Ismayil Umudlu
Bu gün Davud Nəsibin doğum günüdür. Vaxt olub, onunla həmsöhbət olmuşam, bir qəzetçi jurnalist kimi bu maraqlı ədəbiyyat adamını söhbətə tutmuşam. Ürəyindən keçənləri özünəxas səmimiliyi ilə dilə gətirib. Unudulmayan bir müsahibə alınıb. Mən Davud Həsibi ikicildliyində oxumuşam. Söz yox, bənzərsiz şairdir. Mənə görə isə ondakı dağlar motivi öz poetik səviyyəsinə görə son dərəcə cəlbedicidir.
Uşaqlığı və gəncliyi bu mühitdə keçən, bütün bunları bir zaman yaşamış olan Davud Nəsibin (1942-2003) “Dağ köçü” və “Aran köçü” mənzumələri quru etnoqrafik deyil, əslində araba ilə mal-heyvan sürüsünü müşayiət etməklə, düşərgədən düşərgəyə tədrici hərəkətin poetik təsviridir. İndi bunlar uzaq keçmişdə qalıb:
Hanı o Köç yolu?
Olmayıb, demə!
Bunu kim andırar, bunu kim bilər?
Hər payız gələndə mənim qəlbimə
Dolana-dolana Köç yolu gələr...
Uşaqlıq və gənclik illərində demək olar hər yay mövsümünü keçirdiyi, sonralar da dəfələrlə dincəldiyi Qazax yaylaqlarının təbiətinin Davud Nəsibə də güclü sirayət etdiyini görürük. Onun dağlar motivli şeirlərində obrazlar yenidir. Onun bu motivli şeirlərində dağa çatanda Aranı, Aranın istisində dağı arzulayan, dağ təbiətinin biçimlədiyi insan var, Davud Nəsibin düşüncəsində hətta şeirləri şairlərə dağlar pıçıldayır. “Dağlar danışsaydı”, “Dağlara qar düşübdür”, “Dağlar oğlu”, “Dağların qoynunda”, “Dağlar yaxın olanda”, “Puşkin aşırımı”, “Dağlar yadıma düşdü”, “Dağlar kimə qaldı”, “Şair təbiət”, “Dağları gətirdin mənə” kimi poetik örnəklərdə bunu görürük.
... Bir dəfə Qazaxda dincələndə piyada və düşüncəli halda Xanlıqlar kəndi istiqamətinə yollanıb, oradan keçib... qarşısına bizim əsgər və zabitlər çıxıb.. Onu tanıyıblar... Hara lazımdırsa müşayiət edək deyiblər... Mənə Dilicanı verin, deyib... Zabitlər başlarını aşağı dikib bir söz deməyiblər... Handan-hana biri dillənib "Şair, bir az səbr et" deyə bilib...
Unudulmaz şairimizin doğum günündə onu yad edərkən deyə biləcəyim budur: Davud Nəsibin dağları, Dilican yörəsi yenə Qazağın olmalıdır, bizim olmalıdır! O zaman onun da ruhu şad olar.