Mart ayının ən çox oxunanı… Serpantin…

“Qanun” nəşriyyatı hər ay olduğu kimi, mart ayında da ən çox oxunan kitabların siyahısını müəyyənləşdirib. Nəşriyyatdan ən çox satılan kitabların iyirmilik siyahısı ictimaiyyətə təqdim olunub. 

Siyahıda ilk yer alan, mart ayının ən çox oxunanı Pərvinin “Serpantin” kitabıdır. Kitabda müəllifin "Xalis xilas", "Dəniz aptek", "Ala qarğa", "Yollar yorğunu", "Serpantin", "Hava limanı", "Xəyanət", "Kəfən pulu", "Piqmalion", "Avara bağı", "Çarəsiz yalan" hekayələri və "Mən öləndə ağlama" monopyesi yer alıb.


  Mənəviyyatımızın başkəndi sayılan Şuşaya həsr olunmuş "Çarəsiz yalan", müəllifin yaşam səbəbi olan yeganə övladının xilaskar missiyasından bəhs edən "Xalis Xilas", qədim yunan əsatirini əks etdirən "Piqmalion", Qarabağ qazisinin yaşantılarının ən incə cizgilərinə qədər xatirəyəbənzər söhbət şəklində oxucuya təqdim edən "Yollar yorğunu" və digər hekayələr geniş oxucu auditoriyası tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Bu hekayələrdən “Çarəsiz yalan” rus, türk, ingilis, latış dillərinə tərcümə olunub, müxtəlif festivallarda təqdimatı keçirilib, ədəbi dərgi və almanaxlara daxil edilib.



Yazarın  "Mən öləndə ağlama" lirik monopyesi rus və türk dillərinə çevrilib, Gənc Tamaşaçılar Teatrı səhnəsində əsərə quruluş verilib. Quruluşçu rejissoru Ayla Osmanova, ifaçısı Səbinə Məmmədova olan monotamaşa Bakıda Teatr Xadimləri İttifaqının Baxış festivalında, 2019-cu ilin payızında Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən "Art – Ordo" VII Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüb, eyni zamanda 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılanıb. 
Xatırladaq ki, bu günlərdə “Serpantin” kitabında yer alan hekayələr və monopyes yazıçı –tərcüməçi İmdat Avşar tərəfindən türk dilinə çevirilərək “Hava limanı” adı ilə İstanbulda Turay yayın evində işıq üzü görüb.
 Qanun nəşriyyatının mart ayı üçün tərtib olunan iyirmiliyində ilk pillədə dayanan “Serpantin”i "Bakı Kitab Mərkəzi"ndən, "Əli və Nino" mağazalarından və "Qanun" satış nöqtələrindən almaq, həmçinin nəşriyyatdan online qaydada sifariş etmək mümkündür.

Xəyalə ZƏRRABQIZI