AYB müzakirəsi: Biri “oxu” deyir, o biri “oxuma” 

Xeyrəddin Qoca: “Bu nə söhbətdir, başa düşmürəm! Anar orada çox oturacaq. Kimə nə dəxli var?”

Tural Turan: “Yaradıcılığa mane olmasalar da, sonrakı mərhələyə əngəl yaradırlar. Ədəbi cameəni parçalayırlar"


Bədii ədəbiyyat birbaşa cəmiyyətə təsir göstərir. Hər kəs də onu qane edən, təsirinə düşə biləcək ədəbiyyata üz tutur. Bir müddət əvvəl “qalıcı” və “keçici” ədəbiyyat anlayışı gündəmə gəlmişdi. İndi isə gənc yazarlarla qocaman yazarlar arasında qəribə bir ziddiyyət yaranıb. Gənclər Azərbaycan Yazıçılar Birliyinin (AYB) onlara dəstək olmadığından şikayətlənir, ədəbiyyatda sözünü demiş yazarlar isə heç bir gəncə qarşı çıxmadıqlarını bildirir.
Sosial şəbəkəyə daxil olan an “9 iqlimi olan ölkənin mənzərəsi kimi – rəngarənglik” özünü büruzə verir... “Facebook” səhifəsində nasir Xeyrəddin Qocanın paylaşımını gördüm: “Yazıçılar Birliyi yaza bilən hansı gəncin əlini-qolunu bağlayır ki, narazılıq edirlər?”- deyə status yazmışdı. Buradan aydın şəkildə gənclərlə yaşlı ədəbi nəsil arasında gərginlik yaşandığı bəlli olur, polemika getdikdə qızışır.

Mən də qalmaqallı ab-hava yaradan statusla bağlı yazıçı, publisist Xeyrəddin Qoca ilə əlaqə saxladım. O “Sherg.az”a bildirdi ki, gənclər nə etdiklərini bilmirlər. Bir-iki nəfər istisna olmaqla mənasız işlərlə məşğuldular:

"Gedin, evdə oturun, yazınızı yazın. Onların çoxunun istedadı yoxdur, ortaya bir şey qoya bilmirlər. Yazıb-pozan adamlara da mane olurlar, gözləri götürmür. Əgər Anar orada olmasa, AYB-də olmayacaq. Bu adamlar gündəmə gəlmək istəyirlər. Ömür boyu heç bir şairin, yazçının ardınca danışmamışam. Lakin mən Yazıçılar Birliyindən 10 qəpik xeyir görməmişəm. Bu quruma ona görə üzv olmuşam ki, oradan xeyir götürüm?! AYB birlikdi də, nə ziyanı var ki?!".

Xeyrəddin Qoca əlavə edib ki, gənclərin 90 faizini tanımır. Amma illərdir ki, AYB-nin əleyhinə yazırlar:

"Yaradıcı adam belə işlərlə məşğul olmamalıdır. Mənim gənclərlə davam yoxdur. Yenə başlayıblar Anar orada nə qədər oturacaq? Bu nə söhbətdir, başa düşmürəm! Anar orada çox oturacaq. Kimə nə dəxli var?”.

Gənc şairlərdən birinin fikrini öyrənmək üçün "Sherg.az" olaraq Tural Turana müraciət etdik. O söylədi  təbiidir, yaradıcılığın qarşısını heç bir təşkilat ala bilməz. Lakin yaradıcılıqdan sonrakı mərhələdə müəyyən problemlər yaranır:

"Bölgələrdə ədəbi birliklərin, xüsusilə Yazıçılar Birliyinin filiallarının fəaliyyəti  bərbad gündədir. Ölkə prezidenti Yazıçılar Birliyinə bir dəfə 2 milyon, bir də 800 min vəsait ayırdı. 2 milyonu başa düşdük ki, sanatoriyanın tikintisi üçün istifadə ediləcək və s. 800 minin taleyi hələ də məlum deyil. Prezident Yazıçılar Birliyinə pul ayırır, lakin hesabat verilmir. Eyni zamanda müəyyən gənclər təqaüd alır, amma kimlikləri gizli saxlanılır. Kimin kimə salamı varsa, onlara təqaüd verirlər. Dəfələrlə demişik ki, açın göstərin görək bu təqaüdü kimlər alır? Hər hansı adam Yazıçılar Birliyinə qarşı tənqidi fikir səsləndirəndə onlara qarşı istifadə edirlər. Beləliklə, ədəbi cameəni parçalayırlar".

T.Turan diqqətə çatdırıb ki, AYB gənclərin kitabını nəşr etdirməlidir, lakin etmir:

"Onların “AYB kitab” layihəsi var. Hər adamın kitabını çapdan çıxartmırlar. Məndə olan məlumata görə, bəzi hallarda müəlliflər loqo vurdurmaqdan ötrü ciblərindən pul verir. Nədir-nədir ki, onun satışı təşkil olunacaq. Lakin satışın hansı formada aparıldığı barədə də məlumat yoxdur. Xaricdə kitablarımız çap olunmalıdır. Adətən, Anarın yaxud yaşlı nəslin kitabları, AYB-nin idarə heyətində olan şəxslərin kitabları nəşr edilir. Hazırda AYB Gənclər şurasının üzvüyəm. Gəlin, görək bir-iki nəfər çıxmaq şərtilə hansı gəncin kitabı xaricdə nəşr olunub? Əgər vəsait varsa, niyə gənclərin yolunu açmırsan?".

Gənc yazar bildirib ki, artıq 4-5 ildir AYB-nin qurultayının keçirilməsi gecikir:

"Təklif etdik ki, qurultayı Şuşada “Vaqif poeziya günləri”ndə keçirək, xaricdən qonaqlar da gələr. Yazıçılar Birliyin sədri Anar dedi ki, bizim 500-600 nəfəri qarşılamaq üçün Şuşada yerimiz yoxdur. “Vaqif poeziya günləri”ndə yüzlərlə adam iştirak edəcək, onlar harada qalacaq? Bunlar bəhanədir. Yazıçılar Birliyinin strukturu yenilənməlidir, gənclər gəlməlidir.

Anarın atası Rəsul Rza sədr olanda 28 yaşında idi. İndi onlar deyir ki, 30 yaşında gənc sədrliyi necə idarə edəcək? Mən də sual verirəm: Rəsul Rza necə idarə edirdi? Bu ifadələrlə Anar və onun komandası atasına xəyanət etmiş olur. Təsəvvür edirsiz, özü üçün taxt qurub, 34 illik hakimiyyəti var. Yazdığı kitabları xaricdə nəşr etdirir, amma gənclər ortalıqda qalıb. Təklif etmişdim ki, rayondakı ən istedadlı gənclərin kitabları nəşr olunsun, amma etmədilər.

Yaradıcılığa mane olmasalar da, sonrakı mərhələyə mane yaradırlar".