Azərbaycanın və bütövlükdə Türk dünyasının böyük şairi Zəlimxan Yaqubla bağlı o qədər unudulmaz xatirələrim var ki, bəlkə, bir kitaba da sığmaz. Aramızda o qədər yaxın, o qədər səmimi münasibət olub ki, mən deyərdim, bu, ən möhkəm dostluğun da fövqündə duran bir doğmalıq idi. Bizim münasibətimiz təkcə rəsmi görüşlərlə məhdudlaşmırdı. Birlikdə istirahətdə olmuşduq, bir-birimizin ailəsində də, xeyird-şərdə də, dost məclislərində də. Borçalıya hər səfərimizdə həm onun, həm də mənim ata ocağımız müqəddəs ziyarətgahımız olardı. Onunla olan hər görüşümüz bu gün heç zaman unutmayacağım bir xatirə kimi yaddaşımda yaşayır. Elə xatirələrimiz də var ki, heç yazıya alınası deyil, yalnız özümüzə aiddir. Bununla belə, bəzi xatirələrimi paylaşmaq istəyirəm. Axı, Zəlimxanın özünün də dediyi kimi, illərin izi var xatirələrdə...
Hamıya bəllidir ki, Zəlimxan Yaqub Borçalının axarlı-baxarlı bir guşəsində – Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. Orta təhsilini orada alıb və sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) kitabxanaçılıq fakültəsində oxuyub. Mən də 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olundum. Və o zaman Azərbaycan Dövlət Universitetinin “Etika və estetika” kafedrasının müdiri, professor, filosof, böyük alim, böyük şəxsiyyət Camal Mustafayevlə görüşdüm. Özümü təqdim etdim. Camal müəllim atam Yolçunu gəclik illərindən tanıyırdı. Sonra görüşlərimiz mütəmadi xarakter aldı və Camal müəllim məni tez-tez evinə dəvət etdi, universitetdə görüşdük. Mənim formalaşmağımda, bu günkü Elşad olmağımda onun çox böyük rolu və əməyi var. Yəni, mən həyatımda ilk olaraq ata-anama borclu olsam da, sonrakı dövrlərdə Camal müəllimin tərbiyəsini aldım. Bununla bu gün də fəxr edirəm, qürur duyuram.
Həmin dövrlərdə Camal müəllim bir dəfə məni Zəlimxan Yaqubla tanış elədi. Dedi: “Hər ikiniz mənim mənəvi övladlarımsınız. Siz tanış olun, dost olun, qardaş olun. Çünki mən sizin hər ikinizin xətrini çox istəyirəm. İstəyirəm ki, siz yaxın olasınız”. Doğrudan da, elə o dövrdən də biz yaxınlaşmağa başladıq, tez-tez müxtəlif tədbirlərdə görüşdük. Yadımdadır, həmin dövrdə Borçalı aşıqlarının Bakıda filarmoniyada konserti oldu və Camal müəllimlə həmin konsertdə iştirak etdik. Səhərisi Zəlimxan Yaqubla birlikdə Filarmoniyanın həyətində aşıqlarla görüş keçirdik, birlikdə şəkil çəkdirdik. Onda ilk dəfə gördüm ki, Zəlimxan Yaqub necə də odlu-alovlu, şirin danışır. Onun aşıqların hər biriylə dostluq münasibəti vardı. Aşıq yaradıcılığını əzbər bilirdi. Beləcə, Zəlimxan Yaqubla mənim münasibətlərim daha da yaxınlaşmağa, dostlaşmağa başladı. Buna da, yenə deyirəm, əsasən Camal müəllim səbəb oldu. Camal müəllim evində aşıqlara ziyafət verdi, Zəlimxan da orada idi. Sonra aşıq Kamandar çalıb-oxudu. Camal müəllim də aşıq yaradıcılığını həm çox gözəl bilirdi, həm də ustad aşıqların çalıb-oxumalarını böyük sevgi ilə izləyirdi.
Universiteti bitirdikdən sonra mən təyinatla “Azərnəşr”ə göndərildim. Həmin vaxt Zəlimxan da “Yazıçı” nəşriyyatında artıq redaktor idi və biz tez-tez görüşürdük. Şeirlərinə qulaq asır, yeni şeirlərini oxuyurdum. Zəlimxan artıq parlayırdı, onun kitabları nəşriyyatda plana düşürdü. O zaman nəşriyyatda kitabı plana düşmək çox böyük bir hadisə idi. Çünki həmin dövrdə şairlər, yazıçılar kitabları çıxanda çox böyük qonorar alırdılar. Yəni, o zaman yeni başlayan şairlərin şeirinin hər misrasına 1 manat 10 qəpik, nisbətən tanınan şairlərə isə 1,5-1,8 manat qonorar verirdilər. Xalq şairləri isə qonorar kimi hər misraya görə 2 manat 40 qəpik alırdı. Zəlimxanın kitabı nəşriyyatda plana salınıb çap olunandan sonra çox sevindi. Bu, müəyyən mənada onun maddi durumuna da çox gözəl təsir elədi.
***
Zəlimxan elə gəncliyindən od-alov idi. Hansı məclisdə olurdusa, o məclisə şuxluq gətirirdi, sevinc gətirirdi. Saz-söz gətirirdi. Bu mənada Zəlimxan əvəzsiz bir insan idi. Bir müddət “Azərnəşr”də işlədikdən sonra məni Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul etdilər. Oxumaq üçün Minsk şəhərinə göndərdilər. Həmin ərəfədə Zəlimxanla görüşdüm, Belorusiyaya oxumağa göndərildiyimi dedim. O, bu xəbərdən çox sevindi, mənə yaxşı yol arzuladı. Sevinirdi ki, qardaşının biri də təhlükəsizlik oqranlarında işləyəcək.
Minskdə ali kursları bitirib gələndən sonra məni DTX-nin Qazax rayon şöbəsinə göndərdilər. Təyinatım barədə Zəlimxana bildirdim. Dedi, lap yaxşı, Qazax da Gürcüstana yaxındır, evinizə yaxındır, gedib-gələrsən. Bəli, bundan sonra əlaqələrimiz daha da möhkəmləndi.
Yadımdadır, 1986-cı ildə Qazaxda Səməd Vurğunun anadan olmasının 80 illik yubileyi qeyd olunurdu. Zəlimxan da Azərbaycan Yazıçılar İttifaqının üzvləri ilə birlikdə Qazaxa gəldi. Qazax ictimaiyyətiylə birlikdə qonaqları qarşıladıq. Səməd Vurğun günləri çox yüksək səviyyədə keçdi. Bir neçə gün görüşlər oldu, mən onların hamısında iştirak etdim. Çünki Səməd həm Vurğun poeziyasını çox sevirdim, həm də dostum-qardaşım Zəlimxanı tək qoymaq istəmirdim. Səməd Vurğunun ev-muzeyində olduq, şəkillər çəkdirdik. Zəlimxangil üç gün Qazaxda oldular. Bu üç gündə aramızdakı münasibət daha da istiləşdi, doğmalaşdı, sarsılmaz dostluğa və qardaşlığa çevrildi.
***
1990-cı ildə mən xidməti işimlə əlaqədar Mingəçevirə təyinat aldım. Burada işlədiyim dövrdə o zaman Mingəçevir şəhər icraiyyə Komitəsinin sədr müavini vəzifəsində çalışan gözəl ziyalı, böyük ürəkli insan Məhəbbət Qarabağlı ilə tanış oldum. İlk görüşümüzdən Məhbəbət müəllim mənə çox gözəl, isti münasibət göstərdi. Ailəsinə apardı, Dilbər bacıyla tanış oldum, evində çörək kəsdim. Aramızda bir doğmalıq yarandı, biz çox yaxın olduq. Günlərin bir günü Məhəbbət müəllim bildirdi ki, Zəlimxan Mingəçevirə gələcək. Həmin ərəfədə də Məhəbbət müəllimin 50 yaşı tamam olurdu, may ayının 5-ində. Zəlimxan Mingəçevirə gəldi, təxninən 15-20 nəfər Məhəbbət müəllimin dostları, tanışları, onun xətrini istəyən insanlar və o cümlədən mən Zəlimxanla birlikdə Oğuz rayonuna getdik. Orada gözəl bir yerdə Məhəbbət müəllimin yubileyini qeyd etdik. Zəlimxan orada odlu-alovlu çıxış etdi, Məhəbbət müəllimi, necə deyərlər, yüksək səviyyədə təriflədi. Zəlimxan Yaqub Məhəbbət müəllimin 50 illik yubileyində çox gözəl çıxış elədi, şeirlər oxudu. Biz həmin görüşü bu gün də xatırlayırıq. Məhəbbət müəllimin 50 illik yubileyində Zəlimxan Mingəçevirdə, necə deyərlər, bir tarix yazdı.
Doğrudan da, Məhəbbət müəllim hər cür tərifə layiq bir şəxsiyyət idi. Ali təhsilini başa vurduqdan sonra təyinatla Mingəçevirə göndərilmiş və burada uzun illər təhsil sahəsində çalışmış, əvvəlcə ibtidai, sonra isə orta məktəbdə direktor və Maarif şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışmışdı. Xalq arasında böyük nüfuzu və hörməti olduğuna görə, şəhər İcraiyyə Komitəsinin sədrinin humanitar məsələlər üzrə müavini vəzifəsinə irəli çəkilmişdi.
Doğrudan da, Mingəçevir gözəl şəhərdir. Mingəçevirin əhalisi əsasən ətraf bölgələrin hər yerindən – şəhər və rayonlarımızdan, eləcə də Gürcüstan və Ermənistandan gələnlərdən ibarətdir. Hamısı da insanlara qiymət verməyi bacaran adamlardır. Məhəbbət müəllimin burada çox böyük nüfuz və hörmət sahibi olmasını hər addımda görüb çox sevinirdik. Yeri gəlmişkən onu da deyim ki, Məhəbbət müəllim 1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq seçki nəticəsində Mingəçevir şəhər Sovetinin (indiki İcra Hakimiyyəti – red.) sədri seçildi. O zaman Azərbaycan Kommunist Partiyası mərkəzi komitəsinin namizədi həmin seçkilərdə Məhəbbət müəllimə uduzdu. Yəni ilk dəfə olaraq Azərbaycanda belə obyektiv seçki keçirildi və mingəçevirlilər qətiyyətlə öz seçimlərini etdilər, baxmayaraq ki, həmin vaxt Mərkəzi Komitənin 2-ci katibi Polyaniçko Mingəçevirə gəlmişdi və Məhəbbət müəllimi təhdid edirdi ki, sən namizədliyini geri götürməlisən. Ancaq Məhəbbət müəllim də qətiyyən onun qarşısından geri çəkilmədi və bildirdi ki, mənə nə də olsa, bu xalqın etimadını doğruldacam. Doğrudan da, xalq onu seçdi və Məhəbbət müəllim şəhərə uğurla rəhbərlik etdi.
Sonrakı illərdə mən Bakıya gəldim, 1992-ci ildə məni Binəqədi rayon şöbəsinə rəis təyin etdilər və Zəlimxan Yaqub yanıma, mənim iş yerimə gəlib təbrik etdi, bu təyinatdan sevindiyini bildirdi. Biz mütəmadi olaraq görüşməyə başladıq.
***
Zəlimxan elə bir insan idi ki, daim Azərbaycanın dilbər guşələrinə gedirdi. Azərbaycanın rayonlarını gəzməkdən doymaq bilmirdi. Mən ona məsləhət gördüm ki, sən respublikadan kənara da get, gəz, müalicə al. Ancaq o, nədənsə Azərbaycanda olmağı daha çox xoşlayırdı.
1993-1994-cü illərdə şair Qalaaltında müalicə alırdı. O zamandan elə böyrəyində problemlər var idi. Artıq Məhəbbət müəllim də Bakıda idi. Biz onunla Zəlimxan Yaqubun ziyarətinə getdik. Həmin vaxt təsadüfdən idi, ya nə idisə, rəhmətlik ustad aşıq Kamandar Əfəndiyev də Qalaaltında idi. Orada Zəlimxanla birlikdə müalicə alır, həm də istirahət edirdi. Biz Qalaaltıda münasib bir yerdə ziyafət təşkil etdik. Oturub, həm şairə, həm aşığa qulaq asmaq istədik. Gözəl bir tədbir keçirdik. Zəlimxan öz sazını aldı sinəsinə, Kamandarla bərabər çalıb-oxudular. Hamımız – Məhəbbət müəllim və mən, məclisdə iştirak edən digər yoldaşlar da çox feyziyab olduq.
***
Mən 1999-cu ildə müalicə ilə bağlı Yesentukiyə getdim, orada aldığım müalicədən razı qalmışdım. Qayıdıb gələndə Zəlimxanla görüşdüm və dedim ki, Zəlimxan, orada çox gözəl müalicələr var, sən də get, sağlamlığını bərpa elə. Dedi, yox, mən başqa yerə getmirəm, Azərbaycanda getdiyim yer Qalaaltıdır, əvvəllər isə İstisuya gedirdim, indi ora gedə bilmirəm.
Mən növbəti ildə – 2000-ci ildə Truskovesə getdim və orada doğrudan da həm müalicənin, həm də təbiətin çox gözəl olduğunu görüb, gələndən sonra Zəlimxana dedim: Zəlimxan, Ukrayna çox gözəl yerdir, ukraynalıların da bizə çox xüsusi hörmət və məhəbbətləri var. Növbəti ildə gəl, oraya müalicəyə gedək. Növbəti ildə bərabər ora getmək üçün Zəlimxanla razılaşdıq, ancaq səfər üçün dəqiqləşdirdiyimiz vaxt çatanda Zəlimxan dedi ki, yox, mən bu həftə gedə bilmirəm. Sən get, mən bir həftə sonra gələcəm. Həmim dövrdə Zəlimxan Milli məclisin deputatı idi, Millət vəkili kimi qayğıları çox olurdu. Ona görə də dedi ki, vacib işim var, mən o işləri görüb gələcəm. Növbəti həftədə biz Zəlimxanı gözlədik və bildirdi ki, gəlib, artıq Kiyevdədir. Həmin dövrdə də Azərbaycanın Ukraynadakı səfirliyində Məhəbbət müəllimin oğlu, həm də Zəlimxanın kürəkəni Rövşən Qarabağlı işləyirdi. Rövşən Zəlimxan Yaqubu qarşılayıb, səfirliyə aparıb. Səfirlə görüşüblər. Oradan mənimlə telefonla danışdı. Soruşdu ki, nə gətirim? Dedim, Zəlimxan, gələndə özünlə mütləq zontik götür. Çünki bura elə yerdir, gündə hava bir neçə dəfə dəyişir. Gah açılır, gah tutulur, gah yağış yağır, gah gün çıxır. Ona görə, mütləq zontik lazımdır. Getdiyin yerdə birdən-birə anidən yağış yağar, adam islana bilər. Dedi, yaxşı. Zəlimxan gəldi, onu qarşıladıq. “Xrustalnı dvores” deyilən bir müalicə mərkəzi var, gözəl yerdir. Orada Zəlimxana çox gözəl yer verdilər. Bildilər ki, Azərbaycan parlamentinin üzvüdür, deputatdır, şairdir, bir sözlə, hörmətlə qarşıladılar. Oranın görməli yerlərini göstərmək üçün Zəlimxana təklif etdim ki, turist gəzintisinə gedək, Karpat dağlarının gözəl yerləri var, gedib ziyarət edək. Həmin vaxt mənimlə birlikdə Ağsudan olan dostum Varis də müalicə alırdı. Bir də əslən Füzulidən olan Amil adlı dostumuz bizə təzə qoşulmuşdu. Amil Rusiyanın Barnaul şəhərində bizneslə məşğul olurdu, Almaniyada böyrəyindən əməliyyat olunduqdan sonra müalicəyə gəlmişdi, ona su içməyi məsləhət görmüşdülər. Beləcə, biz orada günlərimizi xoş keçirdik, onları da Zəlimxanla tanış etdim. Və razılaşdıq ki, filan günü gedək Karpat dağlarına, Zəlimxan o gözəl yerləri görsün və şeir yazsın. Həmin gün biz yenə nahara qədər müalicələrimizi aldıq, bütün prosedurları qəbul etdik, ondan sonra Zəlimxana dedim ki, saat 15:00-da gəzintiyə gedəsiyik. Vədələşdiyimiz vaxtda bulaq başında görüşdük. Varis, mən və Zəlimxan hazırlaşırdıq getməyə, dostumuz Amil soruşdu ki, hara gedirsiniz? Dedik, bəs, gəzintiyə. Amil əməliyyatdan təzə çıxmışdı, ona olmazdı getmək. Buna baxmayaraq təkidlə dedi ki, mən də gedirəm. Varis çox baməzə, hazırcavab oğlandır, dedi, Amil, ora gedəndə mütləq içmək lazımdır. Sənə də içmək olmaz. Amil dedi yaxşı, beş dəqiqə gözləyin, mən gəlirəm. Qaçdı korpusa, tez də qayıdıb gəldi ki, icazə aldım. Dedik, nə icazə? Cavab verdi ki, gedib girdim həkimin yanına. 50 dollar verdim, bir stəkan çaxır içməyə icazə verdi. Varis qəşş elədi, biz də güldük. Dedi, yüz dollar versəydin, bütün içkiləri işməyə icazə alardın. Varisin bu sözlərindən sonra hamımız yenidən gülüşdük. Belə sevinc içində avtobusla səyahətə getdik.
Səyahət, doğrudan da, Zəlimxanın xoşuna gəldi, orada müxtəlif yerlərdə – dağ başında, qayalıqlarda şəkil çəkdirdik. Zəlimxan da ki, təbiət vurğunu, gözəllikləri sevən bir insan idi. Təbiətin bu əsrarəngiz gözəlliyinə heyran olmuşdu. Həmin gəzinti zamanı Zəlimxanla çəkdirdiyimiz bir neçə şəkili bu gün də ən əziz xatirə kimi saxlayır və baxıb həmin Zəlimxanlı günlərimizi xatırlayıram.
Bir əhvalatı danışım zontiklə bağlı. Zəlimxana tapşırmışdım ki, səhər çıxıb prosedura gedəndə, aşağı düşəndə, nə bilim yuxarı çıxanda mütləq zontik əlində olsun. Truskavetsdə başqa azərbaycanlılar da var idi. Onların hamısı Zəlimxanın başına toplanırdı. Əlində əsa kimi uzun böyük, yaxşı zontik idi. Diplomat zontiki idi, onu Kiyevdə ona səfirlikdə hədiyyə etmişdilər. Zəlimxan da hara getsə, zontiki əlində gəzdirirdi. Amma tərslikdən Zəlimxan gələnə qədər gündə 2-3 dəfə yağış yağsa da, indi 4-5 gün idi ki, yağmırdı. Zəlimxan da dəqiqəbaşı mənə sataşırdı ki, bəs, yağış niyə yağmır. Onu da deyim ki, Zəlimxanla aramızda zarafatımız var idi. Bəlkə də mən yeganə adam idim ki, qohumların, dostların içində Zəlimxanla zarafat edirdim, o mənə sataşırdı, mən də ona. İndi də tez-tez mənə zarafatla deyirdi ki, bu zontiki mənə niyə aldırmısan? Bəs, hanı yağış? Cavab verirdim ki, burda gündə 2-3 dəfə yağış yağır. O da deyirdi, bəs indi hanı? Mən də pis vəyiyyətdə qalırdım, axı mən neyləyim ki, indi yağmır. Günlərin bir günü yenə zontiklə yuxarıdan aşağı düşdük. Dedim, dönək, orda kafe var, çay içək, söhbət edək. Varisdi, mənəm, şairdir. Dedi, yaxşı, siz gedin orada yer eləyin, mən də gəlirəm, düşüm aşağıda bir az gəzinim. Zəlimxan gəzməyi çox sevirdi. İndiki kimi yadımdadır, 2004-cü ilin iyul ayı idi.
Nə isə, Zəlimxan düşdü aşağı, biz gedib kafedə yer danışdıq. Bir də gördük, göyün üzünə qara buludlar gəldi, göy guruldadı. Dedim, ay Allah sənə qurban olum, Zəlimxanın yanında utandırmadın bizi. Zəlimxan da gəldi, dedim, bu saat yağış yağacaq. Bir azdan hamı qaçdı içəriyə, biz də içəri keçdik. Zəlimxana dedim, gəl, gəl, yağış başladı. Şıdırğı yağış yağmağa başladı. Zəlimxan zontikini içəridə qoyub, çölə çıxdı. Əllərini göyə qaldırıb, dedi, ey Allah, nur yağır. Camaat ona baxırdı ki, bu nə olan şeydir, yağış yağır, amma bu çıxıb yağışın altında dayanıb. Özü də əllərini göyə qaldırıb, Allaha müraciətlə danışır. Orda Zəlimxana təəccüblə baxanların əksəriyyəti ukraynalılar və xaricilər idi. Mən onlara dedim ki, o, şairdi, yağışın yağmasına sevinir. Onlar da gülüşdülər. Sonradan isə şairə başqa gözlə baxdılar ki, bu şair böyük adamdır, gözəl adamdır.
Sonrakı illərdə Zəlimxana dedim ki, Yesentukidə çox yaxşı müalicə yerləri var, get, orada müalicə olun. Haradasa, 2005-ci il idi, Zəlimxan Milli Məclisdə deputat idi. Zəlimxan getdi ora. Gedərkən ona dedim ki, bizim yerlimiz, dostumuz Eldar Əliyev Yesentukidə polis polkovnikidir, deyərəm, səni qarşılasın. Sağ olsun, Eldar da onu necə lazımdırsa, elə də qarşılamışdı.
Eldar şairi öz dostları ilə də tanış etmişdi.
Yesentukidən qayıdandan sonra Zəlimxanla Bakıxanov qəsəbəsində bir yas yerində görüşdük. Mən Məhəbbət müəllimlə getmişdim, şair ona dedi ki, məni Yesentukiyə göndərən qardaşım Elşaddır. Camaat da elə bildi ki, Zəlimxanın təyyarəyə gediş-dönüş biletini almışam, digər xərclərini çəkmişəm. Amma bütün xərcini Zəlimxan özü çəkmişdi. Mən sadəcə Yesentukiyə getməsini məsləhət görmüşdüm.
Şair Yesentukidən çox razı gəlmişdi, həm müalicəsi, həm də istirahəti çox səmərəli keçmişdi.
***
Zəlimxanın qeyri-adi istedadı o dövrdə Ulu öndər Heydər Əliyevin nəzər-diqqətini cəlb eləmişdi. Ona dəstək oldu, onu özüylə Məkkəyə apardı. Məkkədən qaydanda Zəlimxan danışırdı ki, Ulu öndər Heydər Əliyev təyyarədə bizi öz masasının ətrafına dəvət etdi və soruşdu ki, təəssüratlarınız necə oldu? Zəlimxan Yaqub orda Heydər Əliyevə Məkkədəki hisslərini şeiriylə bildirib. Heydər Əliyev də buna çox yüksək qiymət verib.
Onu da deyim ki, Heydər Əliyev Zəlimxan Yaquba xüsusi diqqət yetirirdi. Təsəvvür edin ki, yerin altında olan qızıl külçəsini çıxarıb cilalayırsan, təmizləyirsən, sonra onu cəmiyyətə təqdim edirsən. Mən elə hesab edirəm ki, Zəlimxan Yaqubun həyatında Heydər Əliyevin belə bir rolu oldu. Zəlimxan Yaqub iki çağırış Milli Məclisin üzvü oldu, bir çox adamlara əlindən gələn köməkliyi elədi.
1998-ci ildə, onda Zəlimxanın hələ heç 50 yaşı da yox idi, Heydər Əliyev onun o zamankı Respublika Sarayında – indi özünün adını daşıyan möhtəşəm Sarayda keçirilən yaradıcılıq gecəsinə gələrək tədbirdə sonadək istirak etdi. Tədbirin sonunda isə pərdə arxasına keçib, Zəlimxanı təbrik etdi, ustad aşıq Kamandar Əfəndiyevlə səmimi görüşdü, şairin yaradıcılıq gecəsindən razı qaldığını bildirdi. 50 illik yubileyi münasibətilə onu “Şöhrət” ordeni ilə təltif etdi.
***
Xalq doğrudan da onu çox sevirdi. 50 illik yubileyi ərəfəsində Gürcüstana getdi, Marneuli, Bolnisi və Qardabani rayonlarında möhtəşəm yubiley tədbirləri keçirildi. O zaman Gürcüstanın baş naziri Z.Jivaniya şairi təbrik edib və ona “Şərəf” ordeni təqdim etmişdi. Onda Zəlimxana “Şərəf” ordeni ilə bərabər, gürcülərin sağlamlıq simvolu olan 2 dənə böyük kəl buynuzu hədiyyə etmişdilər. Zəlimxan oradan – Gürcüstandan qayıdandan sonra mənə zəng elədi, şənbə günü idi. Soruşdu ki, Elşad, hardasan? Dedim, işdən çıxıb, evə gedirəm. Dedi, bizə gəl. Dedim, ay Zəlimxan, bəlkə, sabah gəlim. Dedi, Gürcüstandan indi gəlmişəm, gəl bizə. Dedim, onda gedək bir yerdə çörək yeyək. Dedi, yox, Sahibə bacın yemək hazırlayıb, bizə gəl. Gəldim, gördüm Sahibə xanım gözəl süfrə açıb, Zəlimxan da məni gözləyir. Görüşdük, onu yubileyi münasibəti ilə bir daha təbrik elədim! Qısa söhbətdən sonra mənə dedi, bir dön, qapının üstünə bax. Dönüb baxanda qapının üstündə iki dənə kəl buynuzu gördüm. Gülə-gülə dedi, Gürcüstanda bu buynuzları mənə verəndə dedim ki, Bakıya çatan kimi bu buynuzla qardaşıma çaxır içirdəcəm. Dedim, ay Zəlimxan, bu buynuzların biri iki litr çaxır tutur, mən bunu içə bilmərəm. Təkid etdi ki, bu, mənim arzumdur, içməlisən. Gürcüstandan yaxşı çaxır gətirmişdi, buynuzu doldurdu. Dedi, bunu mütləq içməlisən, özü də yerə qoymadan, birnəfəsə içməlisən. Bax, beləcə, o çaxırı içirtdi mənə Zəlimxan.
***
Zəlimxan doğrudan da təbiətən şair idi, Allah onu şair yaratmışdı. Zəlimxanın o qədər böyük ürəyi var idi, o qədər böyük qəlbə sahib idi ki, orda hər kəsə yer vardı. Onun ən gözəl xüsusiyyətlərindən biri də qeybət bilməməsi, daha doğrusu, heç zaman qeybət etməməsi idi. Hər bir insanda, hər şeydə bir gözəllik axtarırdı, ancaq gözəllik!
Gənc şairlərə hər zaman arxa-dayaq idi. Ona görə gənc şairlər Zəlimxanı çox istəyirdi, tez-tez onun görüşünə gəlirdilər. Bilirdi ki, gənc şairlərin çətinlikləri var. Onların hamısına yardımçı olurdu, problemlərinin həllinə kömək edir, ciblərinə pul qoyurdu. Bunların böyük əksəriyyəti mənim gözümün qabağında baş verib.
***
Zəlimxanın bir maraqlı şakəri də var idi – maşının arxasında, yük yerində həmişə nərd gəzdirirdi. Nərd oynamağı çox sevirdi. Ancaq təsəvvür edin ki, nərd oynayanda yekin yerinə şeş, sənin yerinə pənc oyna, belə şeylərə baxmırdı. Zəri atırdı, mən onu hiss edirdim ki, fikrində, daxili aləmində o, yenə də şeir yazır. Yəni belə bir istedadlı adam idi, qeyri-adi adam idi.
Zəlimxan lətifə danışmağı çox xoşlayırdı. Özü də da ürəkdən danışırdı, sevgiylə danışırdı, gözəl danışırdı.
***
2008-ci ildə Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədri seçildi. Həmin ilin avqust ayı idi, Zəlimxan bizi İsmayıllı rayonunun Basqal kəndində tikdirdiyi evinə dəvət etdi. Məhəbbət Qarabağlı və görkəmli ictimai-siyasi xadim, böyük alim, zəmanəmizin çox böyük şəxsiyyəti Həsən Həsənovla birlikdə Basqala Zəlimxanın evinə qonaq getdik. Evi gözəl mənzərəli yerdədir. Zəlimxan bizi gözləyirdi. Süfrə arxasında oturub orada çörək yedik, çay içdik, gözəl söhbətlər elədik. Zəlimxan şeirlərindən oxudu, Həsən müəllim xatirələrindən danışdı. Gözəl bir gecə keçirdik.
***
...1998-ci ildə Milli təhlükəsizlik nazirliyinin 80 illiyi idi. Nazir, general-polkovnik Namiq Abbasov məni yanına çağırıb dedi ki, bəs, Nazirliyin yaranmasının 80 illiyinə həsr olunmuş tədbir keçirəcəyik, istəyirik ki, həmin tədbirdə Zəlimxan Yaqub da iştirak etsin. Sonradan məlum oldu ki, bu təklifi ulu öndər Heydər Əliyev özü verib ki, Zəlimxan Yaqub tədbirdə bir ziyalı kimi iştirak etsin. Mən artıq həmin vaxt nazirlikdə işləyirdim və tədbirdə iştirak edirdim. Namiq Abbasov hesabatla çıxış elədi. Sonra Heydər Əliyev çıxış elədi, öz təkliflərini, iradlarını bildirdi. Daha sonra söz Zəlimxan Yaquba verildi. O, özünəməxsus odlu-alovlu çıxış elədi. Təhlükəsizliyə aid məsələləri şeirlə dedi, Səməd Vurğunun “Ceyran” şeirinə çox gözəl təhlil verdi. Mən orda Heydər Əliyevə diqqət elədim. Zəlimxan çıxış etdikcə, o, gülümsünürdü. Yəni Zəlimxan Yaqub ürəkdən o qədər odlu-alovlun danışırdı ki, Heydər Əliyev də onun çıxışını çox böyük maraqla izləyirdi.
***
Digər bir xatirəni də yada salmaq istəyirəm. Şair İsa İsmayılzadə həm mənim qohumum, həm də çox istədiyim adam idi. Biz onu ömrünün son günlərində Gürcüstana apardıq, özü də ağır vəziyyətdə apardıq, elə həmin gün də Qardabanidə öz evində dünyasını dəyişdi. Həmin vaxt dəfndə iştirak etmək üçün dostum Məhəbbət Qarabağlı, böyük alim, filosof Camal Mustafayev və Zəlimxan Yaqubla birlikdə mənim maşınımda getdik Gürcüstana. O səfər də gözəl, böyük tarixi bir səfər oldu. Gederkən yolda çay içmək, çörək yemək üçün dayandıq. Camal müəllim dedi, siz oturub çayınızı için, çörəyinizi yeyin, mən bir az gəzinim. Mən bilirdim ki, Camal müəllim, yolda heç vaxt nə çörək yeyir, nə çay içir. Ona görə də Camal müəllimi çox gözlətməmək üçün biz də tezcə çay içib yolumuza davam etdik. Mənzilbaşına çatdıq, Camal müəllimi aparıb evlərinə – qardaşıgilə düşürdüm. Mən, Məhəbbət müəllim və Zəlimxan Yaqub isə bizim ata ocağına gəldik. O zaman artıq atam rəhmətə getmişdi, anam sağ idi. Qardaşım Musa tez yemək hazırlatdı, süfrəyə oturub çörək yedik, çay içdik. Artıq axşamdan xeyli keçdiyindən, yatdıq. Üçümüz də bir otaqda yatırdıq. Gecənin bir vaxtı, təxminən gecə saat 3-4 olardı, səsə oyandım. Baxıb gördüm ki, Zəlimxan otaqda işığı yandırmadan, axşamdan yanında qoyduğu dəftəri aldı əlinə, qaranlıqda nəsə yazmağa başladı. Məhəbbət müəllim də oyandı, ikimiz də təəccüblə ona baxırdıq. Zəlimxan isə bizə fikir vermədən nəsə yazdı, sonra yatdı.
Səhər oyananda bu barədə şairə dedim, təəccübümü gizlədə bilməyərək soruşdum ki, şair, bu nə məsələdir belə? Dedi, bu, məndən asılı deyil, belə hallar çox olur, elə ki, şeir gəldi, həmin anda da yazılmalıdır. Və mən onda bir daha əmin oldum ki, Zəlimxan bəzi şairlər kimi, hıqqana-hıqqana şeir yazmır, şairlik onda Allah vergisidir.
Səhər çay-çörəkdən sonra gedib dəfn mərasimində iştirak etdik. Allah rəhmət eləsin İsa İsmayılzadəyə, Qardabani rayon qəbirstanlığında dəfn olundu.
Dəfndən sonra Məhəbbət müəllimlə Zəlimxan dedilər ki, gedək Kəpənəkçiyə, el-obamıza da baş çəkək, oradan da gedək Armudluya, bulaq başına – Göy bulağın üstünə. Məhəbbət müəllim qohumlarına xəbər elədi, onlarla birlikdə Başkeçidin Armudlu kəndinin üstündəki Göy bulağa getdik. Çox axar-baxarlı, gözəl bir yerdə yerləşir bu bulaq. Bu bulağın adı niyə görə “Göy bulaq”dır? Baxırsan, suyu göy rəngdədir, amma stəkanı götürüb içəndə görürsən, süd kimi dümağdır. Özü də, buz kimi sudur, amma nə qədər içsən də, nə boğazın ağrıyır, nə də hər hansı bir narahatlıq hiss eləyirsən. Əksinə, bu sudan içəndə adam yediyini də tez bir zamanda həzm edir. Biz ora çatan kimi qohumlar tez quzu kəsdilər, üstəlik Armudluda təbii dağ sularından tutulmuş 3-4 kilo dağ fareli aldıq, onu qızartdılar. Gözəl süfrə açıldı. Yaddaqalan bir gün yaşadıq.
***
Zəlimxan doğrudan da qeyri-adi bir şair idi, qeyri-adi bir istedad sahibi idi.
Heyif ki, çox qısa yaşadı, cəmisi 66 il ömür sürdü. Ömrünün son bir neçə ilini xəstə oldu, amma yaradıcılığından əl çəkmədi.
O, bir fenomen idi. Bu gün Zəlimxan fenomeni Azərbaycan xalqının yaddaşındadır, qəlbindədir. Sağlığında olduğu kimi, bu gün də ən çox oxunan, ən çox sevilən şairlərdəndir. Onun tədqiqatçısı, əksər kitablarının tərtibatçısı və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bu gün də böyük fədakarlıqlar göstərərək əsərlərini, haqqında yazılmış məqalə və şeirləri kitab halında nəşr etdirir. Zəlimxan Yaqubun dünyasını dəyişməsindən keçən bu illər ərzində həm öz əsərlərindən, həm də barəsində yazılmış elmi-publisistik yazılardan ibarət bir neçə kitab nəşr etdirib. Onun bu yöndə gördüyü işlərin nə qədər çətin və məsuliyyətli olduğunu yaxşı bilirəm. Belə bir işin altına çiyin vermək özü bir igidlikdir. Bu, təkcə Zəlimxan Yaquba və onun ədəbi irsinə xidmət kimi deyil, həm də bütövlükdə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə xidmət kimi dəyərləndirilməlidir. Bu təmənnasız və fədakar işinə, Zəlimxan Yaquba olan sonsuz sədaəqtinə görə mən Musa müəllimə xüsusi təşəkkürlərimi bildirirəm.
Zəlimxanın cismən aramızda yoxluğu hər birimizə çox böyük təsir edir, onun şaqraq gülüşü, səmimiyyəti, mehribançılığı, ürəkdən deyib-gülməsi, hərdən şaqqanaq çəkməsi heç vaxt yadımızdan çıxmaz.
Zəlimxan Yaqubun simasında mən həyatda ən əziz dostumu, qardaşımı itirmişəm. Allah rəhmət eləsin. Ruhu şad olsun.
Elşad HƏSƏNOV,
DTX-nın ehtiyatda olan polkovniki,
Qarabağ müharibəsi veteranı