Zelenski Trampın seçki çağırışına müsbət cavab verdi, amma ...

ABŞ Prezidenti Donald Tramp bir daha Ukraynada seçkilərin keçirilməsinin zəruri olduğunu bəyan edib. Tramp çıxışında, “Bəli, məncə artıq vaxtıdır. Çox uzun zaman keçib. Vəziyyət yaxşı getmir. Düşünürəm ki, bu, seçki keçirmək üçün mühüm andır. Seçki keçirməmək üçün müharibədən istifadə edirlər, lakin məncə Ukrayna xalqının bu seçimi olmalıdır”, – deyə bildirib.

Tramp, seçkilər keçirilərsə “bəlkə də Zelenskinin qalib gələ biləcəyini” deyərək əlavə edib: “Demokratiyadan danışırlar, amma artıq demokratiyanın olmadığı bir nöqtəyə doğru gedir.”

Sherg.az xəbər verir ki, seçkilərin keçirilməsinə hazır olduğunu bildirən Volodimir Zelenski bu prosesdə ABŞ və Avropanın təhlükəsizlik təminatları verməsinin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, təhlükəsizlik zəmanəti təmin edilərsə, 60–90 gün ərzində seçkilər təşkil oluna bilər.

Zelenski, həmçinin parlamentdən fövqəladə vəziyyət şəraitində seçkilərin keçirilməsinə dair hüquqi çərçivənin hazırlanmasını tələb edəcəyini açıqlayıb.

Aİ Komissiyasının sözçülərindən Anitta Hipper də Ukraynada seçkilərlə bağlı müzakirələrə münasibət bildirib. Ukraynanın “istisnai” bir dövrdən keçdiyini vurğulayan Hipper, Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyini xatırladıb.

O qeyd edib ki, Volodimir Zelenski Ukraynanın demokratik yolla seçilmiş lideridir və əlavə edib: “Ukraynada seçkilər yalnız şərait uyğun olduqda keçirilməlidir.”