“Birini oxucuları vurur, biri öz dilinin bəlasına düşür, biri azadlığını satmadığı üçün öldürülür”
“Öldürənlər kimlərdir? “Manıs”lar, kulturistlər, rəqqasələr, fotomodel adı ilə əxlaqsızlıq edənlər, Bayram Nurlular və sairələr”
Bəzən düşünürsən ki, yazıçılar Allahın xoşbəxt bəndələridirlər. İstədikləri var əllərinə qələmi alıb yazırlar. Beləliklə, həm mənəvi rahatlıq tapır, həm cəmiyyətə öz fikirlərini çatdırır, həm də pul qazanırlar. Hərdən isə elə bilirsən ki, Tanrı onları lənətləyib. Çünki yazmasalar, dayana bilmirlər...
Hər halda bir məsələ aydındır: gənc və uğurlu ədiblərimiz kifayət qədərdir. Onlardan biri də şair, yazar Akif Emenqueydir.
Akif bəy “Sherg.az”ın suallarını səmimi cavablandırdı. Müsahibəni təqdim edirik:
- Başlayaq, bir müddət əvvəlki ad gününüzdən. “Facebook” hesabınızda təbrikləri oxudum, videoları izlədim. Bu yaşınınızın əvvəlki yaşlardan fərqi nə oldu?
-Əslində mənin üçün yaş anlayışı yoxdur. Məsələn, yaponlar insanın yaşını ta ana bətnində döl ikən hesablamağa başlayırlar. Beləcə, hər yapon bizimlə eyni yaşda olsa da, həm də bizdən bir yaş böyük sayılır. Mən düşüncələrimlə, yaşadıqlarımla, kədərimlə, sevincimlə, sevgimlə yaşıdam. Bütün bunlar nə qədər dərindirsə, bir o qədər böyüyəm. Bu mənada, mənim üçün indiki yaşın o yaşdan fərqliliyi sadaladıqlarımda baş verən dəyişikliklərdir.
- Təbrik edənlərin əksəriyyətinin qələm adamları olduğunu gördüm. Ədəbiyyat insana çox şey, o cümlədən dostlar qazandırır. Bəs, sizcə, nəyi alır insandan?
- Məncə, diqqətlə izləməmisiniz. Məni təbrik edənlərin əksəriyyəti şəxsən tanımadığım, Azərbaycanın müxtəlif bölgələrində, ölkədən kənarda yaşayan izləyicilər, dostlar, oxuculardır. Qələm adamları ilə çox da yaxın deyiləm.
- Niyə belədir?
- Çünki vacib saydığım diqqət məhz məni tanımayan adamlardadır. Onların məndən umacağı yoxdur- nə bir xüsusi istəyi, nə də başqa nəsə. Uzaqdan-uzağa izləyirlər, oxuyurlar, könüllərinə yatmışamsa, hörmətlərini, sevgilərini dilə gətirirlər. Qələm adamları ilə yaxınlığım o qədər azdır ki, heç şeir kitabımı belə onlara satmamışam(gülür).
- Şeirlərinizdən birində “Ya bir adam gələydi , sən olmasan da olar” deyirsiniz. Gələnlər gedənlərin yerini doldura bilir?
- "Sən olmasan da olar" demişəm. Heç kim heç kimin yerini doldurmur. İnsan öləndən sonra dəfn olunur, düzdürmü? İcazə verilir ki, bir insanın dəfn olunduğu yerdə əgər başqa yer yoxdursa, bir müddət sonra daha başqa doğması basdırılsın. İnsanın içi də belədir. Bir müddət sonra içində basdırdığın adamların yerinə bir başqasını rahatca basdıra bilərsən. Yəni bu, yer doldurmaq sayılmır. Və heç kim heç kimin yerini doldurmalı da deyil. Hərənin öz yeri var.
- Dahilərdən birinin təxminən belə deyib: “İnsan həyatında bir dəfə sevir, qalanları isə sadəcə axtarışdır”. Siz necə düşünürsüz?
- Sevgi - eyni palçığa dəfələrlə girməkdir. Bu deyim də məndən qalsın. İnsan nə qədər varsa, o qədər də sevə bilər- əgər tərk olunubsa. Amma hər dəfəsində mütləq ki, əvvəlki sevgilərini şirin bir xatirə kimi yada salacaq.
- “Həyatınızı çətinləşdirənlər üçün” essenizdə yazmısınız ki, bədbəxtlik deyə bir şey yoxdur. Elə isə xoşbəxtlik nədir?
- Hər şey həyatda nisbi olduğu kimi, bu da nisbi bir anlayışdır. Mənim xoşbəxt olduğum şeylər sizə qəribə gələ bilər, gülərsiniz. Məsələn, kitabımı imzalayıb poçtla oxuculara yollamaq bu dövrdə, bu cəmiyyətdə çox adama maraqsız görünə bilər. Mənim üçün isə əsl xoşbəxtlikdir. Xoşbəxtlik - azad olmaqdır. Xoşbəxtlik - cəsarətli olmaqdır. Xoşbəxtlik başıdik gəzə bilməkdir. Xoşbəxtlik - sevilən olmaqdır...
- Yazıçı, şair ən çox nə vaxt xoşbəxt olur?
- Bayaq da dediyim kimi, şair oxunanda, seviləndə, kitabına verilən dəyəri maddi və mənəvi halda tam komplekt görəndə xoşbəxt olur. Şəxsən mənə öləndən sonra verilənlər lazım deyil.
- Müasir Azərbaycan ədəbiyyatı barədə fikirləriniz nədir?
-Müasir Azərbaycan ədəbiyyatı Nargin adasına bənzəyir- Xəzərdə tənha bir yer. Bu yerdə hər gün nə qədər şair, yazıçı güllələnir. Birini oxucuları vurur, biri öz dilinin bəlasına düşür, biri azadlığını satmadığı üçün öldürülür. Öldürənlər kimlərdir? “Manıs”lar, kulturistlər, rəqqasələr, fotomodel adı ilə əxlaqsızlıq edənlər, Bayram Nurlular və sairələr.
- Və sonda gələcək yaradıcılıq planlarınız barədə oxucularımıza qısa məlumat verərdiniz.
- Yaradıcılığımla bağlı plan qurmuram. Çünki plan qurulacaq bir məsələ düşünə bilmirəm. Plan qurmaq üçün yaxşı pulun olmalıdır. Pulun olandan sonra plan qur, əsərlərinə tərcümə etdir, reklamına vəsait xərclə. Amma nəzərinizə çatdırım ki, çox gözəl işlərdə imzam olacaq. Məsələn, Mirzə Fətəli Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" əsərinin etno-müzikl tamaşasında imzam var. Bu tamaşanın müzikl hissəsi mənə aiddir. 28-ci yaş gənc şairlərə, yazıçılara verilən prezident təqaüdünü mənə gətirdi. Yenilik deyirdiniz, bu da sizə yenilik...