Üç ölkəyə xəbərdarlıq edildi: Türkiyə imkan verməyəcək

“Əgər Cənubi Kipr, İsrail və Yunanıstan dənizin altından çəkilən elektrik xətti ilə bir-birinə bağlanmağa çalışar, Şimali Kipr və Türkiyəni bu prosesdən kənarda saxlamaq istəsələr, Ankara müxtəlif imkanlarından istifadə edərək buna imkan verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Ərhürman deyib.

“Eyni vəziyyət hidrokarbon məsələsində də keçərlidir. Türkiyə və kiprli türklərin hüquq iddia etdiyi ərazilərdə birtərəfli prosesin aparılması mümkün deyil”, - ölkə başçısı vurğulayıb.

Ərhürman Kipr probleminin həlli ilə bağlı keçirilən, amma nəticəsiz qalan 5+1 formatı (Şimali Kipr, Cənubi Kipr, Türkiyə, Yunanıstan, Böyük Britaniya və BMT) çərçivəsində görüşlərə getməzdən əvvəl problemin Lefkoşada həll olunmalı olduğunu bildirib.