- Daxili çəkişmələr Ukrayna ordusunun döyüş qabiliyyətini zəiflədə bilər
“Ukrayna ordusunda mövcud olan daxili ziddiyyətlər və rəhbərlik daxilindəki çəkişmələr müharibənin gedişinə mənfi təsir göstərə bilər. Prezident Volodimir Zelenskinin müdafiə naziri Mixail Feodorovu vəzifəsindən azad etməsi də müəyyən mənada daxili intriqaların nəticəsi kimi qiymətləndirilə bilər”.
Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, Mixail Feodorov korrupsiyaya qarşı mübarizə apardığı və bəzi qrupların maraqlarına toxunduğu üçün daxili qarşıdurmaların hədəfinə çevrilib: “Ukraynanın Rusiyaya qarşı texnoloji üstünlük əldə etdiyi, cəbhədə müəyyən uğurlar qazandığı və Rusiyanı çətin vəziyyətə saldığı bir vaxtda Feodorovun istefaya göndərilməsi bir sıra suallar doğurur. Məhz onun fəaliyyəti nəticəsində Ukrayna müdafiə sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdi. Bu baxımdan, onun vəzifədən uzaqlaşdırılması Ukraynanın qələbə perspektivlərinin güclənməsini istəməyən müəyyən qüvvələrin mövcudluğu ilə bağlı ehtimalları artırır”.
Siyasi ekspert bildirib ki, Ukraynanın hərbi-texnoloji və logistika imkanlarının böyük hissəsi Qərbin dəstəyi ilə formalaşdırılır: “Bu mürəkkəb logistikanın yüksək səviyyədə idarə olunması, ayrılan vəsaitlərin şəffaf istifadəsi və korrupsiya risklərinin minimuma endirilməsi Feodorova həm ölkə daxilində, həm də Qərb tərəfdaşları arasında ciddi nüfuz qazandırmışdı. M. Feodorovla Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski arasında uzun müddətdir fikir ayrılıqları mövcud idi. General Sırski sistemin nümayəndəsidir və daha konservativ yanaşmaya malikdir. Onun mülki şəxsin hazırladığı və uğur qazanan hərbi planları tam qəbul etmədiyi barədə fikirlər səslənirdi. Bu baxımdan, Feodorovun istefasını iki mərkəz arasında gedən mübarizənin nəticəsi kimi də dəyərləndirmək olar”.
Ekspert, həmçinin Prezident Zelenskinin “müharibədə uğur bir şəxsin deyil, bütün komandanın əməyidir” bəyanatının da diqqət çəkdiyini vurğulayıb:
“Bu açıqlama müəyyən mənada Feodorovun fərdi uğurlarının ön plana çıxmasını qəbul etməmək kimi də şərh oluna bilər. Fikrimcə, Ukrayna hərbi-siyasi rəhbərliyində mövcud problemlər, korrupsiya və daxili çəkişmələr aradan qaldırılmasa, bu, ordunun döyüş qabiliyyətinə mənfi təsir göstərə bilər. Hazırkı şəraitdə müdafiə nazirinin istefası Ukrayna ordusunun hücum əməliyyatlarına və qərar qəbuletmə prosesinə müəyyən təsirlər göstərə bilər. Müharibənin taleyi yalnız cəbhədə deyil, həm də dövlət idarəçiliyindəki sabitlikdən və komanda birliyindən asılıdır”.