Vensin fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilib

ABŞ-nin vitse-prezidenti  Ceyms Devid Vens növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının əsas namizədlərindən biri hesab olunur.

Sherg.az xəbər verir ki, Rusiyanın “Komsomolskaya Pravda” nəşri onun yeni çap olunan “Communion: In Search of My Path Back to Faith” (“Birlik: İnama qayıdış yolumun axtarışında”) kitabına istinad edərək siyasətçinin baxışları və əlaqələri barədə geniş məqalə dərc edib.

Məqalədə Vensin milyarder investor Peter Til ilə yaxın münasibətlərinə diqqət çəkilir. Nəşr iddia edir ki, Vensin siyasi yüksəlişində Til mühüm rol oynayıb və onu həm senatorluq, həm də vitse-prezidentlik yolunda dəstəkləyib.

Yazıda həmçinin Tilin təsis etdiyi Palantir Technologies şirkətinin hərbi və kəşfiyyat sahəsindəki fəaliyyəti müzakirə olunur. Müəlliflər şirkətin texnologiyalarının müxtəlif münaqişələrdə istifadə edildiyini vurğulayaraq, Vensin bu dairələrlə əlaqələrinin onun siyasi mövqeyinə təsir göstərdiyini iddia edirlər.

Məqalədə Vensin yeni kitabında dini inanclarından, katolikliyə keçidindən və həyatında baş verdiyini söylədiyi qeyri-adi hadisələrdən bəhs etdiyi də qeyd olunur. Nəşrin fikrincə, kitab ABŞ-də qarşıdan gələn siyasi mübarizə fonunda vitse-prezidentin ictimai imicinin möhkəmləndirilməsinə xidmət edir.