Anar müəllim, təklifim budur ki...


Mirmahmud Kazımovski: "...Tarixin ədalətin bərpası naminə müstəsna hal kimi ölümlərindən sonra Mir Cəlal Paşayevə Xalq yazıçısı, Əliağa Vahidə Xalq şairi fəxri adlarının verilməsi üçün yüksək səviyyədə vəsatət-təqdimat qaldırılsın"

  Görkəmli incəsənət xadimi, Azərbaycanın ilk radio və televiziya rejissoru olmuş,  yaddaqalan, sevilən tele-radio tamaşalar, sənədli filmlər müəllifi Rauf Kazımovskinin oğlu Mirmahmud Kazımovski Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara məktubla müraciət edib. Surəti “Şərq” qəzetinə göndərilmiş məktubda M.Kazımovski Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən ruhlanaraq Yazıçılar Birliyinin keçirilməsi gözlənilən XIII qurultayı öncəsi təkliflə çıxış edir. M.Kazımovski AYB-nin növbəti qurultayında Azərbaycanın iki dahi şəxsiyyəti – Mir Cəlal Paşayev və Əliağa Vahidə (ölümündən sonra) fəxri adların verilməsini təklif edir. “Qürurla açıqladığım fikir-təklifim – xalqımızın ölməz, qüdrətli yazıçı və şairi, o dövrün tüğyan etdiyi dəhşətli repressiya burulğanından, odun-alovun içindən hünərlə çıxmış, 1950-60-cı illərdə isə zamanın hökm sürdüyü, baş alıb getdiyi ədalətsizliyə, haqsızlığa, xəyanətə-xainliyə məruz qalmış, eyni zamanda mərd-mərdanə bunların heç birinə baş əyməmiş, ədəbiyyat tariximizin karifeyləri, günəş kimi təmiz, günəş kimi parlaq yazıçı Mir Cəlal Paşayev və qəzəlxan şairimiz Əliağa Vahidlə bağlıdır”. M.Kazımovski bu iki şəxsiyyətə həyatda olduqları zaman verilməmiş haqlarının ölümlərindən sonra qaytarılmasını təklif edir və bunun xalq tərəfindən rəğbətlə qarşılanacağına inandığını bildirir. M.Kazımovski Xalq yazıçısı Anardan bu barədə Azərbaycan Yazıçılar Birliyinin  qurultayında vəsatət qaldırmasını xahiş edir: “Mir Cəlal Paşayev görkəmli yazıçı, professional ədəbiyyatşünas, qayğıkeş pedaqoq, mətin vətənpərvər, tərəqqipərvər ziyalı, müdrik insan olub, Əliağa Vahid isə dahi Füzulinin “mərdanə” davamçısı, xalqın sevimlisi.  Hörmətli Anar müəllim, təklifim budur ki, tarixin ədalətin bərpası naminə müstəsna hal kimi ölümlərindən sonra Mir Cəlal Paşayevə Xalq yazıçısı, Əliağa Vahidə xalq şairi fəxri adlarının verilməsi üçün yüksək səviyyədə vəsatət-təqdimat qaldırılsın”.