Seyran Səxavət -75
Müharibə həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bir ömür boyu bəlkə də “müharibə olmasaydı, belə olardı, elə olardı...” deyəcəyik. Bəlkə daha yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...
Lent.az-ın “Müharibə olmasaydı...” layihəsində müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlara həmsöhbət olacağıq.
Bu dəfə yazıçı Seyran Səxavətlə müharibə və onun insan həyatna təsirlərindən söhbət açdıq. Həm də yazıçının 75 illik yubileyi günlərində.
- Bəlkə də, bu barədə çox deyilib. Çox danışmısınız, amma layihənin kontekstində olduğu üçün bir fikrinizdən başlamaq istədim. “Kişilikdən istefa vermişəm” fikrini sizə Qarabağın işğalda olması dedirdib...
- O fikri deyəndə əhalinin bütün təbəqələrinə aydın oldu ki, mən ata-anamın qəbrinin üstünə gedə bilmirəm, başım aşağıdır, başqa millətlərlə görüşəndə özümü 40 il əvvəlki kimi apara bilmirdim, pərt idim və bu pərtlik məişət pərtliyi deyildi, tarixi pərtlik idi. Başı aşağı, dili gödək, üzü qara idik. Böyük-böyük danışmaq qarabağlıların şakəridir, bilməmiş olmazsan. Bütün bunlardan məhrum olan adam özünü necə kişi hesab edə bilər? O vaxt elə də demişdim ki, nə qədər Qarabağ işğal altındadır, aşağıdan tutmuş yuxarıya qədər kim özünün kişi hesab edir etsin, mən özümü kişi hesab etmirəm və kişilikdən istefa verirəm. Mən bilən, haqlı idim. İstefa ərizəsini yazmışdım, o da qalmışdı, üstü yazılmamışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərindən mənə məktub gəldi ki, Seyran müəllim, sizin kişilikdən istefa haqqında ərizəniz qəbul olunmadı. İndi özümü 30-40 il bundan əvvəlki dəliqanlı Seyran kimi hiss edirəm. İnanın səmimiyyətimə, evdə arvad-uşağın da üstünə qışqıra bilmirdim ki, qayıdıb adama deyərlər ki, belə qışqıransan, qışqırmaq yerin var, get orda qışqır də.
Bütün bu şərtlər o istefanı elan etməyin səbəbi idi. Telekanallardan birində qonaq idik, məndən başqa da bir yazıçı vardı. Aparıcı da tutub durub ki, Qarabağ haqqında az yazılır. Dedim bala, onsuz da qonşular bizi aldadır, özümüz özümüzü niyə aldadaq? Mənim fantaziyam da var, istedadım da çatır, bir roman yazım qıra-qıra gedən İrəvanı da geri alaq - kitabda. Mənə kitabda alınan Qarabağ lazım deyil, mənə o Qarabağ lazımdır ki, torpağını götürüb gözümə sürtə bilim. Vaqif Səmədoğlunun bir sözü vardı, deyirdi şeirlə, nəsrlə Qarabağ geri alınsaydı, təkcə Xəlil Rzanın şeirləri ilə düz İrəvana gedib çıxmaq olardı. Bir 15 ilin söhbətidir bu, dedim Qarabağ haqqında yazmağı yaxın dostlarım Musa Yaquba, Ramiz Rövşənə, Vaqif Bəhmənliyə də qadağan edirəm. Qarabağ haqqında ən ali əsəri Ali Baş Komandan yazacaq. Şükürlər olsun ki, Ali Baş Komandan bu əsəri yazdı. Son 200 ilin ən vacib əsəridir. Yazıçılar Birliyində qəbul komissiyasının üzvüyəm mən də, Ali Baş Komandanı Yazıçılar Birliyinə üzv keçirdək və son 200 ilin ən vacib əsəri nominasiyası təsis edib, onu qalib elan edək. Uçmağa qanadım yoxdur, inanırsınız. Bənzəri olmayan tarixi hadisədir. Son 200 ildə ancaq paylaya-paylaya gəlmişik. İlkimiz mübarək olsun. Ali Baş Komandanı da, Azərbaycan əsgərini də Allaha əmanət edirəm. Allah da əmanətə xəyanət etməz, daha da güclənərik.
- Sizi bir az müharibədən əvvələ aparacam xəyalən. Qarabağ problemi olmayan Seyran Səxavəti xatırlayaq...
- Yazı-pozuyla məşğul olurduq, dünyanı səyahət edirdik. Həftə səkkiz mən doqquz Füzuliyə gedirdim. Beşinci gün çatanda qaşınırdım. Uşaqları da götürüb gedirdim, onlar da öyrəşmişdilər.
- Yağlıvəndə gedirdiniz?
- Yağlıvəndə, Füzuliyə. Qarabağ elə-belə yer deyil. Erməni gedib başqa yerləri tutardı də. Bütün dünyada yüksəkliyə qalxdıqca oksigen azalır. Şuşa dünyada yeganə məkandır ki, aşağısındakı oksigen sıxlığı necədirsə, Şuşanın kəlləsində də elədir. Əslində, Azərbaycanda Şuşadan da dəniz səviyyəsindən yüksək yerlərimiz var. Xınalıqdı, Qusarda, Kəlbəcərdə də var. Peşəkarcasına izah edə bilmirəm, amma möcüzədir. Deyirlər dünyada 11 iqlim zolağı var, 9-u bizdədir və 6-ı Şuşa və ətrafındadır, 3-ü Azərbaycanın qalan yerlərində. Orasını demirəm ki, ordan kimlər çıxıb, o haqda çox deyilir. Qarabağsız Azərbaycan onurğasının iliyi çıxarılmış möhtəşəm kişiyə oxşayır.
- Elə möhtəşəm kişi olar, daha...
- Ən qədim mədəniyyət Quruçay mədəniyyətidir. Quruçay mənim şəhərimin içindən keçir. Ondan 2 kilometr aralıda Azıx mağarası yerləşir. Azıx mağarası Adəmlə Həvvanın yataq otağıdır və ordan insan törəyib, bütün dünyaya səpələnib. Bu xalq da çox böyük xalqdır, sadəcə, yaddaş problemi var.
- Tez unutduğuna görə?
- Tez unudur. Sadəcə bu xalqın tez-tez özünü özünün yadına salmaq lazımdır, sən böyük xalqsan deyilməlidir. Deyilməlidir ki, özünü böyüklüyünə, ölçünə uyğun apar. Hər gözəlin bir eybi var. Biz də gözəlik xalq olaraq. Torpağın altı, üstü, hər yeri, dağı da, aranı da gözəldir. Yaddaş məsələsini də ziyalılar, kütləvi informasiya vasitələri nəzərdə saxlamalı və xatırlatmalıdır. Televiziyalar avara-avara işlərlə məşğul olmaqdansa bu yöndə layihələr etməlidir.
- Müharibə başladı... Həyatınızda, yaradıcılığınızda hansı dəyişikləri yaratdı və bunlar yalnız mənfiyə doğru oldumu?
- Müharibə nədir, hamı bilir. Dünyanı elə bil əlcək kimi tərsinə çevirirsən. Sistemlər laxladı, dəyərlər dəyişdi. İnsanlar ümidsizləşdi. İndi mən yaradıcı insan olduğum üçün öz içimə bir süni ümid yaradıb qoymuşdum. Özüm özümü aldadırdım, o da məni sağlam saxlayırdı, məndən muğayat olurdu. Türklərdə bir beyt var, deyir –
Öylə bir yalan de ki,
İnanmayım yalandır.
Nə qədər qurbanlar verdik müharibədə. Nə qədər alçaldıq. Çox sevdiyim qarabağlı balası Fərhad Bədəlbəyli gözəl bir söz dedi ki, qastrollara gedəndə erməni görən kimi üzümü çevirirdim - ona görə yox ki, zəhləm gedir onlardan, ona görə ki, özümü pis hiss edirdim. Deyir, o da keçib qarşıma, necəliyimi soruşurdu. Torpaq qayıtmadı təkcə, özümüzün özümüzə inamımız qayıtdı. Bizi inandırmışdılar ki, döyüşə bilmirik, ancaq bazar adamıyıq. Sübut olundu ki, yanlış fikirdir. Ona görə böyük qələbədir bu. Məni tanıyanlar bilir ki, əlim heç vaxt yuxarıların ətəyində olmayıb. Mənim üçün yuxarı, aşağı yoxdur – mənim üçün bir meyar var-həqiqət. Həqiqət naminə deyirəm – bir az səbirli olaq. Rus mahnısında deyildiyi kimi “net, net, ya xoçu seqodnya, ya xoçu seyças” deməyək, vicdanlı olaq. Babalarımızın 200 ildə etdiyi səhvin hamısını birdən Ali Baş Komandandan tələb etmək olmaz ki, düzəlt. İnsaf, mürvət var. Həqiqətə söykənib deyirəm, həqiqət gözəl şeydir.
- Müharibəyə qədərki yaradıcılığınızla, müharibədən sonrakı yaradıcılıq barədə düşüncələrinizdə nə dəyişdi?
- Mən elə götürə bilmirəm, amma İkinci Dünya Müharibəsi barədə əsərlərim olub. “Ağrı” povestim olub, məsələn. Bir ailənin öz yurdundan didərgin düşməsi haqda. O ailə əslində bizdə yaşayıb, mənim atam saxlayıb o ailəni. Bir şeirimdə deyilir ki,
Neçə il qabaq evimizdən
çox-çox uzaqlarda
bir güllə atıldı.
Başladıq axtarmağa,
Bir nənəm oğlunu
Bir nənəm kürəkənini
Bir kəs dostunu
Anam da ərini.
Atama dəyən gülləni tapsaydıq
Ondan soruşardıq
Atamın yerini.
Müharibə şərdi, onu heç kəs istəməz, istəyənlər var-adam deyillər.
- Belə bir fikir də var- müharibələr ölkələri sivilizasiyaya qovuşdurur. Razısınız?
- Onu deyən allahsız adamdır. O hansı sivilizasiyadır? Qarabağda şəhərlərimizi darmadağın ediblər, evlərimizi yandırıb, məbədlərimiz təhqir edib erməni. Dünya ictimaiyyəti deyilən bunu görə-görə yenə ermənin tərəfini tutur. İnsanlar bir birini qırır, məhv edir, bunun harasındadır sivilizasiya?
- Müharibədən sonrakı inkişaf nəzərdə tutulur.
- O inkişaf növbəti müharibəyə hazırlıqdır. Başa düşdün, mənim balam. Gör, müharibə olmasa necə olar. Ümumiyyətlə, çox inkişaf nəyə lazımdır? Bəsdir, dayanaq, yaşayaq daha. Bütün inkişafların kökündə, mayasında antibəşəri şeylər dayanır. İnkişaf həm də anti-inkişafdır. İnkişafla atom bombası yaratdıq. Bəşəriyyətin başa xarab olub. O ki qaldı yaradıcılığa təsirinə, müharibə olmasa da yazırdıq. Müharibə heç bir təsir göstərmədi yaradıcılığıma.
- Mövzunu da dəyişmədi?
- Mövzu yazıçının özüdür. Yazıçılıq xasiyyətdir. Bu mənim xasiyyətimdir, müharibə olsun, yağış yağsın, sel olsun... hamısı o xasiyyət sahibi tərəfindən qəbul olunmağa baxır.
- Zatən xasiyyətinizdə bir üsyankarlıq var, “mən özüm müharibəyəm” – qəbilli...
- Hə də, özüm həmişə müharibə aparmışam. Qəhrəman obrazı yaratmaq istəmirəm e, görəndə ki, beşi birinin üstünə düşüb, girmişəm meydana. Görəndə kimsə qatığa qara deyir, tuturam yaxasından ki, vicdanın olsun, ağappaqdı axı. Çox yaxşı dedin, bu da müharibədir. Bir də var dövlətlər arasında müharibə. Əslində dövlətlər arasında müharibə elə fərdi müharibələrin mayasındandır.
- Sizin “Qızıl teşt”iniz sovet dönəmində elə müharibə idi, həm də həyatınızı dəyişən müharibə...
- Həm də siyasi büronun zamanında. O vaxt onu siyasiləşdirdilər.
- Siz siyasi yazmamışdınız?
- Yox e, mən felyetonçu deyiləm ki, kimisə nəzərdə tutam. Mən kommunist rejiminin əleyhinə yazmışam. O kommunist rejiminin ki, mənim Xalq Cümhuriyyətimi beşiyindəcə boğdu. O kommunist rejiminin əleyhinə ki, 1937-ci ili mənim xalqımın başına gətirdi. Gələn bir az bəri - o kommunist rejiminin əleyhinəyəm ki, 20 yanvar faciəsini gətirdi xalqımın başına. Xocalı soyqırımı törətdi, hələ arada çox olanları demədim. “Qızıl teşt” tamaşası Akademik teatrın səhnəsində anşlaqla gedirdi, o teatrın tarixində bəlkə elə anşlaq olmayıb. O əsəri yazmağımla həmişə fəxr etmişəm, indi də fəxr edirəm. Yazıçının missiyası yazmaqdır. İndi Allah saxlamışlar bir hekayə yazır, onqat təbliğatını qurur. Məncə, bu, məcburi köçkünlərə iki qutu yağ aparıb, onu 20 televiziyaya çəkdirməyə bənzəyir. İnsan bir az təbii olar, səmimi olar. Universitetlərdə səmimiyyət fakültəsi olmur, o qandan gəlir. Gərək nəslində, kökündə genetikanda, mühitində ola.
- Sovet vaxtı belə sizin qəhrəmanlarınız müstəqil adamlar idi.
- Yaxşı tutmusan, onlar sadəcə adamlardır, sovet adamları deyil. Azərbaycan xalqı 30 ildir müstəqildir, ondan neçə il də qabaq mən müstəqil idim. Mən azad adam olmuşam.
- Sonuncu romanınız “Qaçhaqaç” adlanır. Həm də avtobioqrafikdir, yəni özümə həsr etmişəm demisiniz...
- Bizim ədəbi tənqidçilərə sovet vaxtı muzdlu tənqidçilər deyirdim, indi də günəmuzd tənqidçilər deyirəm. Əslində “Qaçhaqaç”dan əvvəlki romanlarım da avtobioqrafikdir.
- “Daş evlər” də?
- “Daş evlər”də Akif mənəm. “Yəhudi əlifbası”nda, “Palıd toxumu”nda, başqa romanlarımda, povestlərimdə varam, hamısı elə avtobioqrafikdir. O sözü tənqidçilər uydurub. İnsan elə ömür boyu özündən yazır də. Sadəcə, bu “Qaçhaqaç”, özü də iki kitabdır, mənim keçdiyim və məndən keçən adamlardır. Məlum adamlardır, tutaq ki, dünyanın tanınmış adamlarından Andrey Bitov, Şövkət Ələkbərova, Yusif Səmədoğlu. Onların adını çıxart, avtobioqrafiksiz-filansız bədii romandır.
- Əslində, əsərinin hər sətirində yazıçı özü var.
- Aşıq gördüyün çağırar. Bütün yazıçılar var öz əsərlərində.
- Eşitmişəm, hərdən yaxşı muğam oxumağınız var?
- Var idi, indi səsim yoxdur. 60 illik yubileyimdə səsim cingildəyirdi, sonra xəstələndim, səsimə xırıltı gəldi. Qarabağlılar özləri öləndən 15 il sonra da hələ səsləri yaşayır. 60 illiyimdə Dədə Süleymanın qarşısında risk edib “Mirzə Hüseyn” segahı oxudum, çox təəssüf ki, şəkli qalıb, videoyazısı yoxdur. Qarabağda böyümüşəm, bizim tayfa Muradxanlı tayfasıdır. Bir kənd qədər böyük tayfadır, hamının səsi var, hamımız xanəndə ola bilməzdik ki, onda tayfa yox, xor kapellası olardı. Əvəz Muradov vardı oxuyanımız, Bahar Muradovanın atası. Səsi “Şahnaz”ın zilini götürürdü e. Biz Ağabala Abdullayevin “Segah zabulu”u ilə böyümüşük.
-75 yaşı tamamlayırsınız artıq, bu yaşda nə üzərində düşünürsünüz, nə üzərində işləyirsiniz?
- Son beş-altı ayda öz üzərimdə işləmişəm, canıma baxmaqla məşğul olmuşam. Oramı, buramı redaktə edirəm, bərpa olunuram. Müstəqillik illərindən bəri beş mindən artıq müsahibə vermişəm, onlar elə bir kitabdır. Fikirlərimi bölüşəndə canım sağlamlaşır, bölüşməyəndə qalır, incidir.
- Xəstəlik yaradır...
- Hə, düz deyirsən, gərək danışasan çıxa canından. Mən Azərbaycan qazisiyəm. Canımda minimum 15 qəlpə var, çünki minimum 15 cildlik əsərim var ki, onları çap etdirə bilmirəm. Eləsi var, kirillə yazılan vaxtların əsəridir. Məni qazi hesab etmək olar də. 15 cildlik 15 qəlpə kimi varlığımda qalıb məni incidir. Yəqin ki, nə vaxtsa çap etdirə biləcəm.
İndi qayıdıram “müharibə olmasaydı” məsələsinə. Olmasaydı, Azərbaycan çox inkişaf edərdi. Müstəqil olduq, Şura hökuməti Qarabağ problemini yaradıb bizə müstəqilliyi haram etdi. Qarabağ dünyanın ən məhsuldar yeridir...
- İnsanları da qarışqa kimi çalışqan.
- Bəli. Hardasa torpaq yeyən uşaq eşitmisən, amma Qarabağda balaca uşaqlar torpağı yeyirdi, yeməli torpaqdı. Bütün nemətlər torpaqdan bar verir də. Birbaşa ilkin mənbədən qidalanmışıq biz. Azərbaycan cənnətməkandı. O qədər inkişaf edəcəkdi ki, dünya heyran qalacaqdı.
- Elə ona görə də etdilər o müharibəni.
- Hə, əllərində “kozır” oldu Qarabağ. İndi vermişik beynəlxalq məhkəməyə, ödəyəcəklər vurduqları ziyanı. Azərbaycan süd gölündə üzəcəkdi, müharibə olmasaydı. Dünyanın ən inkişaf etmiş ölkəsi olacaqdı, mən də dünyanın ən inkişaf etmiş ölkəsinin vətəndaşı kimi əlimi cibimə qoyub yekə-yekə gəzəcəkdim. İnşallah, olacaq. Taledi, təkcə adamların yox, xalqın alın yazısıdır.
- Bayaq dediyiniz o süni inamı bu gün baş verənlərlə bağlı yaşadırsınız içinizdə, yoxsa sabaha – yaxşı gələcəyə inanırsınız?
- O süni inamı yaradıb onunla yaşamaqda çox çətinlik çəkmişdim, əslində, asan məsələ deyil. Qələbədən sonra bir də ayıldım ki, o süni inam yoxdur. Mənim Azərbaycanın gələcəyinə böyük inamım var. Xalqla dövlətin birliyi yaratdı məndə o inamı.
- Tanrı doğrultsun o inamı, Seyran müəllim. Bəs, Yağlıvəndə gedə bildiniz?
- Hə, getdim, çox pis oldum. O kəndin hər təpəsi, küncü mənə əziz, doğmadır və əzbər bildiyimdir. O deyil, viranədir, erməni xislətinin məhsuludur. Kəndimiz 7 obadan ibarətdir, böyük kənddir. Bizdən Şuşaya 45 km-dir. Meşə, dağ, cırcıramaların müşayiəti ilə gedib çıxırsan. Adı da tarixidir, özü də.
- Abad günlərini görmək qismətiniz olsun, 75 yaşınız mübarək, 76-nı Yağlıvənddə qeyd etmək arzusuyla...