“Qaynar sətirlər”in istisinə qızınarkən...

İftixar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi

Qarşımda, yazı masamın üstündə, tam gözlərimin önündə, üstündə qara buludları dəlik-deşik edərək yer üzünü nurlandıran günəşin şəfəqləri və yer üzündə zamanı zaman olaraq unutdurmağa qoymayan qum saatı rəsmi olan, gözə rahatlıq gətirən qəhvəyi rəngdə bir kitab var. Kitabın adı tərtibatından daha çox diqqət çəkir. “Qaynar sətirlər”. Bu ad hər dəfə nəzərlərimə tuş gəldikcə, kitabın içindəkilərdən hələ xəbərim olmadığı halda, sanki canıma hənir, istilik hopur. Qızınırammış kimi əhvala düşürəm.


O ki, yayda qardan bəhs edərkən az qala insanın canına üşütmə gəldiyi və ya, şaxtada qaynar sudan bəhs edərkən sanki insanın canına hənir hopduğu kimi... Lakin bu anda söhbət fiziki mənada cana hənir gəlməkdən, bir can qızmasından deyil, müəllifin ruhunun istiqanlılığından gedir. Əlimi kitaba uzadıram, kitabdan gələn qaynar enerji ruhuma tam hakim kəsilir. Dərk etməyə çalışıram ki, əcəba bu enerji kitabın üstündəki günəş şüalarınınmı enerjisidirmi, kitabın adındakı “qaynar sətirlər”in – sözün enerjisidirmi, yoxsa həqiqətən uzun illərdir ki, tanıdığım və şəxsiyyətinə, qələminə, dostyanalığına hörmət bəslədiyim müəllifin – Ramiz Göyüşovun ruhundan süzülən istiqanlılığınmı enerjisidir...



Hər halda bu düşüncələrlə kitabı açıram. İlk vərəqdə “Qaynar sətirlər” sözünü göy mürəkkəb rəngi ilə qucaqlayıb keçən, müəllifin əlyazmasında, təqdimat amaclı ürək sözləri diqqətimi çəkir. “Əziz dostum, qardaşım İftixar müəllimə hörmət və ehtiramla”. Əlyazmanın altında müəllifin imzası və zamanı ehtiva edən 02.07.21 rəqəmləri fikrə nöqtə qoyur. Belə anladım ki, bax, əsl istiqanlılıq və canıma hopan qaynar enerji məhz buradadır, Ramiz müəllimin təqdimatındakı istiqanlı ürək sözlərinin enerjisində. Üstəgəl, kitabın hədiyyə olunduğu 02.07.21 tarix, görkəmli ədəbiyyatşünas-alim Rüstəm Kamalın da ad günüdür. O Rüstəm Kamalın ki, Ramiz Göyüşovun ədəbi mühitə gəlməsində böyük əməyi var və hətta onların yaradıcılıq ünsiyyətləri o qədər intensivdir ki, “Sazla havalıyam, sözlə diriyəm” kitabını müştərək ərsəyə gətiriblər.

Çox qəribə bir təsadüfə diqqət yetirin. Kitabın təqdim olunduğu günlə Rüstəm Kamalın doğum günü üst-üstə düşür. Bu həqiqətən bir təsadüfdürmü, yoxsa möcüzədirmi, deyə bilmərəm, lakin gerçəklik ondadır ki, Ramiz müəllimlə, onun iş otağında Rüstəm müəllimi təbrikə hazırlaşdığımız anda, mətbəədən “Qaynar sətirlər” kitabı gəlir və müəllif hər ikimizə kitabı hədiyyə edir... Mən də elə oradaca, Rüstəm müəllim gəlib çıxana qədər, Rüstəm Kamala bir təbrik şeiri yazdım və feysbuk səhifəmdə paylaşdım. Kitabın həmin gün ruhuma hopan qaynar enerjisi ilə yanaşaı, Rüstəm Kamalın, o işıqlı insanın da müsbət enerjisi əhvalıma yüksək ovqat bəxş etmişdi. Əslində bu fikirlərin hər biri mənə belə təsir bağışlayırdı ki, kitab bir neçə cəhətdən qaynar ovqatla ruhuma hakim kəsilir. Həm kitabın üzərindəki günəş şüalarının enerjisi, həm kitabın adındakı sözün enerjisi, həm istiqanlılıqla yazılan ürək sözlərinin, həm müəllifin candan gələn alicənablıq xüsusiyyətinin isti enerjisi, üstəgəl, Rüstəm Kamalın həm ad gününün havası, həm də Ramiz Göyüşov yaradıcılığına Rüstəm Kamalın hopdurduğu yaradıcılıq nurunun enerjisi və sair, lakin sonra kitabı oxuyarkən gördüm ki, errihaa, əsl enerji kitabın məzmunundadır. Yuxarıda sadaladığım bir neçə cəhətin özünü belə, müəllif ürəyinin nuru ilə kitaba verdiyi ümumi enerji bəhrələndirir. Kitabı oxuyub bitirdikdən sonra, öz-özümə: – “Eşq olsun Ramiz Göyüşovun qaynar nəfəslə, səmimi duyğularla, aydın fikirlərlə, milli təəssübkeşliklə qələmə aldığı müxtəlif zamanlarda, müxtəlif mətbu orqanlarda dərc olunmuş məqalələrinin bir məcmuədə toplanmış “Qaynar sətirlər”inin yüksək ruh verən enerjisinə!”. – dedim. Və fikirlərimi bir də oxucularla bölüşmək üçün könlümdən gələn bu kiçik yazını yazdım.

Ramiz Göyüşovun qələminin hikməti Azərbaycan oxucusuna çoxdan tanışdır. O, uzun zamandır ki, dövlət qulluğunda çalışması ilə yanaşı, bədii təxəyyülünə sədaqətini nümayiş etdirir. Akademik Nizami Cəfərov Ramiz Göyüşovun “Sən bizim ellərin ruhuna bir bax” kitabına yazdığı ön sözdə müəllifə dəyər verərək çox doğru deyir ki, “İnsan müxtəlif sahələrdə nə qədər böyük qabiliyyət göstərsə də, uğurlar qazansa da, ədəbiyyata, incəsənətə laqeyddirsə, onun şəxsiyyəti mükəmməl sayıla bilməz”. Məhz Ramiz Göyüşov ruhunun bədii etiketini səxavətlə oxucularına təqdim edir və oxucusu ilə yaradıcılıq ünsiyyətini daim qoruyub saxlayır.

Ramiz Göyüşov yazılarında əsasən ədəbiyyatşünas mövqeyindən çıxış edir. Görkəmli söz və sənət adamlarımızın yaradıcılığını təhlil edir, onların yaradıcılıq məziyyətlərinə öz nəzər nöqtəsindən işıq tutur, oxucunun və hətta müəllifin özünün belə sezmədiyi məqamları əsl ədəbiyyatşünas, sənətşünas gözü ilə aydınladır, əsərlərin məzmun və mahiyyətini öz baxış bucağında bişirir və oxucuya təqdim edir. Bunun üçün mən Ramiz müəllimi həqiqətən alqışlayıram. Çünki tarix, tarixi şəxsiyyətləri tutduqları vəzifələrə görə deyil, əməllərinə, yaradıcılıqlarına görə qoruyur və tarixin səhifələrində yaşadır. Heç uzağa getmədən Nəriman Nərimanovu misal gətirmək istəyirəm. N.Nərimanov tarixi şəxsiyyətdir. Həkimdir, siyasi xadimdir. Cəngavər inqilabçılardandır. Milli təəssübkeşliyi olan görkəmli simadır. Ən yüksək vəzifələrdə çalışıb. Lakin o, tarixdə ən çox yaradıcılıq məziyyətləri ilə xatırlanır. İnsan, kimliyindən, hansı vəzifəni icra etməsindən asılı olmayaraq, əgər Tanrı tərəfindən ona yaradıcılıq bəxtəvərliyi verilmişdirsə, bu xoşbəxtliyin köynəyini mütləq geyinməlidir. Ramiz müəllimə də Allahdan belə bir xoşbətlik nəsib olub və o köynək də Ramiz müəllimə görkəmli ədəbiyyatşünas-alim Rüstəm Kamalın əli ilə geyindirilib və onun böyük əməyi və həvəsləndirmə qüdrəti ilə şükür ki, Ramiz müəllim bu vergini dəyərləndirərək ədəbi mühitə qədəm qoyub. Elə bu andaca Rüstəm Kamala öz adımdan Ramiz Göyüşovun yaradıcılıq potensialının açılmasında göstərdiyi hünərə, bir azərbaycanlı istedad sahibinin parlamasına verdiyi rəvaca görə minnətdarlığımı bildirirəm.

Ramiz Göyüşov bu günə qədər çox sayda müəlliflərin əsərlərini təhlil etmiş, oxucuların yaxından tanıması üçün onların yaradıcılığına çıraq tutmuş, “Sən bizim ellərin ruhuna bir bax”, “Bizdə şeir də var, sənət də vardır”, “Sazla havalıyam, sözlə diriyəm” kitablarında cəmləşdirərək geniş oxucunun diqqətinə təqdim edib. Ramiz müəllimin yazıları içərisində mənim həm bədii yaradıcılığım, həm aktyor və rejissor olaraq sənətkarlıq məziyyətlərim barədə yazdığı bir neçə məqalə də yer tutur. İndi masamın üstündə gözlərimi oxşayan qəhvəyi rəngli kitab da məhz həmin kitablar sırasında özünə yüksək yer tutacq növbəti toplusudur.

Göyüşovun qələminin məhsullarını incələdikcə hey düşünürəm ki, yalnız insanın ruhu uca yaradana bağlı olduğu halda belə səmimi fikirlər ortaya çıxa bilir. Həqiqətləri haqqın gözü ilə görmək və təcəssüm etdirmək yalnız göylərdən gələn qüdrətlə saf, doğru, yüksək ilhamla yazıla bilir ki, bu da Ramiz müəllimə uca yaradan tərəfindən verilmiş bir bəxtəvərlikdir. Ramiz Göyüşov yazdıqları məqalələrin mətnini elə cür başlıqlarla təqdim edir ki, başlığın özündə bir cazibə görünür, yazıları oxuduqdan sonra isə həmin başlığın yazının mahiyyətini tam əhatə etdiyinin şahidi olursan. Kitablarına da adlar seçərkən oxucunu tilsimləməyi vacib hesab edir. Bu da Ramiz müəllimin ilham qaynağının məhz müqəddəs yerlərdən aldığı enerjiyə bağlıdır. Elə “Qaynar sətirlər” kitabındakı yuxarıda sadaladığım yük

“Qaynar sətirlər”də müəllif, zamanın hökmünü bir məcrada cilovlayıb və bir neçə məqalələri ilə həmin məzmunu bir məhvərdə birləşdirə bilib. Kitabın ikinci səhifəsindəki “Kitab 44 günlük Vətən müharibəsindəki Qələbəmizə və Qələbənin əldə edilməsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ithaf olunur” – açıqlaması, kitabın məzmunu haqqında fikri yetərincə ifadə edir. “Kitabda müəllifin son illərdə qələmə aldığı və dövrü mətbuatda dərc olunan publisistik məqalələri toplanmışdır”, deyərkən, kitabın mündəricatına nəzər yetirməli oluruq və görürük ki, Göyüşovun bu kitabının digər kitablarından fərqi ondadır ki, əvvəlki kitablarında əsasən müxtəlif müəlliflərin bədii yaradıcılığının təhlilçisi kimi özünü oxucuya tanıtdırırdısa, bu kitabda artıq o özü yaradıcı müəllif kimi – publisist olaraq yüksək qələm sahibidir. Həm də Göyüşov sadəcə publisist deyil, məhz siyasi publisistikanın öhdəsindən gələn təfəkkür sahibidir. O, cəsarətlə dövrü və zamanın siyasi baxışlar manerasını yaxşı görə bilir, siyasi gedişləri publisistikanın gözü ilə düzgün və doğru şərh edə bilir və sair. Müəllifin kitaba daxil olunan, “Ulu öndər həmişə bizimlədir”, “Qurtuluş dastanı”, “Qələbəyə aparan yol”, “Qarabağ uğrunda məfkurə mübarizəsi”, “Münhen debatı”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Xocalı-qövr edən yara” başlıqlı müxtəlif mövzulara həsr etdiyi, lakin mahiyyət etibarı ilə bir-birinə bağlı olan mövzulardan ibarət bir zəncir düzümlü, bir-birindən ayrıla bilməyən məğzlə birləşən publisistik məqalələr cəmini təkcə sətirlər enerjisi ilə deyil, həm də hadisələr nüvəsi ilə bir-birinə qaynaq edir və bir vəhdətdə ardıcıllaşdırır. Oxucuda sağlam enerjinin yaranmasına xidmət edən, həqiqətləri olduğu kimi görmək və dərk etmək xüsusunda yanılmağa qoymayan “Qaynar sətirlər” kitabında ardıcıllaşan “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Cocuq Mərcanlıda bir gün”, “Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir”, “Qətiyyətin qələbəsi”, “Səndən ötrü can verməyə cümlə hazırız”, “Ulduzunu, ayını göydə mələklər öpər” kimi məqalələri siyasi-publisistik dillə vətəndaşa, vətəni candan sevməyi, əsl vətəndaş olmağı, düzgün əqidəyə xidmət etməyi, təlqin edir. Cəmiyyətin saflaşmasına xidmət edən bu mövzularla Ramiz Göyüşov əslində öz mövqeyini ortaya qoyur, millətə və dövlətə sədaqətini göstərir. Heç durmadan və dayanmadan qələminə sarılır, günün nəbzini tutan, gələcəyin yollarındakı işığa, nura istiqamətlənən duru baxışları ilə yazır. “Ədəbi əbədi mövzu”, “Şuşada bu il Vaqif Poeziya Günləri keçiriləcək”, “Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu”, “Şuşanın bərpası və dirçəlməsi hamının işidir” kimi yazıları gələcəyə nikbin baxmaq üçün stimulu gücləndirən böyük ruh yaradır. “Canlar alan Taclı Mələk!”, “Çin səfərindən yaranan təəssüratlar və istəklər”, “Azərbaycan reallıqları – kiçik bir müqayisə”, “İtaliya Azərbaycan münasibətlərində yeni bir səhifə”, “Azərbaycan – Böyük Britaniya yeni perspektivlər” məqalələri ilə dünya siyasi meydanında baş verənləri fəhmlə və fərasətlə təhlil edir, Azərbaycan üçün qənaətbəxş olan və olmayan məqamları bir politoloq gözü və baxışı qədər səlis şəkildə şərh edir.Nəhayətdə, “Azərbaycanın iqlim dəyişmələrinə töhfəsi”,

“Dövlət – vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru”, “Müxalifət anti-Azərbaycan fəaliyyətini bir daha təsdiq etdi” publisistik yazıları ilə doğma vətən üçün öz narahatlıqlarını sərgiləyir, bir ziyalı, vətəndaş olaraq soydaşlarımızı fikrən, böyük düşüncə və idrakla ölkəmizin, dövlətimizin müdafiəsinə, birliyə, həmrəyliyə, ölkə rəhbəri ətrafında, “Dəmir yumruq”da birləşməyə səsləyir.

Əziz oxucu, Ramiz Göyüşovun “Qaynar sətirlər” publisistik məqalələr toplusu bədii və oxunaqlı dillə yazıldığı üçün çox rahat və birnəfəsə oxunur. İnanıram ki, bu kitab azərbaycansevərlərin və soydaşlarımızın stolüstü kitabına çevriləcəkdir. Çünki kitabın “Qaynar sətirlər”i oxucunun qəlbini isidə bilən, onunla həmsöhbət ola bilən bir ədəbi məcmuədir. Belə kitabların sayı nə qədər çox olsa milli təəssübkeşlik hisslərimiz daim qaynar olar.

Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun məsləhətçisi olduğu, “Zərdabi Nəşr” MMC nəşriyyat poliqrafiya müəssisəsi tərəfindən yenicə çapdan çıxmış, “Qaynar sətirlər”in müəllifinə, əziz qələm dostuma qaynar yaradıcılıq yolu arzusu ilə, uğurlar diləyirəm!