UKMTO: BƏƏ sahillərində gəmi hücuma məruz qalıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahillərində gəmi naməlum mərminin zərbəsinə məruz qalaraq idarəetməni itirib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) saytında yer alan bəyanatda deyilir.

"UKMTO Dibbadan (BƏƏ) 17 dəniz mili şərqdə baş verən insident barədə məlumat alıb. Kapitan bildirib ki, gəmi naməlum mərmi ilə vurulub və nəticədə sükan idarəetməsi zədələnib. Bütün heyət üzvləri təhlükəsizlikdədir. Ətraf mühitə hər hansı təsir barədə məlumat daxil olmayıb", - mərkəzdən dəqiqləşdirilib.

Gəminin növü və heyətin sayı dəqiqləşdirilməyib. UKMTO-dan bildirilib ki, səlahiyyətli orqanlar araşdırma aparır, həmçinin gəmilərə tranziti ehtiyatla həyata keçirməyi və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə ediblər.

Xatırladaq ki, Yunanıstan şirkətlərinə məxsus iki neft tankeri isə Hörmüz boğazında hücuma məruz qalıb.