Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal da Vaqif Poeziya Günlərində iştirak etmək üçün Şuşaya yollanıb.
O, “Sherg.az”la həmsöhbət olaraq təəssüratlarını bölüşüb və bunları söyləyib:
“Hazırda Şuşadan qayıdırıq. Təxminən üç gün əziz Şuşamızda, qəhrəman şəhərimizdə, mədəniyyətimizin paytaxtında idik. Möhtəşəm bir tədbirin şahidi olduq. Cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etdik, zövq aldıq, qürur duyduq. Birinci gün Cənab Prezident çıxış etdi. Sonrakı gün də poeziya bayramının davamı oldu. Başqaları kimi mən də ürəyidolu getdim. İstəyirdim ki, qəhrəman oğullarımıza həsr olunan şeiri səsləndirim. Şeirimin adı “Şuşanı alan oğullar”dır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlıq diləyirəm. Arzu edirəm ki, ərazi bütovlüyümüz əbədi olsun, Vaqif Poeziya günləri hər il keçirilsin, biz də iştirak edək, şeirlər dinləyək, qürur duyaq. “Şuşanı alan oğullar” şeirindən bir bənd söyləmək istərdim:
Atillatək qırmancdılar,
Qayalara dırmaşdılar.
Sıldırımdan yol açdılar,
Qardaşım, balam oğullar,
Şuşanı alan oğullar!
Şuşanı işğaldan azad edən oğullarımız burada hər daşa, hər qayaya sanki adlarını qanları ilə həkk ediblər. Tariximizlə, igidlərimizlə bir daha fəxr etdik, anladıq ki, qələbə çalmış torpağın, yurdun övladlarıyıq. Yazdığımız hər əsər də qələbəyə xidmət etməli, şəhidlərimizin ruhunu sevindirməlidir. Hesab edirəm ki, bu poeziya günləri həmin məqsədə xidmət edəcəkdir. Şuşada böyük coşqu, ruh yüksəkliyi var idi. Biz Şuşaya Prezidentimizin əsasını qoyduğu Zəfər yolu ilə getdik, ölkə başçımızın diqqət və qayğısı nəticəsində bu yol salınıb. Şanlı qələbənin oyatdığı hissləri Zəfər yolundan keçəndə duyduq. Biz Şuşaya sanki buludların qoynunda, qanadında yollandıq. Həmişə Vətənimiz ucalıqlarda, Şuşamız yerində olsun”.