağına ABŞ qərar verəcək

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla yeni razılaşmaların əldə olunmasının perspektivlərini qiymətləndirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Pensilvaniya ştatında müdafiə sənayesində innovasiyalara həsr olunmuş konfransda çıxışı zamanı danışıb.

ABŞ lideri İrana qarşı həyata keçirilən hərbi əməliyyatlara toxunaraq, Tehranın razılıq əldə etməkdə maraqlı olduğunu iddia edib.

"Onlar çox istəyirlər ki, razılıq əldə olunsun. Bizim etdiklərimiz onların xoşuna gəlmir", - deyə Tramp bildirib.

O əlavə edib ki, Vaşinqton yaxın vaxtlarda İranla anlaşmanın mümkün olub-olmadığını müəyyənləşdirəcək:

"Görəcəyik ki, onlarla razılığa gələ biləcəyik, yoxsa bu məsələyə birdəfəlik son qoyacağıq".

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan memorandum imzalansa da, iyulun 8-də ABŞ İranın Hörmüz boğazı ilə bağlı öhdəlikləri pozduğunu iddia edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə iyulun 13-də Tehranın memorandumun şərtlərini heç vaxt pozmadığını və sənədin icra olunmamasına görə məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü bildirib.